Kurt Vonnequt - Çempionlar üçün səhər yeməyi
Kurt Vonnequtun növbəti ən çox sevilən və bəyənilən əsərlərindən olan "Çempionlar üçün səhər yeməyi"ndə, yazıçının ən çox sevdiyi obraz - Kilqor Traur, avtomobil dilerlərindən birisi ilə görüşərək, öz ideya və uydurmalarını həqiqət kimi ona sırıyır. Əslində isə yazıçı bizə elə bir bədii müstəvi hazırlayıb təqdim edir ki, biz orada Amerikada olan siyasət, ekologiya, müharibə, rasizm, seks və uğur haqqında satirik bir şey oxuyaraq həqiqətə bir qədər də yaxınlaşaraq.
Artıq beşinci kitab olaraq "Çempionlar üçün səhər yeməyi" mənə yazıçının humanizmini anlamaqda bir qədər də kömək etdi və artıq uzun müddət bundan öncə ölən həqiqi Amerika sivilizasiyası haqqında həqiqətləri öyrənməkdə əvəzsiz rol oynadı. Yazıçının digər əsərləri kimi bu romanda da istər, istəməz oxucunu kədərləndirir ki, o, necə olur belə axmaq və qəddar dünyada yaşayır və gələcək prespektivlər haqqında lazım olduğundan qat-qat artıq dərəcədə nikbindir. Məncə, bu düşüncə yazıçının beynində kifayət qədər dominantlıq qazanaraq oxuculara bunu absurd, lakin effektiv yolla çatdırmaqda yaxından kömək edib. Kitabdakı dialoqlar cəmiyyətin kontrastını simvolizə edərək, gündəlik olaraq düşünmədiyimiz, ancaq vacibliyini unutduğumuz bir çox məsələ haqqında məlumat verir. Özü də modernizm konseptinin mütləq ekstrim həddə çatdırılması və müasir oxucuya ötürülməsi öhdəsindən gəlinəsi asan tapşırıq deyil. Belə bir modernizm yanaşması ilə Amerika modernizminin absurduluğu və tənqidi təmin olunub. Yazıçının Yer planeti, bizim evimiz, qurub quraşdırdığımız məkanlar, onun sakinləri, qonşular, tanışlar, dostlar və daha nələr haqqında üçüncü şəxsin təkində danışması oxucu üçün elə bir mental mühit yaradır ki, orada obyektivliyin təmin edilməsi baxımından daha yaxşı şərait olsun, nəinki digər şəxslər vasitəsi ilə nəql olunan hekayələrdə. Məhz bu səbəbdən biz yaşadığımız cəmiyyətdə yer alan ən müxtəlif prosesləri, əşyaların və hadisələrin absurdluğunu kəşf etmək yoluna qədəm qoyuruq. Məhz belə biz yeni tip absurdluq anlayışı, modern, müasur absurdluq anlayışı ilə tanış oluruq ki, bu absurdizm Kamünun absurdizmindən tam fərqli olub, bir addım irəlidə olanların deyil, bir addım geridə olanların mənasızlıq girdabını əks etdirir. Möhtəşəmdir elə deyilmi?
Romanın açar obrazı Kilqor Trautdur. Bəs yaxşı kimdir Kilqor Traut? Belə götürəndə o, mənəm, həm də sənsən. O, indiyədək cəhd edib uğursuzluğa düçar olmuş hər bir şəxs ola bilər. Yaradıcıllığı və istedadı ciddiyə alınmayan, cəmiyyət tərəfindən qəbul edilməyən, üç-dörd nəfərin sevimlisidir Kilqor Traut. Ümumiyyətlə isə bu obrazın fikirləri, davranışları və digər xüsusiyyətləri mənə çox xoş təsir edirdi. Hərdən isə düşünürdüm ki, keşkə realda belə dostum, tanışım, ya da ailə üzvüm olardı. Əminəm ki, ondan çox şey öyrənərdim. Hələlik virtual Kilqor Trautla kifayətlənməli olsam da, Trautu ədəbiyyat dünyasına salan da, onu oradan çıxaran da Kurt Vonnequtun özü oldu. O, əsərin sonunda şəxsən Trautla görüşdü və onunla hesablaşdı. Aralarından maraqlı dilaoq yaransa da, konkret sonluq yaranmadı.
Vonnequtu o səbəbdən bəyənirəm ki, o, müxtəlif fəzalarda yaşayan obrazları vasitəsi ilə sizə qəribə ədəbi səyahət etməyə provakasiya edir. Birnəfəsə, fasilə vermədən mütaliə Vonnequtun kitabları üçün tələb olunan ən əsas şərtdir. Axıcılıq baxımından heç vaxt şikayət etmərəm. Əksinə, dinamika, möhtəşəm intelekt Vonnequtun kitablarını o dərəcədə oxunaqlı edir ki, mütaliə ilə zaman-məkan kontiniuumunda dəlik açıb başqa aləmlərə səyahət etmək heç də qeyri-adi və mümkünsüz bir şey kimi görsənmir.
Əvvəllər adi reallıq parçası kimi görünən şeylərə sonradan gülməyi bacarmaq böyük addım kimi dəyərləndirilə bilər. Vonnequt sözlərlə, cümlələrlə, üslubla elə oyanır ki, bəzi şeyləri dərk etmək asanlaşır. Bir yazıçı kimi bu onun ən möhtəşəm, ən gözəl xüsusiyyətidir. Onun beşinci kitabını da oxuyub bitirəndən sonra öz-özümə deyirəm - "Hə! Bax budur! Bax budur bədii ədəbiyyat! Həqiqətlə oxucu arasında körpü!"
Çempionlar üçün səhər yeməyini oxuyub bitirəndən sonra həm də yazıçıdan ardarda oxuduğum öncəki kitabları haqqında da düşünüdüm və aşağıda gördüyünüz kiçik və primitiv reytinq hazırladım ki, sizə onun hansı kitabını özüm üçün daha yaxşı, hansını da daha az əhəmiyyətli hesab etdiyimi bildirə bilim.
Əsərdən seçmələr
Yazıçıdan oxuduğum digər kitablar haqqında yazılar:
- Titanın sirenaları
- Allah canınıza sağ eləsin, cənab Rozuoter
- 5 nömrəli sallaqxana
- Pişik üçün beşik
Comments
Post a Comment