Heyvanıstan - Corc Oruell
“On iki səs əsəbiliklə mübahisə edirdi. Bu səslərin hamısı bir-birinə
bənzəyirdi. Donuzların sifətində baş verən dəyişikliyin səbəbi heyvanlara
yalnız indi aydın oldu. Heyvanlar təəccüb dolu baxışlarını donuzlardan
insanlara, sonra isə təkrar insanlardan donuzlara çevirirdilər. Gözlərini zilləyib
dönə-dönə baxırdılar. Lakin artıq onları biri-birindən fərqləndirmək, kimin kim
olduğunu soyləmək mümkün deyildi”
Bu əsər son vaxtların olduqca oxunan, müzakirə edilən və dəyərləndirilən
əsəridir. Mən də tanış olmağa qərar verdim və topladığım məlumatlar da mənə
deyirdi ki, bu əsəri bəyənəcəm. Alleqoriya və oun tipində olan əsərləri həmişə
sevmişəm. Məsələn Alisa möcüzələr diyarında. Lewis Carroll dövrünün İngiltərəsini
tənqid etmək üçün belə bir əsər yaratdı və olduqca uğur qazandı. Odur ki, Corc
Oruelli də bu qəbildən yazıçılardan hesab etmək olar.
Janr etibariyla sosial fantastika, xəbərdaredici roman,
antiutopiyadır.
Heyvanıstan bir antiutopiya kimi əslində dünyanın real təsvirini göstərir.
Elə hesab edirəm ki, əsəri yaşda kiçik olanlara da oxutdurmaq lazımdır. Bəlkə də
həmin an onlar bunu başa düşməsələr də, ilkin mesajları beyinləri yadda
saxlayacaq və gələcəkdə lazım olduqda istifadə edəcək. Uşaqları kiçik yaşdan
düşünməyə yönləndirmək lazımdır, əzbərləməyə deyil. Eləcə də böyükləri. Yəni
yaş fərqi olmadan hamı oxumalıdır məncə.
Corc Oruell |
Əsər sovet ittifaqının Stalindən başlayaraq totalitar siyasi
sistemini əks etdirir. Ferma heyvanlarının timsalında hakimiyyətin necə kütləni
istismar etdiyini, haqlarının pozulduğunu və yavaş-yavaş əvvəlcədən müəyyənləşdirilmiş
qanun-qaydaları necə dəyişdirdiyini çox gözəl təsvir olunub.
Sovet ittifaqının tarixini azdan çoxdan bilənlər, o dövrdə yaşayanlar
və o dövrlə maraqlananlar üçün məncə gözəl qaynaqdır.
“Nəticəsi nə oldu? Utopiya antiutopiyaya çevrildi. İnqilab öz
balalarını yedi. Nəcib ideyalar bayağılaşdı. Ümumi bərabərlik əksəriyyətin lap
az, kiçik bir qismin isə daha çox bərabər olması prinsipi ilə əvəzləndi. Böyük
həmvətəni Tomas Mordan dörd yüz il sonra Corc Oruell özünün "Heyvanıstan"
və "1984" romanları ilə utopiyanın antiutopiyaya çevrilməsinin parlaq
nümunəsini yaratdı. Xəbərdarlıq mahiyyəti daşıyan bu kitablar rəmzlər,
simvollar, ümumiləşdirmələr vasitəsi ilə min illər boyu bəşəriyyətin başlıca
iztirab mənbələrindən biri olan totalitar təfəkkürün və onun ən acı bəhrələrindən
sayılan stalinizmin (eləcə də digər izmlərin) mahiyyətini hər hansı elmi
araşdırmadan daha dəqiq və yaddaqalan şəkildə dünyaya və insanlara göstərdi –
Vilayət Quliyev”
Comments
Post a Comment