Möcüzələr - Чудеса - Le meraviglie
"Möcüzələr" filmi bir italyan arıçı ailəsinin sadə, zərərli təsirlərdən uzaq, saf və təmiz həyatını təsvir edir. Ata Volfanq və ana Angelika lüksdan uzaq, televiziyanın və dəbdəbəli geyimin təsirindən kənar olaraq qızlarını böyütməyə çalışırlar. Onları xoşbəxt ailə adlandırmaq olmaz. Volfanq emosional və qeyri-müəyyən insandır, Angelika isə maliyyə ehtiyacları baxımından çox narahatdır. Onlar həyatlarını arıçılıq və balın hazırlanması ilə təmin edirlər. Ailənin böyük qızı ailə biznesini bir televiziya şousuna üzv etdikdən sonra isə onlar özlərini uzun müddət yad olan dəbdəbəli və əyləncəli bir reklam və kommersiya dünyasında tapırlar. "Möcüzələr" olduqca realistik və bəzən də sənədli film deyiləcək dərəcədə gözəl bir filmdir. Əsas obraz isə atasına qarşı sadiqliyimi, yoxsa öz arzularını gerçəkləşdirməyinmi düz olduğuna qərar verə bilməyən gənc qız Gelsominadır.
Ümumiyyətlə filmin əsl mahiyyətini arıçı Volfanqın "Müəyyən şeylər var ki, onları pulla ala bilmərsiniz" cümləsi ilə başa düşmək olur. Bəzən həqiqi olan nəyisə qoruyub saxlamaq çox çətin olur. Çünki dünyamız, bizim, insanların cəmiyyəti, təbiəti, səmimiliyi, gözəlliyi və həqiqi insan hərarətini məhv etmək üçün qurulmuş dəmir maşın kimi bir şeydir. Volfanq bu haqda iştirak etdikləri televiziya şousunda da deyir. Doğrudur, o, bunu lazım olan dərəcədə etmir, amma bu kifayət edir ki, aparıcı özünü eşitməməzliyə vurub ondan uzaqlaşsın. Hər şeyi istismar etməyin, tükətməyin və məhv etməyin əsl siması budur: özünü eşitməməzliyə vurub həqiqətdən uzaqlaşmaq.
Nataniel Hausorn deyirdi ki, yetkin insanların daxili və gizli emosiyaları çox vaxt onların uşaqlarının hərəkətləri ilə üzə çıxır. Çox maraqlı fikirdir və bunun doğruluğunu gündəlik müşahidələrimizlə sübut edə bilərik. Ailənin başına hərləndiyi böyük qız Gelsomina özünü əsl şahzadə arı kimi aparır və onun arzuları onu seçimlərin qarşısına itələyir. Xüsusilə, televiziya şousunda iştirak etmək və daha fərqli həyatı ani olaraq yaşamaq istəyi onda getdikcə daha da alışan arzu formasına düşür. Gelsominanın daxilində çoxlu müəmmalar və düşüncələr var. Atasının arıçılıqda ən yaxın köməkçisi olsa da, atası onu bir qadın kimi görmür. Dörd qıza, amma bir dənə də olsun oğula sahib olmamaq Gelsominanı ağır yüklə yükləyir və atasının dostu onlara Gelsominanın getdikcə böyüdüyünü və qadına çevrilməyə hazırlaşdığını deyəndə, atası bu həqiqəti qəbul etmək istəmir.
Buna baxmayaraq ailədə bir oğlan uşağı peydə olur. Onun peydə oluşu çox şeyi dəyişməyə başlayır. Martin, rəsmilərin dediklərinə əsasən çox "yaxşı" kriminal karyeranın başlanğıcındadır. Onun reabilitasiya olması üçün o, Volfanqın ailəsinə təhvil verilir ki, burada işləsin və xüsusi sosial proqram çərçivəsində pis vərdişlərindən uzaqlaşsın. Martin ailədə yad bir göz kimidir. Onun gəlişi həm də izləyiciyə bu ailəyə alternativ nəzərlərlə baxmağa kömək edir. Gelsominanın metomorfozunda Martinin rolu isə çox böyük olur. Ailənin onunla olan uğursuz ünsiyyət cəhdləri əslində onların xarici aləmlə olan uğursuz kommunikasiyalarına da işarədir.
Aktyor və aktriasalar haqqında nə isə ciddi bir şey demək olmur. Yeganə tanınan ad Monika Beluççidir. Maria Aleksandra Lunqu isə Gelsomina rolunun öhdəsinədən ideal olaraq gəlib.
İtaliyanın şəhərdənkənar yerlərinə olan kiçik səyahət lap yerinə düşdü. Gözəl təbiət səhnələri, maraqlı yerlər və Etruskların mədəniyyəti ilə əlaqədar elementlərin olması çox özünəməxsus vizual təcrübə yaradır. Drama, emosiya və müəmmalar bu sadə filmi yaddaşlara həkk etməkdə səbəbkarlıq edən ən əsas inqredientlərdir. Əgər sakit, səmimi, ideya yüklü süjeti izləmək istəsəniz "Möcüzələr"i mütləq izləyin, çünki möcüzələr əslində hər an hər dəqiqə bizimlə baş verir, sadəcə onları görməyə özümüzü məcbur etməliyik.
P.S. Film ərzində balaca qız uşaqlarının eşitdiyim qışqırıqları, gülüşləri və səs-küyləri mənə o qədər xoş təsir göstərirdi ki, sanki, bu səs-küy adi səs-küydən tam fərqli idi. Həqiqətən də bəzi şeyləri pul ilə ala bilməzsiz.
Comments
Post a Comment