Mustafa Məstur - Tanrının ay üzündən öp
Əsərləri 20-dən çox dilə çevrilən cənubi azərbaycanlı Mustafa Məsturu İran, eləcə də dünya ədəbiyyatına tanıdan ilk irihəcmli əsəri olan “Tanrının ay üzündən öp” romanı çap olunduğu vaxtdan oxucuların və ədəbi tənqidçilərin böyük marağına səbəb olmuşdur. On beş ildə yüksək tirajla 50 dəfədən çox nəşr edilmiş və “Golden Pen” mükafatına layiq görülmüşdür. Məstur həmçinin ədəbiyyatşünas alim kimi də fəaliyyət göstərir. XX əsr Amerika ədəbiyyatının qısa hekayələr ustası Raymond Karverin kitablarını fars dilinə çevirmişdir.
"Tanrının ay üzündən öp" romanında özünü göydələndən ataraq intihar edən məşhur fizikin intihar səbəbini araşdıran, eyni zamanda bu tədqiqat zamanı qarşısına çıxan "Tanrının varlığı və yoxluğu" mövzusuna fəlsəfi və emprik dəlillər axtaran gənc dissertantın həyatından bəhs edir.
İran ədəbiyyatı və kinematoqrafiyası haqqında qısaca
Müasir dünyamızında İran elə bir ölkədir ki, orada hələ də ideyaya hörmət yüksək səviyyədədir və bu da təbii olaraq özünü ölkənin yaradıcıllıq sferasında təzahür etdirir. Əgər siz İran kinematoqrafiyasının bəzi nümunələri ilə tanış olsanız və eləcə də müasir ədəbi əsərlərini mütaliə etsəniz bu sözlərin doğruluğunun əyani şahidi olacaqsınız. İndiyədək izləyidim bir çox İran filmi və bu yaxınlarda oxuyub-tamamladığım müasir İran yazıçısı Mustafa Məsturun "Tanrının ay üzündən öp" əsəri öz ideyayüklülüyü ilə, qısa müddət ərzində izləyiciyə və ya oxucuya yüksək miqdarda informasiya ötürməyə, ruhi və ədəbi təcrübə yaşatmağa müvəffəq olur.
Tanrının ay üzündən öpün
Yazıçının böyüklüyünü və ədəbi imkanlarını sübut edən ən əsas cəhətlərdən birisi də odur ki, istənilən mövzunu bizim gündəlik ailə-məişət müstəvimizə daşıyıb gətirməyi bacarsın. Qəhrəmanlar, qeyri-adi hadisələr, fövqəllik və bənzər mövzulardan yazmaq və yeksənəklikdən bezmiş oxucuları xəyallar dünyasına dartıb aparmaq bir öncəki cümlədə qeyd etdiyim yaradıcıllıq istiqaməti ilə müqayisədə daha asan ola bilər. Mən belə bir təcrübə ilə yaxından tanışam. Haruki Murakami ilə tanışlığımın nəticəsi məhz belə oldu. Bu yazıçının kəşfindən sonra mən gündəlik həyatımda sürrelizmə, magik realizmə və absurdluğa xüsusi yer ayıra bildim. Tamamilə fərqli və yeni təfəkkür üfüqlərini kəşf etdim. Sadəcə hansısa mövzunu, universal problemi elmi və ya dini nöqteyi-nəzərdə yox, həm də gündəlik həyatına daşımağı bacaran sıravi insanlar əsl ədəbi təcrübə yaşaya bilib, özünəməxsus şəxsiyyət formalaşdıra bilərlər. İndiki halda da Mustafa Məstur bizə məhz belə bir imkanı yaratmış oldu. O, ağır teoloji məsələləri, əbədi sualları və insani ağrıları bizim populyar mədəniyyətimizə, gündəlik məişətimizə və cari düşüncələrimizə dartıb gətirə bildi. Bu çox maraqlı məqamdır və ustadlığın bir göstəricisidir. Hərçənd mən "Tanrının ay üzündən öp" əsərindən öncə də əsərdəki sualları öz-özümə verirdim, mənim üçün maraqlı məqam o oldu ki, yalnız olmadığımı gördüm. Ədəbi əsərlərdə özümüzdən bir hissə, həyatımızdan bir an görməsək, o əsər bizim üçün itirilmiş əsər olar.
Obrazlar
Obrazları başa düşmək və onların ədəbi bədəni ilə olanları yaşamaq bizə romanı başa düşməkdə əvəzsiz rol oynayacaq. Elə bu səbəbdən də obrazları üç böyük qrupa ayıra bilərik. İlk qrup aşkarda olanlar, ikinci qrup ötərilər, üçüncü qrupu isə batin-gizlin olaraq adlandırsaq, xüsusilə "batin-gizlin" qrupundan başlayaraq xüsusi bir məqamı vurğulamaq istərdim. Yazıçının yaratdığı obrazlar baxımından sadəcə bir obraz - Doktor Parsa və Culya bu qrupa aid olmaqla yazıçı tərəfindən bizə olduqca vacib məlumatları ötürmək məsuliyyətini öz üzərlərinə götürüblər. Əlbəttə onları başa düşmək üçün gərək oxucu özü bilavasitə formalaşmış və təcrübəli oxucu olsun ki, şüuraltı və intuisiya səviyyəsində gizlin qalan bu obrazların hekayəsini özü romanın süjetinə və məğzinə calaya bilsin. Bu məqam bir qədər çətinlik də törədə bilər, məsələyə xüsusi ədəbi çalarla da qazandıra bilər. "Aşkarda olanlar" təbii ki romanın görünən, üzdə olan və lokomotiv xarakterli obrazlarıdır. Bu obrazlar vasitəsilə ən əsas hadisələr və proseslər baş verir. Yunis Firdovs, Mehrdad və Sayə kimi obrazlar bu qəbildəndir. Onların arasında yaranan psixoloji körpülər yazıçı tərəfindən olduqca aydın və dəqiq formada təsvir olunub ki, bu da təhkiyəni tamamlayaraq ədəbi ağırlığın yaranmasına və ideya yükünün daha dolğun çatdırılmasına gətirib çıxarır. "Ötərilər" qrupunda müəyyən obrazlar var ki, qəhrəmanlarımız onlarla qısa müddət ərzində müəyyən ünsiyyət prosesində olurlar, lakin öz parlaqlıqları ilə onlar da heç də "Aşkarda olanlar"dan geri qalmırlar və oxucunun əlvan təxəyyül limanında lövbər salırlar. Əlirza bu qəbildən obrazdır. Bir qədər ideallaşdırılan bu obraz bəlkə də yazıçının bu əsər üçün nəzərdə tutduğu mənəvi etalondur.
Həqiqət qabı
22.09.16 tarixində yazıçı ilə AMEA Mərkəzi Elmi kitabxanasında təşkil olunan görüş əsnasında yazıçıya "həqiqət" haqqında verdiyim sual anı |
Yazı üslubu və bədii ağırlıq
Şüurlu varlıq kimi insanların istər gündəlik, istərsə də gündəlik olmayan işlərində axtardıqları ilahi işarələr onları içəridən narahat edir. "Görəsən o həqiqətən də varmı?" deyə sual verən Yunis, özü kimi milyonlarla haradasa xəyali bir nöqtədə birləşsə, səsi "o"na daha gur çatarmı?
Əsərin dilimizə tərcüməsi çox yaxşıdır. Çox axıcı və sadə dillə belə ağır mövzuların oxucuya çatdırılması öhdəsindən gəlinəsi asan olmayan işdir. Pafossuz və həyatın içindən, elə həyatın içində olan insanlar üçün yazmaq müqəddəs missiyadır. Gözəl səhnələr, gözə bədii üslubla, cümlə və söz birləşmələri ilə çatdırılıb. Eləcə də, vurğulanası başqa çox mühüm məqam ondan ibarətdir ki, Məsturun dəst-xətti oxucudan heç bir əlavə əhval-ruhiyyə tələb etmir. İzah edirəm: bəzən bəzi yazıçıların əsərlərini oxumaq üçün gərək müəyyən ruh halına, əhvala girəsən. Belə olmasa, əsərlə və ya yazıçı ilə kommunikasiya yaranmır. Belə bir mütaliənin isə bir mənası yoxdur. Bu səbəbdən Məstur sizdən sadəcə vaxtınızı və təxəyyülünüzün bir hissəsini ödünç alıb əvəzində sizin doğma dilinizdə sizinlə mükaliməyə daxil olacaq.
22.09.2016
22 noyabr 2016-cı il tarixində Msutafa Məstur Bakıya təşrif buyurub öz azərbaycanlı oxucuları ilə görüşdü, kiçik mühazirə verdi və kitablarını imzaladı. Yazıçıda məni heyran edən ən əsas cəhət ondan ibarət oldu ki, çox yaxşı bənzətmələr vasitəsi ilə bir çox vacib mənəvi proseslərlə analogiya yaradıb maraqlı izahlar edirdi. Bu onun göstəricisidir ki, yazıçı sözün həqiqi mənasında düşünməyi və müstəqil yaratmağı bacarır. Onun bəzi fikirləri xatirimdə xüsusi yerini tutdu:
- Yazıçılıq seçimlərlə əlaqədar olan bir şey deyil. Çox vaxt yazıçılıq özü səni seçir, sən onu deyil.
- Yazıçını yazıçı edən onu təqib edən mənəvi məqamlar, ruhi ağrılardır. Bu heç də gözəl şey deyil. Mən arzu edirəm ki, sizin həyatınız ağrı və iztirablarla deyil, rahatlıq və xoş günlərlə dolu olsun.
- Senzuranın olub olmamasından asılı olmadan, cəmiyyətin daxilində öz sərhədləri var. Bu sərhədlər hansısa ədəbi əsəri, musiqi parçasını və ya rəssam tərəfindən çəkilən şəklə öz yerini göstərir.
- Yazıçı gərək yazdıqlarından böyük birisi olsun. Bəzi yazıçılarla ünsiyyətdən sonra görürsən ki, onlar yazdıqlarından kiçik birisidirlər, halbuki bunun əksi olmalıdır.
- Yanımda mərmi partlasa bəlkə də onun səsini eşitmərəm, amma 700 kilometr aralıda ağlayan bir insanın səsini eşidə bilərəm.
- Nizami haqqında danışanda mənə elə gəlir ki, günəş haqqında danışırıq.
- Hekayə yazmağı az güllə ilə döyüşməyə bənzədirəm.
- Hekayə yazmağı az güllə ilə döyüşməyə bənzədirəm.
Görüşün baş tutmasında Mədəniyyət və Turizm Nazirliyi, ATV Kanalı, Parlaq İmzalar Nəşriyyatı, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi, AMEA Mərkəzi Elmi Kitabxanası öz dəstəklərini əsirgəmədilər. Şübhəsiz ki belə görüşlər ölkənin müasir ədəbi mühitinin formalaşmasında müstəsna rola sahib olacaq və gəncləri mütaliəyə stimullaşdıracaq.
Xülaseyi-kəlam
Mustafa Məsturun ölkəmizə gəlişi məni çox məmnun etdi. Əsəri müasir üslubda yazılmış əbədi həqiqətlər haqqında romandır. Belə tərz imkan verir ki, oxucular özləri, ətraf-aləm və mənəviyyatları haqqında bir daha düşünsünlər. Düşünsünlər ki, güclü ola bilsinlər. Güclü olmaq, öz ayaqları üzərində durmaq və kainatla hesablaşmağı bacarmaq, əbədi dünyaya gedən ən qısa və düzgün yoldur.
Comments
Post a Comment