Mixail Bulqakov - Ölümcül yumurtalar
Mikhail Bulgakov - The Fatal Eggs
Михаил Булгаков - Роковые яйца
1917-ci ilin turbulent inqilab illərini izləyən ərəfədə rus alim-zooloqu, professor Persikov, elə bir şey kəşf edir ki, onun sayəsində canlı orqanizmlərin ölçülərini və reproduktivliyini süni olaraq artırmaq mümkündür. Həmin vaxt həm də qəribə bir xəstəlik bütün Sovet ölkələrinin toyuq-cücələrini məhv edir. Hökümət bu qəribə problemin aradan qaldırılması üçün professor Persikovun bu sınaqdan çıxmamış kəşfini imperiyanın quşçuluq təsərüfatını bərpa etmək niyəti ilə istifadə etmək qərarına gəlir, lakin səhv ucbatından nəinki həmin ölkələri, bütün dünyanı təhlükəyə atacaq vəziyyət ilə qarşılaşırlar. Sosial elmi-fantastika və Sovet inqilabına olan möhtəşəm satira baxımından əsəri Bulqakovun sayılıb seçilən əsərləri sırasına daxil etmək olar. Təsvirlər və süjet oxucunu bu gözəl əsərdən ayırmamaq üçün ustalıqla istifadə olunmuş ədəbi alətlər rolunu oynayıb.
Süjetin təsvirindən də göründüyü kimi söhbət "həyat şüası"ndan, "qırmızı şüa"dan gedir. Professor Persikov bunu laboratoriyada tamamilə bir təsadüfün nəticəsi olaraq kəşf edir. Bu maraqlı kəşf ona əməlli-başlı ad-san qazandırsa da, o, özü bu vəziyyətdən məmnun deyil. Elmi olaraq hələ o qədər suallar, o qədər ehtimallar cavabsız qalıb ki, alim ehtiyatlılığı professor Persikovun əlini-qolunu bağlayır. Buna baxmayaraq, ilk olaraq ictimaiyyət, sonra da hökümət, alimin bu kəşfinə əl qoyur və öz məqsədləri üçün istifadə etmək istəyir. Əslində isə buradakı "qırmızı" sözü çox şeyin izahını vermək iqtidarındadır. Yazıçı qırmızı sözünü imkan tapdığı hər yerdə istifadə edib. Məsələn, təsvir etdyi orqanlar, nəşriyyatlar, jurnallar və s. - "Qırmızı alov", "Qırmızı jurnal", "Qırmızı projektor" və s. Ən əsası isə "qırmızı şüa"nın kəşfi və kəşfinin zamanı professor Persikovun təsvirlərini diqqətlə oxumalıyıq: Qırmızı zolaqda, daha sonra bütün diskdə darısqallıq yarandı və qaçılmaz mübarizə başladı. Yeni doğulanlar bir-birinin üstünə qəzəblə tullanır və didib-dağıdaraq udurdular. Doğulanların arasında yaşamaq uğrunda mübarizə aparanların meyidləri sərilib qalmışdı. Yaxşılar və güclülər qalib gəlirdilər və o yaxşılar dəhşətli idilər. Birincisi, onlar ölçü baxımından adi amöbləri üstələyirdilər, ikincisi, nə isə xüsusi tip aqressiya və oynaqlıq ilə fərqlənirdilər.
Bu təsvirlər deyərdim ki, bədiilik baxımından olduqca uğurlu alınaraq, marksist təlimin, sinfi mübarizənin və iyirminci əsrin əvvəlində baş tutmuş inqilablara verilən gözəl satiradır. Bəs yaxşı yazıçı bütün bu yazılanlar çərçivəsində nəyi vurğulamaq istəyib, nəyə diqqət çəkmək istəyib? Qırmızı rəng marksist təlimi simvolizə etdiyi üçün yazıçının da amac olaraq özünə onu seçməsi diqqətəlayiqdir. Təlimin toxunduğu yerlərdə qəzəb, aqressiya və qanlı mübarizəyə səbəb olmasını, təbii olanı məhv etməsi və normallığın üzərini aşması, kökündə kommunizm ideyalarını daşıyan bütün "qırmızı"ların Bulqakovun nişangahı qarşısında olduğunu deməyə əsas verir. Bu məqamı həmin ərəfədə bu "qırmızı sistem"in başbilənləri də yaxşı başa düşdüyündən, təsadüfi deyil ki, Bulqakov Sovet hökümətinin vaxtında bir o qədər də poopulyar deyildi. Bu povestə görə o, əksinqilabçı və satqın damğaları ilə damğalanmış və kütləvi təzyiqlərə məruz qalmışdır. Halbuki, "Ölümcül yumurtalar" yaxşı ideyaların pis əllərə düşərkən necə də zərərli nəticələrə səbəb olacağını təsvir edən möhtəşəm əsərdir. 90-cı illərdən sonra isə Bulqakov yenidən oxunmağa və təbliğ olunmağa başlanılır ki, cəmiyyətlər sovet nostalgiyasından çıxıb alternativ reallığa daha yaxşı adaptasiya olunsunlar.
Bu povest ilə Bulqakov Dostoyevski kimi düşünür. Dostoyevski hesab edirdi ki, insan sadəcə əməllərinə görə yox, eləcə də öz fikirlərinə və onun nəticələrinə görə də məsuliyyət daşıyır. İndiki halda professor Persikov öz əqli məhsulu ilə hələ buna hazır olmayan kütlənin içinə daxil olmuş və böyük anlaşılmazlıqlara səbəbkarlıq etmişdir. Əlbəttə, baş verən mənfi hadisələrin bütün səbəbləri də bilvasitə professor Persikovda olmayıb, lakin yenə də bütün nəzərlər ona doğru çevrilir. Elə bu məqamda biz cəmiyyətin ən müxtəlif yaruslarının bir nöqtədə öz maraqlarını təmin etmək məqsədi ilə necə kəsişdiklərini və həqiqəti necə təhrif etiklərinin şahidi oluruq. Professor Persikovun başına yığışan adi sakinlər, inqilab nümayəndəsi, mətbuat nümayəndələri, elm adamları və s. bu kəşfi istismar etmək və öz şəxsi məşhurluqlarının adına istifadə etməyin yollarını axtarırlar.
Yazıçıya heyran olmağıma əsas verən ən əsas xüsusiyyət o oldu ki, o, elmi-fantastika motivlərinə əsaslanaraq sosial-fəlsəfi təcrübə xarakterli əsər yazıb və bədii ədəbiyyatın imkanlarından istifadə edərək utopiya və antiutopiya elementlərindən çox fərqli və özünəməxsus tərzdə istifadə edib. Çünki çox vaxt elmi yeniliklərin, kəşflərin bilavasitə özü və onların gələcək prespektivləri ilə maraqlanan Jül Vern və Herbert Uellsdən fərqli olaraq, Bulqakov həmişə məsələlərin sosial tərəfini, adi insanlara ünvanlanan və onlara təsir edən məqamları bədiiləşdirib oxuculara çatdırmaq istəyir. İctimai həyatın, tendensiyaların və proseslərin analizi və onlara əsasən utopik və antiutopik təhlillərin verilməsi Buqakov dəst-xəttinin əsas çalarlarını formalaşdırır. O, cəsarətlə inqilab ideyaları ilə polemikaya daxil olaraq onu ifşa edir və texnokratik höküməti simvolizə edən Sovet Moskvasının əsl xarakterini müəyyənləşdirir.
Hökümət nümayəndəsi Rokkun alimdən bütün avadanlıqlarını əlindən alması və öz bildiyi kimi hərəkət etməsi bizə elmin hökümətin əlində oyuncaq olduğunu və özü bilmədən xəstə təfəkkürlərə xidmət etdiyini göstərən ideal işarədir. Əgər biz bu məqamda professor Persikovun şəxsi dramının şahidi oluruqsa, qəzəbli kütlənin gəlib onu öldürməsi isə əsl faciədir. Bəzi araşdırmacılar isə professor Persikovu Leninə oxşadırlar. Obrazın bir çox təsviri ilə Leninin xüsusiyyətləri üst-üstə düşürı yaş, xarici görünüş və ən əsası isə şəxsi keyfiyyətlər. Hər halda bu məqam abstraktdır.
Dolayı nəticələrdən əlavə, birbaşa, bilavasitə nəticə ondan ibarətdir ki, həyatımızı yaxşılaşdırmağı və asanlaşdırmağı özünə məqsəd seçən elm öz sərhədlərini tanımalı və məhdudiyyətlərini qəbul etməlidir. Elm insan cəmiyyətinin keyfiyyətlərini yaxşılaşdıra bilər, təbiətin qanunlarına müdaxilə etmək və onu dəyişdirmək isə birmənalı şəkildə zərərli və düzgün olmayan fikirdən başqa bir şey deyil. Təbiətlə hesablaşmaq lazımdır, mübarizə aparmaq yox. Bu yolda Mixail Bulqakov kimi yazıçıların bizə ötürdükləri belə gözəl ədəbi irs bizim əxlaqi baxımdan yenidən doğulmağımız yolunda ata biləcəyimiz ən ciddi addımlardan biri ola bilər. Son səhnələrdə İsa Məsih məbədinin peydə olması yazıçının həm də dini dəyərlərin vacibliyinə verdiyi önəmdir və "Ölümcül yumurtalar" povesti ilə biz sadəcə elmi-fantastika motivlərinə əsaslanan sosial təcrübə ilə yox, həm də apokaliptik mif xarakteri daşıyan dini yanaşmaları da müşahidə edirik.
İstinadlar
+ centersot.ru
+ cyberleninka.ru
Oxşar yazılar
Comments
Post a Comment