Tuesday, 31 March 2015

Nişangahdakı ruhumuz

Müəyyən müddətdən sonra insanın simasında uşaq yaşlarından bəri mövcud olan ilahi parıltı yoxa çıxır. Çünki bizi öldürürlər. Hərbi təlimlərdəki kimi ruhumuzu nişangah hesab edib ona odlu silahlarla çoxlu atəş açırlar və güllələr hədəfə dəyir. Bəs yaxşı bizi öldürmək istəyənlər kimlərdirlər? Nə istəyirlər? Əgər ölmüşüksə, dirilə bilərikmi? 

Atəş açanlar sırasında bizim özümüz də varıq. İnsan ruhunu qaranlıq və üfunətli həbsxanada həbs etməyə, hansısa dərinlikdə qazıb gizlətməyə meyillidir. Özümüzlə tək qalmaqdan imtina etdiyimiz gündən etibarən ruhumuzun səsini və müstəqil düşüncəmizi kənar təhriklər üzündən özümüzə yadlaşdırdıq. 

Monday, 30 March 2015

Boyhood - Отрочество

İlk öncə uşaq, sonra yeniyetmə, daha sonra isə gənc Meysonun 12 illik həyatını əks etdirən film bizlərə onun məktəbə getdiyi ilk gündən kollecə getdiyi ilk günə qədərki həyat yolunu göstərir. Kinematoqrafiyada xüsusi yer tutan bu film reallığa açılan pəncərə kimidir. 12 ilə insanın necə dəyişdiyini, dəyişdikcə nələr hiss etdiyini, nələrdən keçib gəldiyini görürük. Ani döngələr və ya qeyri-adi hadisələrə gözləməyə dəyməz. Çünki Meyson adi insandır. Filmdə özümüzü görməmək sadəcə mümkün deyil. 

Sunday, 29 March 2015

Aleksey Birger - Şüşəüfürən

Aleksey Birger

Orijinal adı: Алексей Биргер - Стеклодув

Aleksey Birger - Məşhur rəssam Boris Birgerin oğlu olan Aleksey Birger uşaq yaşlarından atasının mərkəzdə olduğu yaradıcıllıq elitasının içində böyümüşdür. Teatr Akademiyasını bitirən Aleksey Birger, kino və teatr tarixindən mühazirələr oxumuş (bəzi Braziliya universitetləri də bu sıraya daxildir) və uşaqlıqdan tanıdığı gənc yazarlarla ünsiyyətdə olmağa üstünlük vermişdir. 1992-ci ildə çapdan çıxan "Kino sənəti" adlı əsəri dünya miqyasında tanındı. Alekseyi Avropaya məşhurlaşdıran bir məqam da var: onun gündəliklərində Henrix Böllün SSRİ-yə gəlişinin ətraflı təsviri var idi və nəticədə 1999-cu ildə Almaniyada bu motivli sənədli film çəkilir: "Henrix Böll: Qırmızı ulduz altında." Bu sənədli film Almaniyanın 1999-cu il üçün ən yaxşı sənədli film adına layiq görülür. 

Saturday, 28 March 2015

Yevgeniy Zamyatin - Biz - 2-ci hissə


Yazının 1-ci hissəsini oxumaq üçün tıklayın

"Biz" əsərinin bizə təqdim etdiyi fəlsəfi baxış bucağı olduqca düşündürücüdür. Bir məqamı isə xüsusiylə başa düşmürəm: digər resenziyalarla tanışlığım nəticəsində gördüm ki, bəzi oxucular əsəri olduqca absurd və fraktal adlandırırlar. Bəli əsər fraktal (dağınıq? mürəkkəb) xüsusiyyətə malikdir, amma niyə absurd? Niyə oxucular bu sualı verirlər: görəsən belə bir şey həqiqətən də ola bilərmi? Niyə də olmasın axı?! Gözlərin azacıq açılması və beyinin azacıq işləməyə başlaması bizə günümüzdə baş verən bütün hadisələrin məntiqi nəticəsini göstərir: dünya üzrə dilindən, dinindən, irqindən, yaşadığı ölkədən və ideallarından asılı olmadan müxtəlif bioloji məlumat mərkəzləri yaradılır. Gün keçdikcə insanlar haqqında hər şey şəffaflaşır. Bizi idarə edənlər bizim haqqımızda hər şeyi bilmək istəyirlər. Bütün bu sosial şəbəkələr və bürokratiya bizim idarə olunmağımız üçün münbirt şəraitdir. Hər şey planlaşdırılmalı, ölçülüb biçilməli və şəffaf olmalıdır. Bəyəm bütün bunlar Zamyatinin dünyası ilə ziddiyətmi təşkil edir? Numerlər? Siz bankda növbəyə dayanırsınız və sizin nömrəniz olur. Siz müvəqqəti olaraq Həsənov Şamil yox 134 nömrəli müştəri olursunuz. Yaxud da, kimlərsə ağıllı idarəedicilər daima bizi hipnoz edir. Bəyəm bütün bunlar günü bu gün mövcud deyilmi? Müasir konspirativ nəzəriyyələrlə də tanış olmaq olar ki, onların da kökündə yatan ideyaların "Vahid Dövlət" ideyası olduğunu görmək mümkündür. 

Friday, 27 March 2015

Yevgeniy Zamyatin - Biz - 1-ci hissə

Əsərdə totalitar rejim və ona məcbur şəkildə tabe olan insanlar əks olunmuşdur. Əgər antiutopik əsər oxumağı sevirsinizsə, Oruelin (“1984″, 1949) və Xakslinin (“Cəsur Yeni Dünya”, 1932) yaradıcılığına təsir etmiş bu roman (1920) da sizin diqqətinizi cəlb edəcək.  Zamyatinin dünyasında individuallıq, məxfilik anlayışları yoxdur: burada insanların adları yox, nömrələri var; daha doğrusu burada elə insanlar insan yox, numerlər adlanırlar. “Vahid Dövlət”-in numerləri hər gün eyni saatda oyanır, eyni paltarları geyinir, müəyyən olunmuş sayda hərəkətlər edərək dişlərini fırçalayıb, işə yollanırlar. Hətta intim həyatları da nəzarət altındadır. Bu dövlətdə valideynlər onlar haqqında xəbərçilik edə biləcək uşaqlarından da, düşünməkdən də qorxur (elfecin.com).

Thursday, 26 March 2015

Nə vaxtsa ağlıma gəlməzdi...


Nə vaxtsa ağlıma gəlməzdi. Bəli bəli nə vaxtsa ağlıma belə gəlməzdi ki, mən böyüyüb başa çatdığım evin pəncərəsindən ətraf küçələrə baxanda hansısa qlobal problemlər, gələcək haqqında fikirlər, ümidlər, planlar, qayğılar, içimdəki boşluq hissini doldurmaq, özümü axtarıb tapmaq, arzularıma nail olmaq kimi məsələlər haqqında düşünəcəm.

Wednesday, 25 March 2015

Leviafan - Левиафан

Biri var idi, biri yox idi. Gözəl və sakit təbiətin qoynunda, hansısa şimal rus şəhərciyində özünə ev və iş yeri yaradan Nikolay adlı adi bir insan yaşayırdı. Haradansa qeybdən, çox çox uzaqlardan Kolyanın həyatına görünməyən, çox güclü bir əl müdaxilə edir. Bu əl onun əlini sıxmaq istəmir, bu əl onun bədənindən də böyükdür və onu əzmək istəyir. Bununla da Nikolayın taleyi barəsində narahatlıqları başlayır. Nə allah, nə müaisir hüquq sistemi, nə "dostlar"-ı, nə də təbiət ona kömək etmək iqtidarında deyil. Hərgah alkoqol tanrısı onu uyuşdururdu və onun latent intihar vəziyyətini ört-basdır etmək istədi, yenə də xaos tanrısı qalib gəldi. Onun ruhu artıq ölmüşdü. Qəhrəmanımız öz haqqını, zəhmətlə tikib qurduqlarının haqqını layiq olduğu kimi almaq istəyirdi. Biznes tanrısı daha aqressiv oldu və öz qulunu - siyasət mələklərini işə qoşdu, qan qoxusu ətrafa yayıldı. Qorxulu olduğuna görə nağılımız uşaqlar üçün deyil. Uşaqlara isə biz onların aşağı yaşlarından etibarən sadə bir qanunu öyrətməliyik: tanrılarla mübarizə, münaqişə və hətta müzakirələr belə qanla bitir. Nikolay allahın harada olduğunu soruşur. Yazıq bilmir ki, bütün bu oyunlar əslində allahların oyunlarıdır. Göydən üç alma düşdü: biri Nikolayı əzdi, biri onun evini, digəri də məni...

Monday, 23 March 2015

Zəfəranın rəngi - Цвет шафрана

İngiltərəli jurnalist Syu Hindistana gəlir ki, babasının gündəliyinə əsasən ingilis müstəmləkəçilərinə qarşı mübarizə aparmış hind mücahidləri haqqında sənədli film çəksin. Maliyyə vəsaitinin çatışmazlığına görə o, professional aktyorlarla deyil, tələbələrlə işləməyə məcbur olur. İlk vaxtlarda yığılmış komanda layihədə iştirak etməyə heç də böyük həvəs göstərməsələr də, vaxt keçdikcə dövrün problemlərinə daha da yaxından qərq olurlar. Onlar başa düşürlər ki, yüz il ərzində vətənlərində çox az şey dəyişib. Nəticədə onlar öz hüquqları uğrunda öz mübarizələrini başladırlar. 

Thursday, 19 March 2015

Arkadiy və Boris Struqatskiy qardaşları - Dünyanın sonuna milyard il qalmış

Kitabın rus dilində adı: Аркадий Стругацкий, Борис Стругацкий - За миллиард лет до конца света

Təqdimat


SSRİ-nın fantastika məktəbinin məşhur və layiqli nümayəndələri olan Struqatskiy qardaşlarının "Dünyanın sonuna milyard il qalmış" əsəri bizlərə alternativ paradiqma təklif edir. Artıq uzun illərdir ki, bəşəriyyət öz sonu haqqında saysız-hesabsız proqnozlar, nağıllar və ssenarilər tərtib edir. Bunların çoxusu da oxşar motivli və nəticəlidir. Struqatskiy qardaşları isə görünməyəni görünən edərək, əvvəllər bilmədiklərimizə işıq salmağa çalışmışlar. Bəşəriyyətin nəzarətsiz olmadığını və bilmədiyimiz mexanizmlər haqqında tezisləri müdafiə edirlər. Odur ki, "Dünyanın sonuna milyard il qalmış" əsəri olduqca maraqlı formatda olan və informativ elmi-fəlsəfi fikirlər spontaniyasıdır. Bir-birini əvəz edən illər əsəri daha da qiymətli edir. 

Wednesday, 18 March 2015

Corc Oruell - Yaşasın fikus!

Kitabın rus dilində adı: Джордж Оруэлл - Да здравствует фикус! (Да будет фикус)
Kitabın ingilis adı: George Orwell - Keep the Aspidistra Flying

Şair ac olmalıdır? Dahilər bəyəm mütləq meşşan həyatın rahatlığını ifşa etməlidirlər? Yaxşı təminat, məişət rahatlığı və material əmin-amanlıq həqiqi istedadı öldürür? Gənc ədib Qordon Komstok bütün bu həqiqətləri müqəddəs və sarsılmaz hesab edir. O, sadəcə xoşbəxtliyi və əmin-amanlığı axtarmamaqla kifayətlənmir, o, onlara müharibə elan edib. Tale Qordonla çox ağır zarafat edir. Bir gün isə o, sadə bir qıza sadəcə aşiq olur. Beləliklə onun yaradıcıllığının məhvinə, yaxud da adi insani xoşbəxtliklərə aparan çətin yolu başlayır...

Saturday, 14 March 2015

Mo Yan - Şərab ölkəsi

Kitabın ingilis dilində adı: Mo Yan - The Republic of Wine
Kitabın rus dilində adı: Мо Янь - Страна вина      
                

                                   Süjet və ümumi ab-hava 


Çin. Ötən əsrin 90-cı illərinin əvvəlləri. Çzyüqo adlı şəhərə dedektiv Din Qouer təşrif buyurur ki, yayılmış bəzi xəbərlərin doğru olub olmadığını araşdırsın. Belə ki, deyilənə görə yerli məmurlar aşbazlara balaca uşaqları bişirtdirərək yeyirlər. Bununla əlaqədar Çzyüqoda artıq "ətlik körpə" sənayesi əməlli başlı inkişaf etməkdədir. Din Qouerlə paralel olaraq yazıçı Mo Yan Çzyüqonun yerli yazıçısı və şərabçı Li İdou adlı bir nəfərlə yazışır. Li İdou da öz növbəsində yazıçıya poçt vasitəsiylə Mo Yanın personajı olan Din Qouerlə əlaqəli, lakin reallığı qeyri-müəyyən, absurd və mistik olan müxtəlif kiçikhəcmli hekayələr göndərir. Nəticədə romanda müxtəlif maraqlı obrazlar və hadisələr yaranır. 

Monday, 9 March 2015

Masqaraçı quşunu öldürmək


Filmin ingilis dilində adı: To Kill a Mockingbird

Filmin rus dilində adı: Убить пересмешника

Masqaraçı quşu ən zərərsiz quşdur. O bizim şadlığımız üçün oxuyur. Masqaraçı quşları bağlarda giləmeyvələri dimdikləmirlər, anbarlarda yuva qurmurlar, onlar sadəcə bizlər üçün mahnı oxuyurlar. Bax ona görə də masqaraçı quşunu öldürmək günahdır. - Harper Li - Masqaraçı quşunu öldürmək. 

Sunday, 8 March 2015

Haradan başlayaq?

Artıq uzun müddətdir ki, insanlar məni ağıllı və savadlı birisi kimi qəbul edib bu sualları verirlər: "Mən də kitab oxumaq istəyirəm, amma bilmirəm haradan başlayım. Axı birdən-birə çətin əsərlərdən başlamaq olmaz. Məsələn, ilk kimi Dostoyevskinin romanlarını oxusam, bilirəm ki, həm çətin olacaq, həm də dərk etməyəcəm. Odur ki, haradan başlamalıyam ki, bir müddət sonra tanınmış əsərləri də oxuyub başa düşə bilim. Davamlı mütaliə üçün nə etməliyəm? Özümdə həvəsi necə yaradım?" Bu sualları artıq dəfələrlə eşitmişəm və konkret cavablar verməkdə çətinlik çəkmişəm. Bu motivli sualların tez-tez verilməsi onu göstərir ki, insanları çoxusu kitab oxumağı və kitabların özünü elm, savad və mədəniyyət mənbəyi kimi qəbul edirlər. Bu fakt özlüyündə çox yaxşıdır. Çünki düşünürəm ki, kitab oxumaq vaxtı maraqlı və öyrədici keçirmək üçün əvəzolunmazdır. Kitabın oxucunu tamamilə başqa reallıqlara çəkib aparmaq kimi sehrli xüsusiyyəti var. Bir göz qırpımında siz əvvəllər sizə məlum olmayan planetlərə səyahət edə bilərsiz, əvvəllər tanımadığınız, lakin sizə oxşar olan bir çox insanların həyat hekayələrini öyrənə bilərsiniz.

Thursday, 5 March 2015

Hər şeyin nəzəriyyəsi

Filmin rus dilində adı: Вселенная Стивена Хокинга
Filmin ingilis dilində adı: The Theory of Everything

Həyatı boyu bədənlərini və ruhlarını yoran yolu keçib gəlmiş məşhur insanlar haqqında film izləmək xoşuma gəlir. Xüsusilə digər insanlardan fərqlənən insanlar haqqında. Özünü olduğu kimi qəbul edərək, iradə gücünü möhkəmləndirərək, hər gün, hər saat, kiçik və böyük uğurlara nail olmaq heç də hamının bacara biləcəyi bir şey deyil. Və əgər "Forest Qamp" və "Yağış adam" kimi filmlərdə uydurulmuş hekayələr nəql olunursa, "Ağıl oyunları" kimi filmlərdə isə süjetin mərkəzində real tarixi şəxsiyyətlər dayanır. Psixi və fiziki qüsurlu obrazlardan bəhs edən filmlərə ABŞ-da böyük tələbat var. 

Tuesday, 3 March 2015

Qara qu quşu - Black Swan - Чёрный лебедь

Balerina Nina "Qara qu quşu" baletində baş rolu ifa etmək hüququ qazanır, lakin bu əsər onun daxili dünyasına nüfuz edərək yavaş-yavaş reallıqla xülyalar dünyası arasındakı sərhədi aradan qaldırır. Filmdə romantizm üçün xarakterik ikiləşmə, səhnə və şəxsi həyat qarşıdurması və qəhrəmanın fiziki olaraq öz əksinə çevrilməsi elementləri yer alıb. 


Monday, 2 March 2015

Çak Palanik - Döyüşçü Klubu

Kitabın ingilis dilində adı: Chuck Palahniuk - Fight Club


Kitabın rus dilində adı: Чак Паланик - Бойцовский клуб


Təqdimat


Çak Palanikin "Döyüşçü Klubu" əsəri 1996-cı ildə nəşr olunub. Romanın mərkəzində istehlak cəmiyyətinin aktiv nümayəndəsi lakin, yuxusuzluqdan əziyyət çəkən şəxsdir. Həkiminin məsləhəti ilə müxtəlif ağır xəstəliklərdən əziyyət çəkən insanların dəstək qruplarında iştirak etməyə başlayır və orada meditativ proseduraların iştirakçısı olur. Praktiki olaraq ölümə məhkum olan və sadəcə onu gözləyən insanlarla özünü müqayisə edən qəhrəmanımızın müəyyən qədər yuxusuzluq problemi həll olunsa da (müqayisədən yaranan xoşbəxtlik və rahatlıq), bir müddət sonra bu kifayət etmir. Şəxsiyyət ikiləşməsi yaşayan qəhrəmanımız Tayler Darden vasitəsiylə özünəməxsus "psixoterapiya" forması olan "Döyüşçü klubu"nu yaradır. 

Sunday, 1 March 2015

Hara tələsirik?

Eynşteyn nisbilik nəzəriyyəsini yaratdı və nəticədə Yerdəki zaman anlayışı ilə kosmosdakı zaman anlayışı arasında fərqi başa düşdük. Bu inqilab idi. Buna baxmayaraq, elə yerin özündə də müxtəlif məkanlar arasındakı zaman anlayışı fərqlidir. Zaman tamamilə məkanın əsasında formalaşan fenomendir.