Cerri Toner - Qulları necə idarə etməli
Jerry Toner - The Roman Guide to Slave Management: A Treatise by Nobleman Marcus Sidonius Falx
Джерри Тонер - Как управлять рабами
"Qulları necə idarə etməli" antik dövrün "insan resursları meneceri"nin dilindən yazılmış möhtəşəm kitabdır. Roma aristokratı Mark Sinodiy Falks adı altında Kembridc Universitetinin qədim Roma üzrə alimi, elmlər doktoru Cerri Toner gizlənib. Bu səbəbdən kitab olduqca əsaslı mənbələrə söykənir və qədim Romada mövcud olmuş quldarlıq haqqında ətraflı məlumat təqdim edir: qulların əldə edilməsi, onların təhsili və tədrisi, fiziki cəzalar və onların qidalanma rejimləri, ailə mühitində onların rolu və s. Kitab o kəslərə xüsusilə əhəmiyyətlidir ki, onlar əsasən insanlarla işləyirlər. Başqa sözlə, müasir dövrümüzdə "İnsan resursları" adlandırdığımız sahənin peşəkarları, mütəxəssisləri və ya sadəcə bu sahə ilə maraqlananlardır, qədim dövrün insan resursları haqqında ətraflı məlumat toplamaq, həm də müasir dövrün insanları ilə işləməkdə əvəzsiz məlumat mənbəyi olacaq.
Ümumiyyətlə ideyanın özü, yəni qədim dövrün aristokratının dilindən quldarlıq haqqında məlumatların verilməsi olduqca maraqlı ideyadır. Belə format icazə verir ki, oxucu konkret və şablon tarixi monoqrafiya əvəzinə maraqlı və həyəcanlı bir əsər oxumaq təcrübəsi yaşatsın. Bu səbəbdən Cerri Tonerə böyük təşəkkür düşür ki, o, üzərindən min illər keçən bir dövrü bizim müasir dilimizlə sadə və anlaşıqlı dil ilə bizə tərcümə edib. Eləcə də düşünməyin ki, qədim Romada mövcud olmuş quldarlıq ənənələri sadə və mənasız bir şey olub. O dövrə aid yazılı mənbələrin az olması bizi həmin dövr ilə əlaqədar dolğun təsəvvür əldə etməkdə əlimizi-qolumuzu bağlayır, lakin müəllif maksimal dərəcədə bu problemi aradan qaldırıb.
Qədim dövrdə də qudlarların müxtəlif növləri olub. Onlardan bəziləri sadəcə 1-2 qula sahib olub öz təsərrüfat və ya məişət işlərini görürdülərsə, bəziləri yüzlərlə qula sahib olub əməlli-başlı böyük insan qrupuna rəhbərlik etməli olurdular. Bu da öz növbəsində onlara qulların idarə edilməsi baxımından özünəməxsus və əvzsiz təcrübə qazandırırdı. Mark Sinodiy Flaks da belə birisinə nümunədir. Kitabın da məhz belə böyük qrupa rəhbərlik etmiş aristokratın dilindən yazılması diqqəti cəlb edir. Bu üslub bizə daha maraqlı və praktiki məlumatlar ötürür. Məsələn, qulları seçərkən hansı xüsusiyyətlərə fikir vermək lazımdır? Onların fiziki və mənəvi dünyasını necə düzgün olaraq dəyərləndirib öz mülkünün bir hissəsinə çevirmək olar? Onlarla münasibətdə nələrə yol vermək olar, nələrə yol vermək olmaz? Çünki qul olsalar belə qədim söz bizə ehtiyatlı olmağı tapşırır: Nə qədər qulun varsa, bir o qədər də düşmənin var. Onlara hansı halda azadlıq vermək olar, hansı halda həmişəlik özündə saxlamaq lazımdır? Onları hansı halda və necə mükafatlandırmaq və ya əksinə cəzalandırmaq lazımdır? Onların işlərini necə izləmək lazımdır ki, malikanənin mal-mülkünə xətər yetirməsinlər və gizlin işlərlə məşğul olmasınlar və s.
Həm də bədii çalarları özündə daşıyan kitabı oxuduqca bir az təəccüblənirdim. Təəccüblənirdim ki, "Dünyada artıq quldarlıq dövrü bitib! Urrraa!" fikri tamamilə boş və mənasız bir şeyə çevrilir. Yuxarıda sadalanan prinsiplər və suallara verilən cavablar mənə bizim bu günkü, qapının o tayındakı dünyanın iş prinsiplərinə 99%-lik oxşarlıq ilə məni heyrətləndirdi. Mahiyyət etibarı ilə dəyişən bir şey yoxdur. Bu gün şirkətlər, böyük firmalar və digər qurumlar da eyni metodlarla və prinsiplərlə işçiləri seçirlər, onları hər gün artıqlaması ilə iş yerlərində saxlayırlar və sonunda sadəcə 1 və ən yaxşı halda 2 günlük istirahətlə başlarını aldadırlar. Mən çox heyrətlənirdim ki, minlərlə il bundan öncə olan düşüncə tərzi, yanaşmalar və paradiqmalar hələ də öz aktuallğını itirmir. Bu çox şeydən xəbəb verir. Birincisi, bu ondan xəbər verir ki, bəşəriyyət nə özünə, nə də başqa məsələlərə yanaşmasını təkamül etdirmir. Bunun səbəbi primitiv düşüncələrin, axmaq ideyaları və mənasız rejimlərin hələ də sözünün kəsərli olması və hələ də onların min illərlə hakimiyyət adlanan illüziyadan istifadə etmələridir. Bu fikir məni ona görə məyus edir ki, insan olaraq şüurlu varlıq kimi varlığımızın nə özümüzə, nə də başqa canlılara faydasını görmürük. İkincisi, bu ondan xəbər verir ki, bütün bu alimlərin, yazıçıların və mədəniyyət adamlarının azadlıq çağırışları sadəcə boş-boşuna hava boşluğunda ora-bura uçuşub, sonra da itib-çıxıb gedib. Onu dəyərləndirən, qiymət verən və öz düşüncə tərzinə çevirənlər tək-tük insanlar olub ki, onların da axrına cəmiyyətlər elə çıxıblar ki, heç yadplanetlilər dünyamızıa hücum etsələr belə birliklə və ehtirasla bunu etməzlər. Üçüncüsü, biz hal-hazırda böyük yalanın içində yaşamağa davam edirik. Biz özümüzü də, başqalarını da inandırmışıq ki, sivil, mədəni və möhtəşəm cəmiyyətlərdə yaşayırıq, amma idarəetmə prinsipləri, metodları və mahiyyəti quldarlıq dövründən alınan mirasın üzərində qurulub. Çox uzağa getməyək, cəmisi 100 il bundan öncə ABŞ-da qaradərili insanlara əsaslanaraq hakim olan quldarlıq dövrü bəşəriyyətin üz qarası deyil bəs nədir? Bu gün Çində çoxlu qul uşaqlar var. Ucuz Çin məhsullarını onlar istehsal edirlər. Elə ABŞ-ın və Rusiyanın özündə də az da olsa immiqrantlardan formalaşdırılan qul işçilər komandasına hər ştatda və oblastda rast gəlmək olar. İndi gəlin oturub fikirləşək görək bu nə deməkdir axı? Dördüncüsü, heç nəyin dəyişməməyi insan iradəsi və əqlinin mahiyyətini də ifşa edir və əslində onun da bir illüziya olduğunu sübut edir. Təmiz şüurun, elmin və əxlaqın bu mübarizədə zəif olması və elə hey məğlub olması mənə deyir ki, insanın mənəvi xüsusiyyətləri ona yol yoldaşlığı etməkdə heç də sadiq mövqedən çıxış etmir. Beşincisi və hələlik sonuncusu, bizim gələcəyimiz daha da böyük quldarlıq dövrünün əsarətində olacaq. Müxtəlif dahilərin antiutopiyaları və fantastik əsərləri bizə bunu başa düşməkdə yaxından yardımçı olar bilər. Əgər Roma imperiyasının həyat tərzi bu gün də öz varlığını qoruyub-saxlayıbsa, deməli, gələcək də istisna deyil. Kemiş gələcəyin yanasıdır. Odur ki, yoldaşlar, xeyirli olsun, bizlərin statusu min illər öncə nə idisə, indi də odur, necə idarə olunurduqsa, indi də eləyik və gələcək haqqında düşünməyin də bir mənası görünmür.
Məndən fərqli olaraq cari kitab bu gün iş həyatında öz sözünü deməyə çalışan, məqsədyönlü, "məqsədlər bütün vasitələri doğruldur" və "ağıllısansa niyə kasıbsan" kimi qəddar mikroideologiya sahibləri üçün çox yaxşı motivasiya və bilik mənbəyi də ola bilər. Belə əsərlər onların mental enerjilərini artırar. Bu gün başqalarının məlumatsızlığından istifadə edib öz məqsədlərinə nail olmağa çalışan çoxsayılı insan resursları mütəxəssisi və biznes işçilər var. Odur ki, kitab hər iki cəbhəyə xitab edir və hər ikisinə də nə isə hədiyyə edir. Məni nələr haqqında düşünməyə vadar etdi, onu sizə izah etdim.
Kitab mağazalarında gördüyümüz "Müasir insan resursları menecmenti" tipli bütün kitabların mahiyyəti və məğzi bir tək bu kitaba sığışıb. Quldarlıq sözünə qarşı bizim beynimiz alternativlər düzüb-qoşsa da, sistem elə həmindir. Ehtiyac yoxdur hansısa nəzəriyyəyə dayalı axmaq söz yığını insan resursları kitablarını oxumağa. "Qulları necə idarə etməli" kitabında oxuduğumuz cümlələrdə yer alan "qul" sözünü müasir terminlərdən olan "mütəxəssis", "işçi", "əməkdaş", ya da başqa bir analoji sözlə əvəz etsək, mütaliə zamanı gözlərimizin önüncü ya özümüzün iş təcrübəsi, ya da başqa bir dostun, yoldaşın iş həyatı gələcək.
Kitabın yazı üslubu çox özünəməxsus və axıcıdır. Sözlər, cümlələr və fikirlər ideal harmoniyadadır. Düzü, uzunçuluq var, onu gizlətməyim. Bəzi ideyalar, fikirlər və təsvirlər dəfələrlə və dəfələrlə yenidən qeyd olunub, hansı ki buna ehtiyac yox idi, amma yenə də ümumi dəyərləndirməm yüksəkdir. Əlavə olaraq, hər bir fəslin sonunda müəllifin sırf elmi, tarixi mövqedən bildirdiyi qısa şərhlər var. Bu şərhlər bizə bədii və sadə üslubdan, elmi müstəviyə, akademik çərçivəyə rahat keçidimizi təmin edir. Çoxlu nümunələr və maraqlı izahlar təcrübəni nəzəriyyədən ön plana çəkir ki, bu da kitabdan əldə olunan faydalı iş əmsalını artırır.
Qorxuludur. Qorxuludur ki, dünyada fahişəliyin, uşaq əməyinin, istismarın, müharibələrin, süni virusoloji xəstəliklərin, iqtisadi böhranların, axmaq qlamur istehlakın, istehlak cəmiyyətinin, sosial-ictimai bərabərsizliyin timsalında quldarlıq hələ də davam edir. Təəssüflər olsun ki, bizim düşüncə tərzimiz, dünyanı dərketmə yöntəmlərimiz hələ də primitivdir. Heyif ki, qulağımız qulaqlıqlarla tıxanıb və sadəcə texnoloji axmaq musiqilərdən başqa heç nə eşitmək istəmirik. Təəssüf ki, belə dünyada yaşayırıq. Biz özümüzü və başqalarını da dinləməkdən könüllü olaraq imtina etdik. Bu quldarlığa daha da güc qazandıracaq.
Comments
Post a Comment