Corc Oruell - 1984

Qısa xülasə: Uinston adlı bir şəxs, 1984-cü ildə, azadlığın olmadığı, despotik bir rejimin hökm sürdüyü (hansı ki, inqilabdan sonra, kapitalizmi əvəzləyərək qurulmuşdur) Okeyaniyada yaşayır. Hakimiyyət bütün partiya üzvlərini manqurtlaşdırır. Uinston isə hələ də azad düşünür. Azad düşünmək isə ən ağır cinayət - fikir cinayəti sayılır. Tezliklə özü kimi azad düşünən bir xanımı tapır və eşq macərası yaşayır. Bundan sonra isə onlar birlikdə partiyaya qarşı mübarizə aparmağa cəhd edirlər. Amma uğur qazana bilmirlər (http://kitablarinelektronversiyasi.blogspot.com/)

Görkəmli ingilis yazıçısı Corc Oruellin (1903-1950) yaradıcılığı dünya miqyasında məşhurdur. Xüsusilə onun “1984” romanı və “Heyvanıstan” povesti ötən yüzillikdə sözün, ədəbiyyatın totalitar təfəkkürə və despotik idarəçilik üsullarına qarşı mübarizəsinin ən diqqətəlayiq nümunələrindən sayılır. Hər iki əsər yarandığı vaxtdan ədəbi və siyasi fikrin diqqət mərkəzində olmuş, müxtəlif dillərə çevrilmiş və ciddi polemika doğurmuşlar.

Cəmiyyət elə bir formaya gəlib çıxıb ki, tarix hər gün dəyişdirilir, yenidən yazılır, saxtalaşdırılır, şahidlər və sənədlər məhv edilir və yeniləri yaradılır. Elə dövlət təsəvvürünüzdə canlandırın ki, orada dövlət hər zaman haqlıdır, sülh nazirliyi müharibə, sevgi nazirliyi işgəncələrlə məşğul olur, iqtisadi rifah nazirliyi isə şişirtmə rəqəmləri kütləyə təqdim edərək onları keçmiş dövrdən daha yaxşı yaşadıqlarına inandırmağa cəhd edir. Hər gün yalan, hər gün alçaqlıqlar, hər gün təzyiqlər. İnsanlar isə buna dözürlər, çünki onların müqayisə bacarığı və meyarı yoxdur. Hər addım, hətta hər bir fikir də izlənilir. Təsəvvürünüzə gətirə bildiniz? Az-çox dünya görüşlü şəxs üçün bu çox da çətin iş deyil.

Bilirsiz, “1984”-ü oxuduqca bu əsərin necə də qorxulu olduğunu düşünürdüm. Stiven Kinq və ona bənzər digər triller və qorxulu əsər müəllfilərindən fərqli olaraq Oruellin         təsvir etdiyi dünya reallıqlara tam uyğundur. Bu o reallıqlardır ki, onu gizlədirlər. Gələcəyin dünyasının belə təsvir olunması insanı qorxutmalıdır. Bundan əlavə Oruellin gələcəyi bu dərəcədə uzaqgörənliklə görməyi bacarması məni heyran etdi. Hətta bəzən belə düşünrdüm ki, uzun zamandı gələcəyi planlaşdıranlarla birlikdə işləyib? Ola bilər? Biz bu gün çox şeydən qorxa bilərik. Məsələn, apokalipsis, qlobal iqtisadi-maliyyə böhranları, xəstəliklər və ya zombi filmləri. Oruell üçün isə total köləlikdən daha qorxunc şey ola bilməz.

         Əsəri oxuduqca görürdüm ki, insan necə də zərif məxluqdur. Məhz bu səbəbə görə də onu qorxudaraq, ona təzyiq göstərərək istədiyini edə bilərsən. Kitabın özündə də bu dəfələrlə vurğulanır və fəlsəfi yönlərdən təhlil edilir. İnsana əzab verərək hətta öz-özünü satması kimi alçaqlıq dərəcəsinə də çatdırmaq olar. Fiziki ağrı və ehtiyaclar qarşısında insan acizliyini göstərir.

         Böyük Qardaş, ikifikirlilik, fikir polisi, teleekran, prollar, yenidil kimi anlayışlar romanın onurğa sütunun təşkil edir. Böyük Qardaş partiya üzvlərini allahıdır. Klassik mənada bildiyimiz allah, tanrı anlayışları isə yoxdur. Sadəcə qadağan olunub. Böyük Qardaş bizi izləyir və sınayır. O, bizim üçün çalışıb-vuruşur. Ona qarşı nə isə düşünən insan fikir cinayəti törətmiş olur və dərhal Sevgi Nazirliyində islah olunmalıdır. Böyük Qardaşa nə isə şəkk-şübhə ola bilməz. Yaşasın Böyük Qardaş! Yaşasın Böyük Qardaş! Yaşasın Böyük Qardaş!

         Böyük Qardaşın bu və ya buna bənzər formada təzahürləri əvvəllər olub. Sadəcə bilmirəm niyə (bəlkə də əvvəllər insanlar daha cəsarətli və şəxsiyyəti möhkəm idilər) əvvəllər Böyük Qardaş müvəqqəti olurdu. Günümüzün dünyasında isə mobil telefonların, internetin, televiziyanın, nə oxuduğumuzun, nə yazdığımızın, nə yeyib-içdiyimizin (istehlak etdiyimizin) çox rahat izləndiyi və idarə olduğu dünyamızda allahı əvəzləyəcək əbədi Böyük Qardaşın yaranması qaçılmaz olacaq. Roman hər addıma, hər hərəkətə, davranışa, hətta nəfəsə nəzarət edildiyi dünyanı təsvir etsə də, bu gün kütləyə olan nəzarət, addımlarımıza ola nəzarət heç də az və zəif deyil.

         Hisslərə qadağaların qoyulduğu, azad düşüncəyə, xəyallara qadağa qoyulduğu dünya. Bu gün insanlara şəxsiyyət kultu pik nöqtəyə çatıb. Bəşəriyyət elmini artırır. Psixologiya, fizika, kimya kimi elmlər inkişaf edir, lakin psixologiya insanları o qədər dərin öyrənir ki, onlar uzaqdan idarə edilən canlılara çevrilirlər. Fizika hətta iqlim silahları yaradır ki, bu da 2 – 3 nəfərin kef-əhvalı istəyəndə neçə-neçə günahsız insanı leysan yağışlar nəticəsində yaranan selin altında qoyur və ya yeri yararaq insanları diri-diri basdırır.

         Kitabda tez-tez inqilab xatırlanır. O inqilab ki, Okeaniya adlı dövləti kapitalizmdən xilas edib, totalitar, qəddar fəlsəfəli hakimiyyəti – partiyanın hakimiyyətini bərqərar edib. Romanda “prollar” adlanan kütlə isə şüursuzlaşdırılmış, başqa sözlə, manqurtlaşdırılmış yığın olsa da, baş qəhrəman Smit Uinston öz-özlüyündə tez-tez düşünürdü ki “bütün ümidlər prollaradır”. Tamamilə razıyam. Bütün ümidlər prollaradır. İnsanın qarşına müxtəlif cəmiyyətlər çıxa bilər. Həmin cəmiyyətlərin diktə etdiyi qayda-qanunlar, şərtlər fərqli ola bilər, amma onu deyim ki, əksər cəmiyyətlərin üstündə duranların düşüncə tərzi eynidir. Biz prollar isə hələ də susuruq. Çünki bizə deyilir ki, seçim et, ya azadlıq, ya da xoşbəxtlik, ya rahatlıq, ya da həqiqət. Prollar əbədi yuxuya gedib. Nikbin olmağa çalışıram. Təklikdə isə bir şey bacarmıram. Qurulmuş bütün oyunlarda qaydalara görə oynayıram. Fərdiyyətimi ləğv edib, kollektiv şüursuzluğu seçirəm. Gəlin başqalarının arzu və istəklərinə uyğun olaraq özümüzü haldan salaq. Onsuz da bu əbədi həyatda belə olsaq da, olmasaq da bir mənası yoxdur.  (bu abzas romandan seçmə hissə deyil və şəxsən mənim reallıqlarımla əlaqədardır. Romanın mövzusuna uyğun gəldiyinə görə, dərdimin müəyyən hissəsini sizinlə də bölüşdüm.).

         Kitab bizə qəddarlığın, əzab və işgəncələrin, ailənin, dostun, yaxının, olmadığı cəmiyyəti göstərdi. Bütün bu anlayışlar inqilabdan əvvəldə qaldı. İnqilabdan sonra isə əbədi zülmət və ümidsizik var. sadəcə partiya – “Böyük Qardaş” üçün yaşayan “insan”lar var. Hətta ər-arvad arasında olan sevgi belə məhv olmuş, doğulan uşaqlar isə partiyanın üzvlərinin azalmamasına xidmət edən vasitə kimi baxılır. Bu gün biz düşünürük ki, uşaqlar bizim sevincimiz, gəlcəyimiz, ümid yerimizdir. Sadəcə bir tək bu nüans özü bu cəmiyyətin necə də bərbad, necə də zülmət içərisində olduğunu bizə nümayiş etdirir. İnsanların üzərində mütləq hakimiyyət bəlkə də nə vaxtsa olacaq. Bu yol artıq gediş-gəlişlidir. Sadəcə nəticəsi o olacaq ki, bəşəriyyət öz ilkin ibtidai formasına qayıdacaq.

P.S. Mənim üçün № 1 film olan, fransız kinematoqrafiyasının qızıl nümunəsi sayılan “Oyuncaq” (Le jouet) filmində belə bir epizod vardı. Bu epizodu yazım siz də oxuyun və düşünün: Müdir işçisini yanına çağırarır, işçi də kifayət qədər yüksək vəzifədədi və lazım olan işlərini həll etdikdən sonra, müdir işçinin qapıdan çıxanda ona lümlüt soyunmasını əmr edir. İşçi əvvəlcə tərəddüt etsə də, yavaş-yavaş başlayır soyunmağa. Şalvarını soyunanda müdir ona gözəl sual verir: “Soyunmağı sənə əmr verən daha iyrəncdi, yoxsa buna razılaşan sən?”.

         Bax əziz dostlar əsas məsələ budur. Biz daha iyrəncik yoxsa onlar. Bunun üzərində düşünüb əslində kimin güclü olduğunu axtarıb tapa bilərik. Kimin güclü olduğunu axtarıb tapmaq bəlkə də olar, amma ikinci mərhələdə onu dərk etmək bir az çətin məsələdi. Dərk etdikdən sonra isə onu digərləri ilə bölüşmək lap müşkül məsələdi. Ona görə də bütün bu əziyytli proseslərə baş qoşmaq lazım deyil. Artıq geri sayım başlayıb.

         İnsan azadlığına inandığı müddətcə azaddır. 

Comments

  1. Çox gözəl təhlil verilib . Təəssüf ki kitabı başa düşən də oxuyur başa düşməyən də.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi