Qoqol - Ölü canlar

Мёртвые души - Николай Васильевич Гоголь

Dead Souls - Gogol

Başda rus ədəbiyyatı olmaqla, bütün dünyada öz inanılmaz dərəcədə möhtəşəmliyi ilə seçilən "Ölü canlar", ilk dəfə 1842-ci ilin may ayında çap olunub. Belə şedevrin dünyaya gəlməsində Qoqolun verdiyi məlumata görə Puşkinin rolu çox böyük olub. Bu elə bir əsərdir ki, içinə bütün Rusiya və onun izi ilə gedən cəmiyyətləri sığışdırıb və həqiqi mahiyyətini ifşa edib. Qoqolun "Ölü canlar" əsəri bizə 19-cu əsrin sonlarında, 20-ci əsrin isə əvvəllərində mövcud olan Rusiyaya baxmaq üçün əvəzsiz imkan əldə edirik. Sözsüz ki, həmin dövrün reallıqlarını, insanların dramını və bir cəmiyyət kimi problemləri oxumaq təəssüfvericidir, lakin ondan da qat-qat təəssüfverici odur ki, bəzi torpaqların üstünü alan qara buludlar və üstündə gəzən qara adamlar həmin torpaqları yüz illərlə elə lənətləyirlər ki, vaxt-zaman irəliləsə də, heç nə dəyişmir ki dəyişmir. Bu cürə klassik ədəbiyyat nümunəsi oxumamaq bədii ədəbiyyata qarşı edilə biləcək ən böyük haqsızlıqlar sırasına daxil edilər bilər.


Həqiqətən insan belə əsərlərdən sonra düşünən insan pozasını alıb fikirləriş ki, bütün bu yaşadığımız cəmiyyətlərdə, dövlət aparatlarında, rəsmi dairələrdə, idarələrdə, şöbə və bölmələrdə sadə insanın tərəfində olan, ona xidmət edən və gündəlik həyatımızı daha da yaxşılaşdırmaqdan savayı heç nə düşünməyən insanlar çalışsa, gözəl olmazmı? Yox, əsla! Gözəl yox, sadəcə möhtəşəm olardı. Necə ki, balıq başından iylənir, bütün dövlət strukturları, idarələri və məmurlar da özbaşınalıq etdikcə, insanlara yem kimi baxdıqca, rüşvətxorluqdan başqa bir şey düşünmədikcə sadə insanların da həyatı normal, sivil və humanizmlə bol olmayacaq. "Belə camaata belə də lazımdır!" deyənlər sadədəcə özünü düşünən. tənbəl varlıqlardır, başqa heç nə. 

Qoqol
Yazıçı əsərdə sual verir. Elə suallar verir ki, həmin suallar oxucunu düşündürməyə bilmir. Elə parlaq obrazlar vasitəsi ilə bədii tənqid və satira formalaşdırılıb ki, oxucu da dərhal müqayisələrə başlayır. Müqayisələrdən sonra da başa düşür ki, əslində belə yox, elə olmalıdır. Yaradılan hər bir obraz, formalaşdırılan hər bir məkan parçası və deyilən hər bir söz, ancaq və ancaq bir şeyə, saxtakarlıqların ifşası və cəhalətin gücsüzlüyünü göstərməyə hədəflənib. Belə mütaliələrdən sonra insan daha əvvəlki kimi olmur. O, artıq necə bir oyunun içində olduğunu başa düşür və bu düşünən insanın sahib olacağı ən qorxulu silahdır ki, "rəhbər"lər ondan ölümünə qorxur. 

Əsərin əsas obrazı İvan Pavloviç Çiçikovdur. Bu obraz o qədər canlı və özünəməxsusdur ki, hələ ilk dəfə adını eşidəndən sonra o, mənə qarşı doğmalaşdı. İndi oturub öz-özümə düşünürəm ki, bəs yaxşı bu qədər oxuduqlarımdan sonra mən ayağa qalxıb nə deyim? Çiçikov pis insandır, ya yaxşı? Əminəm ki, əsərin oxucuları arasında onu müsbət obraz adlandırıb, yaxşı insan olaraq qiymətləndirənlər həddindən artıq çox olacaq, amma mənim mövqeyim bir qədər fərqlidir. Məncə, o, bizim kimi birisidir, yəni real insanlar kimi. Necə ki, biz nə yaxşıyıq, nə də pis, hər iki xüsusiyyəti də özümüzdə birləşdirmişik, Çiçikov da elə nə yaxşıdır, nə də pis. Yazıçı Çiçikovu elə məharətlə istifadə edib ki, onun soruşduğu suallar, aldığı cavablar və görüşdüyü insanlarla başına gələn macəralar bizə o dövrün Rusiyasını və eləcə də bu günün öz varidatını haradan miras aldığını ideal təsvir edir. Yumor, məzhəkə, faciə, drama və sair kimi bütün ədəbi məqamlar, bizə Çiçikov vasitəsi ilə çox qəribə reallıqları başa salır. Hansı ki bu reallıqlar insanda elə emosiyaları oyadır ki, həmin emosiyalar sözün həqiqi mənasında şüurun ən təmiz dərinliklərindən üzə çıxır və lazım olan dəstəyə malik olsa, çox şeyi dəyişdirə bilər.

Əsərdə olan adlar, təsvirlər o qədər canlı və həyat doludur ki, mövzunu bir kənara qoysaq, təkcə xırdalıqlar və süjet özü bizi zənginləşdirib, əvvəllkindən tam fərqli birisinə çevirəcək. Yazıçının ustadlıq dərəcəsi və dahiliyi də məhz belə məqamlarda üzə çıxır. Bədii ədəbiyyatın əsl məqsədini dərk etməyin nəticəsidir ki, yazıçı reallığı elə bir süzgəcdən keçirir ki, həmin süzgəc bizdə təkrarolunmaz təəssüratlar formalaşdırmağa müvəffəq olur. Möhtəşəmdir elə deyilmi?

Əsərin məğzi qısaca olaraq ondan ibarətdir ki, sizə adını qeyd etdiyim Çiçikov adlı orta təbəqə nümayəndəsi, NN adlı quberniya şəhərinə gələrək, ziyafət zamanı bir çox orta məmur və mülkədarları özünə heyran edir. İndiki dövrün terminologiyası ilə hərəkət etsək, sosial mühəndislik metod və prinsiplərindən istifadə edən Çiçikov, yavaş-yavaş öz gizli məqsədini icra etməyə başlayır. Bu məqsəd də ondan ibarətdir ki, az-maz güvəndiyi mülkədarlara və kəndçilərə yaxınlaşıb onlardan "ölü canlar"ı satın alsın. Ölü canlar adı altında dünyasını dəyişmiş kəndçi və ya fəhlələr nəzərdə tutulur. Tamamilə rəsmi qayda-qanun çərçivəsində həyata keçirilən bu alqı-satqının, görən, məqsədi nədir axı? Hansı normal adam belə bir bazarlığa can atar? Bundan faydası, mənfəəti ya da nə bilim gəliri nə olacaq? Hə, bax bütün bu sualların həm cavabı maraqlıdır, həm də cavabını tapmaq üçün çıxdığımız həqiqət cığırının yan-yörəsi.

Belə ki, o vaxtlar, yəni hələ Çar Rusiyası vaxtında Rusiya imperiyasında iki dənə qəyyumluq soveti olub - Moskva və Peterburq qəyyumluq soveti. Bu sovetlər Moskva və Peterburq uşaq evlərində kimsəsizlərə, qanunsuz olaraq dünyaya gələnlərə sahib çıxır və eləcə də əlil və qocalara yardımlar edirdilər. Hərgah, hər iki qəyyumluq qurumu imperatorun adına idi, xəzinədən onlara pul ayrılmırdı və onlar da şəxsi xeyriyyə əsasında, ya da lotoreya, teatr tamaşaları və ya oyun kartlarının satışından onlara verilən məbləğ hesabına maliyyələləşirdilər. Qəyyumluqlar daşınan və daşınmaz əmlakı, ev və zinət əşyalarını, torpaq sahələrini və orada işləyən kəndçiləri, əkinçiləri zamin kimi qəbul etmək hüququna malik idilər. Belə bir məqam da olub ki, əgər cansız əşyalar natura formasında mütləq zamin qoyulmalı idilərsə də, əkinçilər, ya da kəndçilər fiziki olaraq harasa getməsələr də, sadəcə kimin adına olduqları bildirilərək, rəsmi sənədləri göstərmək zamin kimi qəbul edilə bilirdilər. Bax belə bir yöntəmlə də bizim bu Çiçikov sistemdə mövcud olan boşluqdan istifadə edərək artıq dünyasını dəyişmiş kəndçiləri zamin qoyub qarşılığında sanballı məbləğ almağı planlaşdırırdı. Belə sövdələşmə həm də mülkədarlara da sərf edirdi ki, onlar ölmüş işçilərini canlı kimi satsınlar, həm az da olsa pul qazansınlar. Ümumiyyətlə bu ideya elə sistemin özü tərəfindən Çiçokova bildirilmişdi. Biz çox asanlıqla ehtimal edə bilərik ki, Çiçikov kimiləri heç də az olmayıb. Elə 1000 nəfər ucsuz-bucaqsız Rusiya çöllərinə bu məqsədlə üz tutsa idi, ölülərin hesabına varlanan və özünə cəmiyyətdə ad-san və hörmət qazanan 1000 mülkədarın, aristokratın yaranardı. Qoqolun özü bu məqamı bilirdi və onun üəryi gözüyaşlı yetim uşaqların pulunun kəsilərək hansısa fırıldaqçının cibinə getməyinə razı ola bilməzdi. Bu səbəb həm Qoqolun niyə belə bir əsər yazdığını, həm də Çiçikovun motivlərini izah edir.

"Ölü canlar" Rusiya cəmiyyətinin ruhi özünüdərkinə istiqamətlənən və reallığı özünəməxsus tərzdə təsvir edən möhtəşəm satiradır. Obrazlar arasında yaradılan psixoloji körpülər bu satiranın uğurlu alınmasın əvəzsiz rol oynayıb. Bundan əlavə siyasi çalarlar imperiya dövrünün Rusiyasını möhtəşəm təsvir edir və qorxu mövzusu öz müstəqil inkişaf xəttini getməyə başlayır. Eləcə də əsərdə elə hissələr var ki, (Məsələn, kapitan Kopeykinin hekayəsi və s.) Qoqolun sosial mövqeyini süjetlə birbaşa əlaqədə olmadan əks etdirir. Ümumiyyətlə isə, şübhəsiz ki, yazıçının demək istəikləri Çiçikovun vasitəsi ilə edilir və bir növ Çiçikov yeni insan modelidir. Yuxarıda da qeyd etdiyim kimi, Çiçikov sistemdə olan boşluqdan istifadə etmək niyyətində olan orta sinif keçmiş məmurdur. Məsələnin ironiyası isə onun motivlərinin elə sistem tərərindən ona ötürülməsində yatır. Bütün bunların kəsişməsində biz köhnə Rusiya ilə yeni, formalaşan və müasirləşməyə can atan Rusiyanın müqayisəsini görürük ki, bu prizma bizə sosial və ədəbi toxumları göstərməkdə ideal səviyyəli uğurlar nümayiş etdirir. Belə hadisələrin və süjetin fonunda əxlaqi dirilmə kimi mühüm ədəbi prosesə işarələr verilir.

"Ölü canlar" əsəri ilə bütün dünyaya rus reallıqlarını bədii-estetik yöndən göstərməyə müvəffəq olan Qoqol, özündən sonrakı bədii ədəbiyyatın inkişafına inanılmaz tövhələrini vermiş və günü bu gün də oxşar cəmiyyətlərin və ölkələrin necə acınacaqlı vəziyyətdə olduqlarını və hansı tip insanlardan toxunduğunu göstərir. Belə əsərlər sadəcə keçmiş tarixi dövr haqqında deyil, həm də gələcək haqqındadır, çünki gələcəyin aynası olan keçmişdir. Anton Çexovun "Albalı bağı" əsərində də qeyd etdiyi kimi, bu gündə yaşamağa başlamaq üçün biz gərək keçmişimizlə hesablaşaq və yalnızca sonradan gələcəyimizə gedən yolu indiki anın köməkliyi ilə qurub-quraşdıraq.

Yazıçı Dmitri Bıkov hesab edir ki, "Ölü canlar" Homerin "Odisseya"sı kimi səyahət haqqında olan poemalarındandır. Eləcə də ədib qeyd edir ki, milli bədii ədəbiyyatın kökündə səyahət və müharibə anlayışları fundamental xarakter daşıyaraq konkret obrazın şəxsi metomorfozu və məkanın metaforik ifadəsi ilə birləşdirilərək əsl mənəvi təcrübə yaşadacaq dərəcədə ədəbi əsər formalaşdıra bilir. İndiki halda "Ölü canlar" məhz bütün bu xüsusiyyətlərə malikdir. Belə bir yol heç vaxt öz aktuallığını itirmir. Bəlkə də əsərdə Çiçikovdan savayı adı keçən mülkədarlardan olan Manilov, Nazdryov, Koroboçka, Sobakeviç və Plüşkin bu gün də heç olmayan kimi canlıdırlar. Çünki, "Ölü canlar" insanda insanlığın ölümü və deqradasiya haqqındadır, hansı ki bu proseslər tam sürətlə müasir adlandırdığımız dünyada da cərəyan edir. Hələ üstəlik bununla fəxr edənlərə də az rast gəlməzsən. 

Qoqola görə ruh insanda ən müqəddəs şeydir. Məhz o hər birimizdə olan ilahi yolun başlanğıcıdır. Onu itirmək, satmaq və uduzmaq olar. Belə olanda bədənin yaşayıb yaşamamağından asılı olmadan insan ölür, ölü can olur. Ölü can isə nə özünə, nə ətrafına, nə də cəmiyyətinə faydalı ola bilməz. O, artıq itirilmiş birisidir, çünki o, heç nə hiss etmir. Dağıdır, məhv edir, ya da sadəcə kiminsə yerini tutur. Əslində biz sadəcə əsərin motivlərində sözü keçən Çiçikovun satın aldığı dünyasını dəyişmiş kəndçilərin timsalında bu söz birləşməsini dərk etməməli, həm də yaşayan, lakin ruhunu satmış, mənən zəlil və əlil bürokratları, mülkədarları, məmurları da anlamalıyıq. Belə bir analogiya simmetriyası bizə həm əsərin adını başa düşməkdə, həm də onun əsl mahiyyətini anlamaqda dərindən kömək edə bilər. 

"Ölü canlar" cəmiyyətin sosial mərtəbələrini, korrupsiyalaşmış idarəetmə aparatını, rüşvətxor məmurları, xudbin və axmaq mülkədarları, ictimai haqsızlıqları, mənəvi deqradasiyanı, ən əsası isə həqiqi mənada ölməyin nə olduğunu göstərən ideal ədəbi əsər olub, hər bir insanın təfəkküründə tamamilə yeni və təravətli üfüqlər yaradacaq. İlahi, biz necə bir dünyada yaşayırıq belə?

Aşağıdakı vebsaytlar mənə ilham verdi
1. http://www.litra.ru/ 
2. http://goldlit.ru/
3. http://5litra.ru/
4. https://www.proza.ru/
5. http://moluch.ru/

Comments

Post a Comment

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi