Nikolay Starikov - Dolların xilası - müharibə

Николай Стариков - Спасение доллара - война

İkinci Dünya Müharibəsinin qalıqları arasından dünyanın bir nömrəli valyutası kimi çıxan ABŞ dolları bu gün də bu mövqeyini qoruyub saxlayır. Onun bu mövqeyini qoruyub saxlamaq üçün üsul və vasitələr elə köhnə məktəblə davam edir, yəni müharibə-müharibə oynamaqla. ABŞ öz valyutasını qorumaq üçün dünyanı xaosa bürüməkdə davam edir. Artıq heç nə stabil deyil. NATO, Avropa birliyi və digər təşkilatlar bu gün dilemmalar qarşısındadırlar. Bəs yaxşı bütün bu hadisələrin fonunda müasir Rusiyanın vəziyyəti necə olacaq? Bu sadə görünən sualın cavabını Nikolay Starikov cavablandırmağa çalışıb. Gəlin görək nə dərəcədə uğurlu alınıb. 
Ölkəmizin də bu gün yaşadığı bəzi iqtisadi reallıqların müşayəti altında bu kitabın lap yerinə düşəcəyini və bəzi məsələlər haqqında biliklərimi təkmilləşdirəcəyimi düşünərək kitabın mütaliəsinə başladım. Qısa müddət ərzində məyus olsam da, kitabı sona qədər tamamladım, lakin mənə nələrin qaldığını çıx-daş edəndən sonra ikiqat məyus oldum. Sadəcə bu da deyil, həm də kitabın dilinin çox primitiv olması və savadsız yazılışı məni çox təəccübləndirdi. Rus dilini zəif bilənlər belə bu faktın fərqinə asanlıqla şahidlik edə bilərlər. 

Hər şeydən əvvəl kitab siyasət haqqındadır. Hər nə qədər dollar valyuta, valyuta da iqtisadiyyat və maliyyə dünyasının ən əsas elementi olsa da, kitab ABŞ dolları və ölkələri iqtisadi nöqteyi-nəzərdən deyil, tamamilə şəxsi siyasi mövqe və propoqanda prizmasından işıqlandırır ki, bu da öz növbəsində kitabın nə elmi, nə də şəxsi inkişaf və ya populyar mütaliə predmeti olması reallığını inkar edir. Belə mövzularda "Mənim xouşma gəlir" ya da "Xoşuma gəlmir" kimi ifadələr istifadə etmək və ifrat şəxsi münasibət sərgiləmək çox qeyri-profesionaldır. Sərbəst yazmaq yaxşı şeydir, amma elmi təhlil və rasional yanaşma hər şeydən üstündür. Dünyada nə qədər insan varsa, bir o qədər də fəlsəfə var deyir Mustafa Məstur. Odur ki, kimin ayrı-ayrılıqda düşünməsinin obyektivliyin aşkar edilməsi baxımından heç bir əhəmiyyəti yoxdur. Göstərilən arqumentlər məhdud yanaşmanın və müəyyən dünyagörüşünün məhsuludur. Qərəzli yanaşma yeniyetmə düşüncəsini xatırladır və tarixi faktlar kasıb formada istifadə olunub. 

Xüsusilə onu vurğulamaq lazımdır ki, müəllif patriot fason bir kəsdir, amma kordur, görmür. Bəzən axmaq ideologiyalar, mənasız özünüaldatmalar belə kitabların yazılışını labüd edir. Anti-Amerika propoqandası ilə məşğul olmaq və əslində düşmənə işləyən höküməti tərifləyən kitab yazmaq böyük yalanın badına gedən qurban kimi Nikolay Starikovu pis vəziyyətə qoyub. Kitabda heçmi həqiqət yoxdur? Var. Müəyyən qədər. Bəzi kiçik, xırda məsələlər haqqında düzgün olaraq məsələyə toxuna bilib, amma yalnızca toxunub, qucaqlamayıb. Ona görə də ümid etmək və lazım olandan artıq dəyər verməyə dəyməz. 

Vəhşi etatizm və birtərəfli yanaşmalar fontanı kimi kitab nadir nüsxə hesab edilə bilməsə də, uğurunun kökündə dayanan əsas səbəb müasir marketinq prinsipləri və müəllifin sosial əhatəsinin genişliyindədir. Müəllifin uzun müddət media sahəsində çalışması və yaxşı əlaqələr qurması kitabın reklamı üçün yaxşı şərait yaradıb, amma Rusiyanı xilas etməkdə çox çətinlik çəkib. Müasir Rusiyanı nə gözləyir? Bu sual əslində yaxşı sualdır. Bizim bu ölkə ilə sərhədimizin olması və Rusiyadan həmişə təsirlənməyimiz bu ölkəni bizə, bizi də onlara laqeyd olmamağa məcbur edir, lakin bu sual çox müəmmalı sualdır. Desək "A" olacaq, desək "B" olacaq, nə dəyişəcək? Biz bu mürəkkəb mexanizmlərin içində zərrəciklərik. Oyunu oynayan isə operatorlardır. Ona görə də belə suallarla beyni yormağa dəyməz yoldaşlar. 

Bu yazıda bir iqtisadçı kimi ABŞ dollarının həqiqi gücü və gələcək prespektivi haqqında nə isə yazmaq istəmirəm. Bu geniş mövzudur. Eləcə də, başqasının pulunu saymaqdansa, öz evinin içinə baxmaq daha məsləhətlidir. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi