Əli Novruzov - 7 hekayə

Ümumiyyətlə söhbət əgər hekayələr, xüsusilə də, qısa hekayələr toplusundan ibarət kitaba şərh verməkdən, onun haqqında təəssüratların ifadə olunmasından gedirsə, bunu ayrı-ayrı olaraq bilavasitə həmin hekayələrə etməkdən savayı yol olmur mənim üçün. Çünki, hərəsinin öz ayrı aləmi, süjeti və obrazları olur. Son zamanlar da hekayələr toplusu olan kitablar çox oxuyuram. Buna özümə görə səbəbim var. Əli Novruzovun "7 hekayə"sini də oxumaqda məqsədim ölkəmizin müasir ədəbi nümunələrin təhər-tövrünü müəyyənləşdirmək və prespektivlərin hal-əhvalına baxmaqdan qeyri bir şey deyil. Aşağıda hekayələrə çox qısaca şərh verirəm ki, sizlər də azacıq olsa da, onlar haqqında təsəvvür sahibi olasınız. 

Onu da qeyd etmək yerinə düşərdi ki, yazıçı hekayələrin kitabda yer alma ardıcıllığının təsadüfi olmadığını və müəyyən konsepsiyaya tabe olduğunu qeyd edir. Eləcə də, məsləhət görür ki, hekayələri kitabdakı ardıcıllıqla oxumayaq, ilk öncə bizə ən maraqlı gələn hekayədən başlayaq. Şəxsən mən adətən kiçik hekayələr toplusunu məhz bu prinsiplə oxusam da, "7 hekayə"ni ardıcıl olaraq oxudum. 

Fəlakət - Bu hekayə müəllif tərəfindən alleqorik hekayə olaraq qeyd olunub və kitabın ilk sakinidir. Bunun səbəbi isə obrazların fauna üzvləri olması və əhvalatın onları dili vasitəsi ilə çatdırılmasıdır. Bu kiçik hekayəni iki hissəyə bölə bilərik: tədirginliyin təsviri və bu tədirginliyin azaldılması üçün bayquşun səyləri. Ümumilikdə isə hekayədə müasir din fiqurlarının simvoluna, fauna nümayəndələrinin və insan adlarının maraqlı kombinasiyasına rast gəlmək olar. Sonluq isə elə başğlanğıc və gövdə ilə birlikdə gözləntilərimi qarşılamadı və ciddi ədəbi təcrübədən söhbət gedə bilməz.  

40 mühafiz - Hekayədə söhbət erkən orta əsrlərdən gedir. Hekayə müəllif tərəfindən milliyətçi olaraq qiymətləndirilib və bunun əsas səbəbi də hekayənin türklərdən bəhs etməsidir. Onların Çinlə olan mübarizəsini və bir millət kimi mənəvi dəyərlərini əks etdirən çox qısa, lakin maraqlı hekayədir. Hekayədə müəllif tərəfindən icra edilən süjet manipulyasiyası onun ideyanın ötürülməsi üçün müəyyən kanal rolunu oynayıb. Sadəcə səhnələrdə pərakəndəlik, obrazlarda abstraktlılıq var. Hər şey çox tez baş verir. Bunu sürətləndirlimiş video çarxa baxmaq ilə müqayisə etmək olar. İstifadə olunan dil yaxşıdır, lakin təsviredici məqamlar azdır. Bu baxımdan bir qədər balans qorunsa idi, daha da yaxşı nümunə ilə təkbətək qalmaq mümkün olardı.  

Qara - Bilmirəm niyə müəllif bu hekayəni solçu hekayə olaraq adlandırıb, amma əlbəttə ki təxminlər edə bilirəm. Tipik urabanistik satış macəralarından bəhs edən "Qara" hekayəsi mənə Əli bəyin hekayələrinin ən əsas çatışmayan cəhətini anlamaqda çox yardımçı oldu. Bu çatışmazlıq hekayələrdə obrazların möqveləşdirmə defisiti ilə izah oluna bilər. Başqa sözlə, hekayələrdə çox yaxşı təsvirlər və ifadələr olsa da, dilin leksik imkanlarından yaxşı istifadə olunsa da, obrazları, sanki, zor gücünə gətirib hansısa zaman-məkan kontiniuumuna tullayıblar ki, orada başlarını qatsınlar və vəziyyətdən çıxsınlar. Halbuki, hekayələr müasir yaradıcı yazıçılıq prinsiplərindən olan, ən azından Freytaq piramidasının prinsiplərinə əməl olunaraq yazılsa idi, Əli bəyin indiki halda bu hekayədə toxunduğu maraqlı əhvalat yaxşı həyat qazana bilərdi. Hekayənin solçu hekayə olaraq qiymətləndirilməsi ilə əlaqədar olaraq başqa bir məsələ də ondan ibarət ola bilər ki, müəllif yalanın və pulun təmsil etdiyi kapitalizmin yeganə alternativi olan sosializm və digər utopik sistemlər haqqında düşünməyə çağırış edir.  

Dəniz kənarında - Müəllif bu hekayəni isə romantik hekayə adlandırır. Hekayədə baş verən faciəvi hadisələr və bu hadisələrin müxtəlif taleləri necə birləşdirdiyindən söhbət gedir. Hər hansısa özünəməxsus bədii çalar, ya da ədəbi ağırlıq yoxdur. Əksinə, sünilik və pafos boldur. Romatika sadəcə uzaqda, fonda olan bir mücərrəd konsepsiya kimi görünür. Ümumilikdə hekayə əsl faciədir və absurd manipulyasiya qeyri-real atmosfer formalaşdırır. 

Şəhər - Bu absurd hekayə ilə isə mənə elə gəldi ki, Əli bəyin nağıl yazmaq bacarığı digər janrlarda yazıb yaratmaqdan qat-qat üstündür. Əslində bu çox böyük istedad ola bilər. Qrim qardaşları, Anderson və Hofman kimi nağıl müəlliflərinin əsərləri ilə yoğrulan uşaqlığımdan qazandığım təcrübə indi məni təəccübləndirir ki, görəsən necə olub belə böyük-böyük adamlar oturub uşaqların başa düşə biləcəyi möhtəşəm nağıllar yazıblar? Xülaseyi-kəlam, Əli bəyin "Şəhər" absurd-hekayəsi xoşuma gəldi. Digərlərindən maraqlı alınıb və ən əsası mən belə başa düşdüm ki, bu janr ona ən uyğun olan janrdır. Nə olar ki, yerli yazıçılar arasında bu janrda ixtisaslaşan yerli nümayəndəmiz olsun?

Yayı olmayan il - Bu post-modern qısa hekayə isə dialoq bolluğunun içində itib batıb. Xaotik üslubu var və razvyazka yoxdur. Əlbəttə, müəllifin qərarına hörmətlə yanaşıram. Hər halda bu hekayəni bəyənmədim. Xırda-para maraqlı elementlər olsa da, yenə də ciddi qəbul etmək olmur.  

Boyunbağı - Bu hekayə əsl Bakı mühitində baş verir və maraqlı dramatik əhvalatdan bəhs edir. Bilmirəm bakılı ləhcəsinə görəmi, yoxsa başqa bir müəmmalı səbəbdən dolayımı, "Boyunbağı"mənə daha ciddi ab-havalı mütailə bəxş etdi. Qeyd edim ki, hekayə plagiat hekayə, müəllifin özü tərəfindən isə plagiatın plagiatı kimi təqdim edilir, çünki Mopassan və Somerest Moemin yaradıcıllığında eynilə oxşar hadisələrdən bəhs edən hekayələr var. İdeyadan savayı zamanın və məkanın yerli elementlərlə əvəz olunması kifayət qədər yaxşı nəticə verib. 

Pir - Müəllifin qeydinə əsasən bu hekayə deyil. Əgər müəllifdən fərqli olaraq biz "Pir"i hekayə olaraq qəbul etsək, onda səkkizinci hekayəni oxuduğumuzu çəkinmədən deyə bilərik. Görünür, Əli bəy 7 rəqəminin xoşbəxtlik gətirdiyinə sidq-ürəkdən inanır, amma 8 də xoşbəxtlik gətirir, əsasən də Yaponiyada. 

Görünür, yazıçı olmaq, bədii ədəbiyyat yaratmaq intellektual olmaqla ayrı-ayrı şeylərdir. Məsələn, siz Pakistanın hansısa gözdən iraq bir yerinin adını bilə bilərsiniz və 100 il bundan öncə oraya meteoritin düşdüyü haqda hansısa bilgini əzbərləyə bilərsiniz. Bir kəs çox yaxşı tənqidçi və analitik ola bilər, sadəcə ağı qaradan deyil, digər bütün rəngləri bir-birindən ayıra bilər. Yaxud da, bir kəs beynində saysız-hesabsız avropa aristokratlarının adlarını siyahı kimi saxlaya bilər, tarixi döyüşləri, şəxsiyyətləri və hadisələri çox yaxşı bilə bilər, amma bədii ədəbiyyat yaratmaq tamam başqa şeydir, kişilər. Bu daha çox ağrımaq, hiss etmək və bəzən də həyat təcrübəsi ilə əlaqədar olan bir şeydir. Hansısa təbiət hadisəsinin elmi izahını bilmək əgər sizə onun gözəlliyin duymaqda maneə törədirsə, deməli, ancaq möcüzə nəticəsindən ol şəxs bədii ədəbiyyat ünmunəsi yarada bilər. İndiki halda mən Əli Novruzov cənablarını bütün bu yazılanlar çərçivəsində tanımasam da, şəhərin gənc intellektual elitasında az-çox tanınan birisi olduğunu və intellektual oyunlarda ad qazandığı haqqında bəzi məlumatlarım var. Çox oxuyan insanların zaman-zaman yazmaq istəklərinin yaranmasını da normal qarşılayıram. Özümdə də belə olur, lakin "7 hekayə" bizə Əli bəyə yazıçı deməyə əsas vermir. O, sadəcə yazmaq istəyini icra edərək ortaya özünə xoş gələn bir əməlin nəticəsini qoyub. Yuxarıda onun bəyəndiyim və bəyənmədiyim hekayələrini ağa ağ, qaraya qara deməyin metodları və prinsipləri çərçivəsində şərh verməyə çalışdım. Əlbəttə, mən ədəbi tənqidçi deyiləm və həyatımı buna həsr etməmişəm. Ölkəmizin müasir ədəbi atmosferinin sanballılığı haqqında söz demək üçün dahi bir şəxs olmağa da ehtiyac yoxdur. Ona görə də bu kəşfiyyat xarakterli "7 hekayə" mütaliəmin motivləri müqayisəli təhlil nəticəsində bəzi nəticələri özüm üçün aydınlaşdırmaq idi.

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi