Nicat Həşimzadə - Qogenin ikinci qadını
Gənc müəllif Nicat Həşimzadənin "Qogenin ikinci qadını" kitabı bizə müəllifin müxtəlif mövzular ətrafında yazılarını oxumağa imkan yaradır. Topluda bir çox dini-fəlsəfi və ailə-məişət mövzularına fərdi və subyektiv yanaşmalar öz yerini tapıb.
Kitabın yazı tərkibini iki böyük hissəyə ayırmaq olar. Birinci hissə müəllifin oxuduğu romanlara və kitablara verdiyi şəxsi rəylərindən ibarətdir. İkinci hissə isə həmin hissənin məzmununun nəqlidir. Bu iki böyük axın tez-tez bir-birinə qarışır, bəzən biri daha aydın görünür, bəzənsə digəri. Rəylərin özlərinin də ən müxtəlif növləri olur. Bəzən rəyləri emosional təəssüratların ifadəsi, bəzənsə də sadəcə rasional tənqid kimi oxuya bilərik. Nicat Həşimzadə isə yazılarında çox qısa, bəzən düzgün, bəzən elmi, bəzən də olduqca subyektiv və dar prizmalı yanaşmalarını əks etdirir. Məzmun hissə isə mənim heç xoşuma gəlmədi, çünki mən qəti spoyler əleyhadarıyam. "Dahiləri öldürən obrazlar" adlı yazının ilk cümləsi məni vadar etdi ki, mən yazını sona qədər oxumayım və növbəti yazıya keçim, çünki yazı başdan ayağa spoylerdən ibarət idi. Bu iki yazı tərkibi müəllifin bütün yazılarını bax beləcə müşayət edir və deyərdim ki məzmun olmasa idi və sırf təhlillər və təəssüratlara dayalı yazılar yer alsa idi, kitabı bir qədər daha uğurlu hesab etmək olardı, çünki dünyada o qədər çox kitab və yazıçı var ki, biz hamısını tanıya bilmərik və hamısını oxuya bilmərik. Belə formatlı kitablar və ya ən azından yazılar bizə kömək edə bilər ki, qısa müddət ərzində çox şeydən xəbər tutaq.
Yazı üslubu baxımından söz deyəsi olsaq, müəllifin qurduğu cümlələr və tərtib etdiyi mətnlər bir qədər kasıb məntiqi əlaqə və ardıcıllıq problemi yaşayıb, xaosun məngənəsində ilişib qalıb. Başqa sözlə, bəzən iki cümlənin arasında elə cümlə oxuyursan ki, sanki, həmin cümlə orada qondarma üsulla peydə olub. Müəllif ola bilsin ki tez-tez redaktələr və əlavələrlə məşğul olub və vaxtaşırı yeni yaranmış müxtəlif ideyalarını əlavə edib, ancaq ki həmin əlavələr heç də yerinə düşməyib. Bunu təcrübəsiz göz belə aşkar edə bilər. Ola da bilsin sadəcə yazı axını belə formalaşıb. Hər bir halda daha uyğun və harmonik uzlaşma daha yaxşı ola bilərdi. Təcrübəsizliyin adına yazmaq nə dərəcədə düzgün olar onu deyə bilmərəm. Hər halda kitab yazmaq, kitab nəşr etmək olduqca məsuliyyətli işdir və bu məsuliyyətin altına girmək qərarı da əsaslı olmalıdır. İndiki halda esse tipli yazılarda nəqletmə çox mühüm əhəmiyyət daşıyır. Bunun qəhətliliyi isə ciddi problemdir və pis qiraət təcrübəsi ilə nəticələnir.
Müəllifin oxuduqları və çıxardıqları nəticələr, hal-hazırda olduğu emosional vəziyyət və maraqlandığı mövzular haqqında onunla olan canlı ünsiyyətim əsnasında da öyrənmək imkanına sahib oldum. "Qogenin ikinci qadını" kitabını da anlamaqda bu məqam mənə çox kömək etdi, çünki müəllifi maraqlandıran mövzular, onu düşündürən reallıqlar mənə yad deyil. Mən bu insanla söhbət edərkən bir neçə il bundan öncəki, daha dəqiq, 5-6 il bundan qabaqkı özümü görürdüm. Hal-hazırda məni onu maraqlandıran məsələlər bir o qədər də maraqlandırmır, çünki həmin reallıqlar bizim təfəkkürümüzdə sadəcə müvəqqəti çağrılmamış qonaq rolunu oynayırlar. Sosial həyat, ictimai mövqe və yetkinlik dövrünün üfüqdə görünməyi ilə biz həmin mövzulara qarşı da yadlaşırıq. Əlbəttə, bu heç də gözəl bir şey deyil, amma hər bir halda bir çox halda buna müdaxilə etmək olmur.
Yazıçılar, filosoflar sadəcə bizim limanımıza müvəqqəti olaraq lövbər atırlar. İşləri bitəndə də çıxıb gedirlər. Uşaqlıq? Belə adlandırmağın tərəfdarı olmasam da, bəlkə də cari an üçün məqsədəuyğundur. Bu baxımdan Nicat Həşimzadənin kitabı da, öz şəxsi fikirləri də mənim üçün aktual deyil. Bu qeyri-aktuallıq zəif mətn tərtibatı ilə birləşdikdə vəziyyət bir qədər də məyusedici hal alır.
Yekun nəticədə fikrim ondan ibarətdir ki, belə yazıların müasir gündəmimizdə kitab formatın salınmasının bir o qədər də əhəmiyyəti yoxdur, çünki yazıların formatı bloq, mikrobloq və sayt üçün daha məqsədəuyğunluq təşkil edir. Nəzərimcə, indiki dövrdə dünyaya daha ciddi şeylər, nəzəriyyələr və konsepsiyalar təklif etmək lazımdır. Nicat Həşimzadənin müəllifi olduğu "Qogenin ikinci qadını" kitabı isə məhdud çevrələrdə, müəyyən oxucular tərəfindən müəyyən müddət oxunacaq dərəcədə olan yazılar məcmusudur. Buna baxmayaraq, müəllifin potensialı və prespektivi var ki, özünü inkişaf etdirsin, ən əsası özünə vaxt tanısın və bir neçə ildən sonra dəyişmiş Nicat Həşimzadə kimi bir daha onu maraqlandıran məsələlərdən, daha köklü, qeyri-banal və özünəməxsus dəst-xətt ilə ölkənin mütaliə çevrələrinə və qiraətçilərinə öz əqli məhsulunu esselər toplusunda, yaxud da bədii formatda təklif etsin. Bunun üçün ona hava-su kimi lazım olan iki şey var: məktəb və ya ustad bığının altından keçmək, yəni müəyyən üslub qazanmaq, hansı ki o üslub ona kərpicin üstünə kərpic qoyub ev tikməyə yardımçı olacaq. İkincisi, yenilikçi olmaq. Bu xüsusiyyət olduqca çətindir. Bəzən bizə elə gəlir ki, artıq kəşf olunası, düşünüləsi və yazılası şeylərin hamısı artıq yazılıb, amma müasir insan indiki kimi sahib olduğu düşüncə sahibinə sahib olmamalıdır. Bunu dəyişdirmək üçün alternativlərin təklifi biz gənclərin çiyinləri üzərinə düşür. Nicat Həşimzadəni o zaman uğurlu yazar və ya esseist kimi görərəm ki, bu iki şərtə qeyd-şərtsiz əməl etsin və onun nəticəsini ortalığa qoysun. Hələlik isə başlanğıcları dəyərləndirməklə proqnoz verdim. Ən əsası oxucuya qalıcı nə isə təklif etmək lazımdır, indiki halda içə uçucu mətnlə qarşı-qarşı olduğumuzu rahatlıqla görə bilərik.
Comments
Post a Comment