Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Carol S. Dweck - Mindset: The New Psychology of Success

Кэрол Дуэк - Гибкое сознание: новый взгляд на психологию развития взрослых и детей

Dünya şöhrətli Stenford Universitetinin psixoloqu Kerol Duek, uzun illərin araşdırmalarından sonra düşüncə tərzinin həqiqi gücünü bir daha kəşf etdi. Duek uğurun sadəcə istedad və bacarıqlar vasitəsi ilə əldə edilmədiyini, eyni zamanda düzgün formalaşdırılmış düşüncə və yanaşma tərzindən olduqca asılı olduğunu sübut edir. Düzgün düşüncə tərzi ilə biz həm uşaqları, həm də yetkin insanları uğur qazanmağa motivasiya edə bilərik. Kerol əslində köhnə mövzulara toxunur, lakin daha müasir və təkmil üslubda izaha ehtiyac həmişə var. Valideynlər, müəllimlər, baş icraçı direktorlar, tələbələr, idmançılar və liderlər zaman zaman mütləq şəkildə düzgün düşüncə tərzində kənara çıxır və dəstəyə ehtiyac duyurlar. Artıq şübhə doğurmur ki, beynimizdə baş verən düzgün düşüncə tərzi adlı mental proses bizim həyatımızın bütün uğurlarının ən əsas təminatçısıdır. 

Bu kitab əslində heç bir yeniliyi təqdim etmir. Tamamilə köhnə və bilinən mövzular yenidən ələ alınır və daha elmi mövqe sərgilənir. Düşünmək olar ki, kitabı oxumağın bir mənası yoxdur, çünki oxşar mövzulardan olan kitabların həm elmi, həm də qeyri-elmi üslublularını çox oxumuşuq və haqqında eşitmişik. Buna baxmayaraq bu kitab təqdim etdiyi maraqlı informasiyalar, illüstrasiyalar və praktiki tövsiyələrlə oyunun qaydalarını dəyişmək xarakterinə malik olub, koqnitiv psixologiyanın fundamental prinsipi olan inama söykənir. İnamları dəyişdirdikdə əldə etmək istədiklərimizi də raha rahat əldə edə bilərik. 

Kitabda iki növ düşüncə tərzindən: cari və inkişafa yönəlik düşüncə tərzindən bəhs olunur. Cari düşüncə tərzi cəmiyyətlərin fərdlərə implant etdiyi postulatlar əsasında formalaşan, tamamilə indi zamana və cari situasiyaya əsaslanan düşüncə tərzidir. Bu tip düşüncə tərzində hər şey çox müəyyəndir. Əgər sənin konkret bilik və bacarığın, istedadın və xüsusi qabiliyyətin varsa, sən uğur qazanacaqsan. İkinci tip düşüncə tərzi olan inkişafa yönəlik düşüncə tərzi isə birincinin tam əksi olub, çox çalışmağın və istəklərə qarşı inamın uğurun əsas təminatçısını olduğunu deyir. Əgər məğlub olmusansa, deməli, uğur üçün daha yaxşı strategiya hazırlamalı və özünü daha yaxından tanımalısan. Məhz ikinci tip düşüncə tərzi Makyl Cordanı Maykl Cordan və eləcə də Stiv Cobsu Stiv Cobs edən həlledici məqam olub. Bu düşüncə tərzi daha çox motivasiya etməyi bacarır və hamıya ehtiyac duyduğu şansı verməkdə ürəyiaçıqdır. 

Birinci tip düşüncə tərzindən ikinci tipə keçid etmək asan iş deyil. Bunu müəllifin özü də dəfələrlə qeyd edir, lakin insan öz üzərində yetərincə çalışmağı bacarsa və nə istədiyini bilsə, psixologiya öz işini görəcək. Başqa sözlə, insan dəyişəcək. "Düşüncə tərzi: uğurun yeni psixologiyası" dəyişmək haqqında kitabdır. Kitabın oxucusundan çox şey asılıdır. Şəxsən mən dəyişiklikdən qorxan birisiyəm, lakin dəyişikliyin necə əhəmiyyətli olduğunu tam aydınlığı ilə başa düşürəm və çalışıram ki, çatışmazlıqlarımın üzərində çalışım və sözün yaxşı mənasında dəyişim. İnsanlar var ki dəyişikliyə olduqca açıqdırlar və çox tez bir zamanda düzgün qərarlar vasitəsi ilə dəyişə bilirlər. Bu kateqoriya insanlar bu kitabı mütləq oxumalı və uğurun psixologiyasının söykəndiyi prinsipləri tam qəbul etməlidirlər. Mən isə əsasən insanların necə dəyişdiyini müşahidə etməyi sevirəm. Bundan əlavə daha çox elm adamı kimi təhlil etməyi və müşahidə etməyi daha çox sevirəm. Dəyişmək isə məndə başqa formada gerçəkləşir. Bu səbəbdən deməzdim ki, kitabı oxuduqdan sonra mən çox dəyişdim və ya gələcəkdə dəyişəcəm. Belə mövzuda oxuduğum ilk kitab deyil. Düşünürəm ki, son da olmayacaq. Sadəcə belə kitablarla mən dəyişməyi nə planlaşdırıram, nə də özüm üçün mümkün sayıram. Buna baxmayaraq qısaca məlumat verərək digər insalar üçün maraqlı və hətta bəzi hallarda həyati əhəmiyyət kəsb edəcək kitab haqqında söhbət aparmaq öz-özlüyündə maraqlı işdir. 
Kerol Duek
Kerol Duek olduqca sanballı sosial psixologiya professorudur və onun fəaliyyət və ixtisaslaşma sahəsi insanın özü haqqında təsəvvürlərinin onun davranışlarında necə proeksiyalandığını araşdırmaqla əlaqədardır (Mən konsepsiyayam nəzəriyyəsi). Alimin müxtəlif məqalələrini və elmi işlərini internetdə axtarıb tapmaq mümkündür. Əgər siz də spesifik olaraq bu sahə ilə məşğul olursunuzsa və ya daha da çox və elmi məlumatlar toplamaq niyyətindəsinizsə, Kerol Duek bu sahədə müraciət olunası alimlərin arasında ilk yerlərə sahiblik edir. 

Mənfilər haqda da danışaq? Danışaq məncə. İlk növbədə kitabın həcminin lazım olandan 5 dəfə artıq olduğunu deməkdə haqsız deyiləm, məncə. Hətta kitabın ilk üç fəslini oxumaq da bəs edir ki, açar anlayışlar haqqında tam və dolğun məlumat alıb bütün konsepsiyanı başa düşəsiniz. İkinci mənfi kimi bəzi məqamlarda yetərincə qaynaqların (referansların) olmaması və sadəcə müşahidədən qaynaqlanan nümunələrin izafiliyini görürük. Belə hallar ABŞ populyar elmi ədəbiyyatında çoxdur. Üçüncü mənfi diversifikasiya ilə əlaqədardır. Kitabın mövzularının birinci mənfidə də qeyd olunduğu kimi əslində az olması, lakin olduqca zəngin söz artırma yöntəmi ilə həcm iriləşməsinin təmin edilməsi, müəyyən kəslər üçün müəllifin hörmətsizliyi kimi də qəbul edilə bilər. Dördüncü mənfi kimi eqoizmi (müəllifin çox mən mən deməsini), beşinci mənfi kimi isə təhrifçiliyi göstərmək olar. Təhrifçilik deyərkən mən əsasən köhnə anlayışları yeni anlayış kimi psixologiya elminin müasir mövqeyi adından oxuculara sırımasını nəzərdə tuturam. Hər bir halda bütün bu mənfilərə baxmayaraq kitabın motivasiya xüsusiyyəti və mütaliə dəyəri vardır. Konkret qiymət vermək və yekun söz demək belə kitabların formatına yaddır. Kitab hər bir halda həmişə olduqca subyektiv mövqe qazana bilər.  

Comments

  1. Paylaşımınız üçün təşəkkürlər. Bu kitab və müəllif haqqında çox eşitmişəm. Zənnimcə çox maraqlı və insanı müsbətə keyfiyyətlər aşılayan bir kitabdır. Bu kitabı Azərbaycanca olan versiyasını hardan əldə etmək olar?

    ReplyDelete
    Replies
    1. Təəssüflər olsun bizim dildə olub-olmaması ilə bağlı məlumatın yoxdur. Mən, səhv etmirəmsə, rus dilində oxumuşdum.

      Delete

Post a Comment

Popular posts from this blog

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi