Aleksandr Belyayev - Amfibiya adam


Александром Беляев - Человек-амфибия

"Amfibiya adam" Aleksandr Romanoviç Belyayevin ən tanınmış əsəridir. Bu möhtəşəm əsərdə həm quruda, həm də suda yaşamağı bacaran və bu bacarığına görə "Dəniz İblisi" adlandırılan  İxtiandr adlı gəncin həyatından bəhs olunur. İstedadlı cərrah Salvator, İxtiandra köpək balığının qəlsəmələrini köçürmüşdür. Hadisələrm Argentinada, Atlantik Okeanının sahillərində cərəyan edir. 
...Artıq xeyli müddətdir ki, şayiə yayılıb ki, dənizdə "Dəniz İblisi" var. O bir çox şeyə zərər vurub - torları kəsir və balıqları qayıqlardan suya qaytarırdı. Eyni zamanda belə bir şayiə də var idi ki, o kimisə köpək balığının cəngindən xilas etmişdi. "Dəniz İblisi"-ndən qəzetlər yazırdı və varlığını təkzib edən elmi ekspedisiya da təşkil edilmişdi, lakin mövhumatçı ispanları və hindliləri inandırmaq mümkün olmamışdı. İnsanlar xeyli müddət dənizdən kənar gəzməyə çalışdılar. Balıq, ən əsası isə mirvari ovu azaldı. Bu da "Meduza"-nın sahibi Pedro Zuritonun bütün planlarını alt-üst edirdi. Nəticədə o, belə bir plan qurur: dəniz bədheybətini yaxalamaq və onu mirvari toplamağa məcbur etmək. Zurito, bədheybətin delfinin üstündə üzərkən insan kimi çıxan səsini eşitdikdən sonra onun şüurlu varlıq olduğuna əmin oldu...
Roman 1927-ci ildə yazılıb və "Dünya ətrafında" (Вокруг света) jurnalının 1928-ci ildəki 1-13-cü saylarında çap olunb. Jurnalda çap olunduqdan sonra dərhal ayrıca kitab formasında da işıq üzü görür və dəfələrlə yenidən nəşr olunur. Sadəcə Rusiyada deyil, dünyanı müxtəlif ölkələrində olduqca məşhurluq qazanan bu əsər, "Professor Douelin başı" əsəri ilə birlikdə Herbert Uells tərəfindən yüksək qiymətləndirilmişdir. 

Əsərin yazılmasına olan təkanlar da olduqca maraqlıdır. Belə ki, Belyayev Yaltada müalicə olunarkən, fransız yazıçı-fantastı Jan de lya İranın "İktaner və Moizetta" (bu əsəri "Suda yaşamağı bacaran insan" da adlandırırlar) əsəri və 1909-cu ildə  Jan de lya İranın əsəri əsasında "Zemşin" qəzetində anonim müəllif tərəfindən yazılan və çap olunan "Balıq adam" əsərləri haqqında çox düşünür. Xanımı Marqarita Belyayeva isə qeyd edir ki, yazıçı hər hansısa qəzetdə oxuduğu və Buenos Ayresdə bir həkimin heyvanlar üzərində apardığı təcrübələrə görə məhkəməyə düşməsindən təsirlənir. Hal-hazırda həmin qəzet məqaləsini dəqiqləşdirmək mümkün deyil. Bu məqamın özü Belyayevin öz elmi-fantastik əsərlərini real stimullardan hərəkət edərək yazdığını sübut edən maraqlı məlumatdır. Eyni zamanda Aleksandr Belyayeva olan heyranlığım ona görədir ki, o, sadəcə hansısa mutantı, hansısa elmi ixtiranı və ya kəşfi maraqlı formada təsvir etmir. O, elmi yenilikləri və kəşfləri, qeyri-adi düşüncə tərzini və yanaşmaları əxlaqi-etik yöndən işıqlandırır. O, daima aktual qalacaq fəlsəfi suallara cavab axtarmağa çalışır. O, hər hansısa problemi ortaya qoyaraq onu cəmiyyətə verdiyi fayda baxımından ölçüb biçir. Başqa sözlə, oxucu onun əsərləri vasitəsiylə əvvəllər düşünmədiyi məsələlər haqqında düşünməyə başlayır. Hansısa yeni fenomenin yaxşı ya da pis olmağını təhlil edir. 


Belyayevin əsərlərində ümumi cəmiyyətin maddi maraqlarını ehtiraslandırmaq potensialına malik elmi kəşflərdən çox bəhs olunur. Yaxşı yadımdadır ki, "Əbədi çörək" əsərini oxuyanda mən tükənməz qida ehtiyatının sosial sistemi və cəmiyyətin psixologiyasını necə dəyişildiyinin şahidi oldum. Olduqca maraqlı dəyişikliklər insan cəmiyyətinin müxtəlif xüsusiyyətlərini ortaya qoydu. Bu fikirləri "Amfibiya adam" əsərinə də aid etmək olar. İnsanlar həm suda, həm də quruda yaşamağı bacaran gənc İxtiandr haqqında məlumat sahibi olan kimi öz xəsis və xudbin istəkləri doğrultusunda ondan istifadə etmək planları qurmağa başladılar.  İlk vaxtlar İxtiandr onlar üçün "Dəniz İblisi" idi. Halbuki, doktor Salvator İxtiandra köpək balığının qəlsəmələrini köçürəndə ümid etmişdi ki, o, insanın bioloji zəifliklərini və bu zəifliklərin yaratdığı sosial qeyri-müəyyənliklərin və risklərin qarşısını almış olacaq. Salvatorun hərəkəti onu başa düşməyən cəmiyyət tərəfindən qınandı. Bu bir daha sübut etdi ki, hər bir dahi insan yaşadığı dövrünün insanı ola bilməz. İnsanın həm bioloji, həm də digər zəiflikləri onu böyük risklər altına qoyur. Romanda da deyildiyi ki, bilinmir ki insan sahib olduğu bacarıqlar və intellekt ilə bəşəriyyətin davamlılığını təmin edə biləcək, yoxsa yox. Bizim bir addımlığımızda milyardlarla insanların ehtiyaclarını ödəyə biləcək okeanlar var, amma biz ondan yetərində istifadə edə bilmirik. Tələbatlarımızı ödəyəcək resursların bolluğu ədalətli qida bölgüsünü və nəticədə intellektual və mədəni inkişafa yol aça biləcək potensialı bizə təqdim etmək iqtidarındadır. Buna baxmayaraq insanlar sadəcə bu günlərini və sacədə özlərini düşünməyi seçirlər. Bütün bu prosesləri bədii üslubda mahircə bizlərə çatdıran Aleksandr Belyayeva dünyanın ən gözəl sözləri layiqdir. 

Roman açıq-aşkar elmin inkişafına daima qərəzli mövqe ilə yanaşan dinə də toxunur. Ətalət içində itib batan kilsənin fiqurları hər zaman yenilikləri allahsızlıqla əlaqələndirmiş və inkişafa qarşı çıxmışlar. Doktor Salvator isə müxtəlif heyvanların toxumaları ilə apardığı təcrübələr vasitəsiylə sağalmaz hesab edilən xəstəlikləri müalicə etməyə çalışırdı. 

"Amfibiya adam" sadəcə cəmiyyətin elmi kəşflərə olan yanaşmasını göstərən roman deyil. "Amfibiya adam" romanı çox gözəl romantik faciə və fantastikadır. Aleksandr Belyaevin bütün əsərlərində romantika ilə elmin vəhdətinə rast gəlmək olar. Öz-özlüyündə isə bu çox maraqlı alınır. Biz pafoslu maneələrin bir-birini sevənləri necə ayırdığını daima oxumuş, eşitmiş və görmüşük. Lakin bioloji fərqlərin sevənləri necə ayırdığını görmək düşüncə üçün yeni nəfəsdir. 

Sualtı dünyanın necə də gözəl təsvir olunub. Dövrünün biliklərindən hərəkət edərək eyni zamanda bəzi təxminlərlə yazılmış təsvirlər
insana xoş hərarət bəxş edir. Əsas məsələ də elə budur. Sualtı dünya ilə qurudakı dünyanın ikisinin arasında qalmış birisi tərəfindən necə göründüyünün fərqləndirilməsi. Qurudakı insan cəmiyyətinin nələrə dəyər verdiyini ilk öncə başa düşməyən İxtiandr çox şeyi sonradan öyrənməli olur. Axı o uzun müddət Doktor Salvatorun "avkarium"-unda və açıq okeanda yalandan, xudbinlikdən, xəsislikdən, saxtakarlıqdan və digər bir çox tələdən uzaq böyümüşdü. 

İxtiandr sadəcə bədənində olan xüsusiyyətlərə görə yox, eyni zamanda kristal saf səmimiliyi, mehribanlığı və inamı ilə gələcəyin insanlarının ruhi xüsusiyyətlərinə malikdir. Nə okeanda, nə də quruda ona oxşar insan, ya da canlı yoxdur. Mən ümid edirəm ki belə insanlar nə vaxtsa həqiqətən də yaranmağa başlayacaq və köhnə nəsillərin səhvlərini yuyacaqlar. 

Oxşar motivli romanlardan - məsələn Bulqakovun "Onun it ürəyi" əsərindən - fərqli olaraq, İxtiandrın yaradıcısı sonda İxtiandrı yaratdığına peşman olmur. Çünki o, həqiqətən də möhtəşəm bir şey yaradıb. Əlbəttə ki bu suallar maneəsiz olaraq ortaya çıxır: Salvatorun canlıların üzərində təcrübələr aparmağa haqqı varmı? Təbiətin qanunlarını dəyişdirmək olarmı? Ən əsası insana müdaxilə edib onu növ kimi təkmilləşdirmək lazımdırmı? Cavab olaraq isə, məncə, romandakı utopik çalarlaradır. Biz oturub bir xeyli düşünüb o nəticəyə gələ bilərik ki, bəli romanda təsvir olunan amfiba insan konsepsiyası heç vaxt reallaşmayacaq. Gen mühəndisliyi və biologiya elminin fəaliyyət sahəsinə aid olan bu sualın cavabını mən çox aydınlaşdıra bilməyəcəm, amma İxtiandrın sahib olduğu şəxsi keyfiyyətlər baxımından isə hər şeyin öz əlimizdə olduğunu deyə bilərəm. Salvatorun apardığı təcrübələrə gəldikdə isə onu demək lazımdır ki, elm qurban tələb edir fikri tamamilə doğrudur. Əgər biz bu gün hansısa canlıların üzərində təcrübə aparıb minlərlə digər canlıları və insanı xilas etməyə çalışırıqsa, məncə, təbiət, yaxud da kainat buna görə bizi cəzalandırmaz. 

Nəzərə alsaq ki roman 20-ci əsrin əvvəllərində yazılıb, zərrə qədər də köhnəlməyib. Aleksandr Belyayev "Amfibiya adam" əsəri ilə bizə qarşılaşacağımız neçə-neçə imkanları, elmi kəşfləri və nəticələrini cəsarətli formada təsvir edib. Boş yerə onun SSRİ-nın Jül Verni adlandırmayıblar. 

"Amfibiya adam" eyni zamanda bizə bu günümüzə nəzər  yetirməyi də deyir. Çünki ötən əsrin əvvəlləri okenların və dənizləri, hətta kiçik körfəzlərin nə isə sehrli və romantik bir şey kimi qəbul edildiyi dövr idi. İndi insan cəmiyyəti okeanlara və dənizlərə sadəcə neft, qaz və balıq kimi resursları əldə etmək mənbəyi kimi, tullantılarını adüşünmədən boşaltdığı fəza kimi baxır. İxtiandrdan soruşanda ki, sən niyə balıqçı torlarını kəsirdin, o,  da cavab verirdi: Axı onlar yeyə biləcəklərindən artıq balıq ovlayırdılar. Həqiqətən də, belə ifrat istehlakın evimizin möcüzələrini məhv etməyinə icazə verməməliyik. 

"Amfibiya adam" sadəcə elmi-fantastika deyil. Bu roman həm sərt reallıqları, həm sevgini, həm əxlaqı, həm dini, həm biznesi, həm cəmiyyəti və digər bir çox məqamları özündə sığışdırmağı bacarmış möhtəşəm əsərdi. 

Sitatlar:
  • Dərd onda deyil ki, insan heyvandan yaranıb. Dərd orasıdır ki, insan heyvandan yaransa da, heyvan olmağa davam edir - axmaq, qəzəbli və şüursuz. 
  • İnsanlar, onlar çox səs-küylüdürlər, iyrənc siqarlar çəkilər, onlardan bərbad qoxu gəlir. 
  • Bura okean kimi deyil. Burada hər şey saxtadır, hər şey hasarlanıb və qorunur. Ancaq quşlar kiməsə məxsus deyil. Yol boyu çığıraraq uçurlar. Həmin quşları tutmaq olar? Bəlkə də, onlar heç kimə məxsus deyillər. Burada asanlıqla bağların və kütlələrin arasında aclıqdan və susuzluqdan ölmək olar.
  • İnsanlar arasında sadəcə İxtiandr bilirdi ki, tufan, qasırğa, ildırım, dalğalar, yağış göylə okeanı, hava ilə suyu qarışdırandan sonra su oksigenlə zənginləşirdi. Belə olanda bütün balıqlar, okeandakı bütün canlılar canlanırdı. 
  • Okeanda tanış balıq tapmaq, bu insan girdabında tanış simanı axtarıb tapmaqdan asandır. 
  • Delfinlər quruda suda olduqlarından qat-qat ağır olurlar. Ümumiyyətlə sizdə hər şey ağırlaşır. 
  • Axı bütün bunlar axmaqlıqdır. Hansı allah? Atam deyir ki, allah balaca uşaqlar üçün olan nağıldır. - deyə hərarətlə İxtiandr dedi. 

Comments

Post a Comment

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi