Kurt Vonnequt - 5 nömrəli sallaqxana

Slaughterhouse-Five - Kurt Vonnegut

Бойня номер пять, или Крестовый поход детей - Курт Воннегут

ABŞ yazıçısı Kurt Vonnequtun absurd janrda yazılan "5 nömrəli sallaqxana" əsəri Billi Piliqrim adlı obrazın Tralfamador planetindən olan yadplanetlilər tərəfindən oğurlanması və onun zamanda olan səyahətlərindən bəhs edən əsərdir. Biz oxucu olaraq Billi ilə birlikdə onun bütün həyat fazalarını yaşayır və ən əsası İkinci dünya müharibəsində ABŞ-lı müharibə əsiri kimi Drezdenin bombalanmasının şahidi oluruq. 

Kurt Vonnequt sadə, hamı kimi, məntiqli və rahat birisi deyil. Özü qeyd edir: Hekayədə demək olar ki obraz yoxdur. Heç dramatik münaqişələr də yoxdur, çünki əsərdəki obrazlar o qədər zəif və xəstədilər ki, nədəsə söz sahibi olmağa sadəcə gücləri çatmır. Görünür, müharibələrin ən əsas nəticəsi də elə budur, insanlar şəxsiyyət olmağa cəsarət edə bilmirlər. 

Protaqonist Billi Piliqram, xatirələri vasitəsi ilə zamanda səyahət edir. Bundan əlavə o, Tralfamadorlular tərəfindən oğurlanır. Orada heyvanxanada əks cinsin gənc nümayəndəsi Montana Uayldbeklə birlikdə bir müddət tralfamarolular üçün müşahidə obyektivə çevrilir. Deyərdim ki, Billinin tralfamadorlular tərəfindən öyrəndikləri əsərin eyni zamanda oxucuya da öyrətdiyi ən əsas məqamları formalaşdırır. Bu hissədə Kurt Vonnequt olduqca elmi nəzəriyyəni maraqlı və anlaşıqlı formaya salaraq, dünyanın və insanın əbədi problemləri ilə əlaqələndirməyə çalışıb. Bütün bu əlaqələr zənciri vasitəsi ilə yazıçının humanist təbiəti üzə çıxır. İti zəka ilə yazılan müasir üslublu və hərtərəfli əsərin qlobal problemləri və əbədi mövzuları bir daha işıqlandırması oxucuya yeni nəfəs qazandırır.

"5 nömrəli sallaqxana" romanı vasitəsi ilə biz elə bir unikal şans əldə edirik ki, bu şans bizə müharibə və onun qurbanlarına qarşı olan fərqindəliyimizə həm mikro, həm də makro yanaşma hazırlayıb ortaya qoymağımıza kömək edir. Çünki Billi Piliqramın tralfamadorlulara verdikləri suallar, onun Drezdendə yaşadığı faciəvi müharibə təcrübələri məsələnin mikro və makro prizmadan nəzərdən keçirilişinə kömək etməyə xidmət edir. Belə əsərlər hər nə qədər bizə yeni bir şey öyrətməsə də, bir daha xatırladır ki, ölüm, həyat, xeyir və şər bir-birini dayanmadan əvəz edir və həmişə də əvəz edəcək.

Biz Billi Piliqramı bir obraz kimi təhlil edəsi olsaq, ilk öncə onu başa düşərik ki, onun təfəkkürü müharibədən sonra bir yerdə qalmır. Yazıçın bunu zamanda səyahət və Tralfamador (məkanda) səfəri kimi təsvir etsə də, bunun nə dərəcədə düzgün olması, obraz baxımından kifayət qədər şübhəlidir. Mənə elə gəlir ki, bütün bunlar Billinin öz fantaziyasının məhsullarıdır. Belə düşünmək üçün kifayət qədər əsasım da var. Əslində isə romanın janrı kimi, Billinin başına gələnlərin doğruluğunu da yazıçı oxucunun öhdəsinə buraxıb. Heç bir xüsusi möhlət də yoxdur ki, müəyyən vaxtdan sonra mütləq deşifrə etməlisən. Ürəyin necə istəyir, eləcə də romanı içində yaşat. Sadəcə sərvaxt ol, heç nəyi qaçırma və səbr et.

Yazıçı bu əsər vasitəsi ilə sadəcə antimüharibə ədəbiyyatı yaratmayıb. O, eləcə də azad iradəni sorğu-suala çəkən fəlsəfi fikir buludlarını da biz tərəfə qovub gətirib. Billi Piliqram əgər müharibə sonrası fərdin model nümunəsidirsə, onda biz ruhən, mənən axtalanmış birisini qarşımızda görürük. Bu obraz sadəcə təlimatları izləyir. Ona deyilənləri edir. Oyunun qaydalarını yazanlar isə hər şeyi bilirlər və hər şeyi artıq planlaşdırıblar.

Kurt Vonnequtdan üçüncü kitabını tamamlaya və dördüncüyə başlayan birisi kimi onu qeyd edə bilərəm ki, yazıçını yazıçı edən, onu insanlara nə isə həqiqi mənada yaxşı bir şeylər bəxş etməyə imkan yaradan iki şeydir: həyat təcrübəsi və ədəbi məktəb. Vonnequtun əsərlərindən də hiss olunur ki, onun real dünyada, real insanlarla, real obyektlərlə və subyektlərlə olan qarşılıqlı münasibəltərinə əsasən yaxşı toplanmış həyat təcrübəsi var. Ədəbi məktəb baxımından isə onu demək olar ki, o, yaxşı başa düşür ki, sözü düpbədüz adamın üzünə demək bədii ədəbiyyat deyil, başqa şeydir. Ona görə də, absurd elementlərlə zəngin, halüsinogen süjetli ədəbi əsərlər onun həqiqi ideyalarına, ötürmək istədiyi ismarıclara aparan əsas yoldur. Vonnequt özü tez-tez Billi Piliqram kimi keçmişə qayıdır, baş vermiş hadisələri, "belə deyil elə etsə idim necə olardı?" deyə öz-özünə suallar verir və bunu qlobal, böyük stavkalı oyunlar müstəvisinə daşıyır.

Məncə bu kitab indiyə qədər müharibə haqqında yazılmış kitablardan ən özünəməxsusudur. Təhkiyənin gözlənilməzliyini, əsərin elmiliyi, hadisələrin bədiiliyi, obrazın təfəkkürü və yazıçının yanaşma tərzi, kitabın dadını damaqlara qazıyan ən əsas xüsusiyyətlərdir. Ən əsası isə, unutmayın ki, Kurt Vonnequt heç vaxt ucuz mal satmır!

Bənzər yazılar:
Kurt Vonnequt - Titanın sirenaları
Kurt Vonnequt - Allah canınızı sağ eləsin, Cənab Rozuoter

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi