Bernar Verber - Altıncı yuxu

Бернар Вербер - Шестой сон

Təsəvvür edin ki, siz 20 il bundan öncəyə qayıda və özünüzü gənclik illərində tapıb ünsiyyətdə ola bilərsiniz. Bu zamanda səyahətə olan alternativ, qeyri-texniki baxışdır. Əgər biz əvvəllər zamanda səyahətə daha çox hansısa qurğunun və ya avadanlığın yardımı ilə inanırdıqsa, Bernar Verber bu məsələyə bizə tamamilə fərqli səpkidən yanaşmağa dəvət edir. Bəs yaxşı, gənc sizə nə demək istərdiniz? Nəyi dəyişdirmək istərdiniz? 28 yaşlı cavan Jak Klyayn yuxusunda görür ki, ona çox bənzəyən birisi gəlib iddia edir ki, o, 48 yaşlı Jak Klyayndır və kəşf etdiyi xüsusi metod vasitəsi ilə yuxu ilə zamanda səyahət edə bilir. Gənc Klyaynın o qədər sualları var ki, özünün yaşlı formasını heç yerə buraxmaq niyyətində deyil, lakin özü itirib-tapdığı böyük macəralar fırtınası onu heç yuxularında da görmədiyi yerlərə apardı və bəşəriyyət üçün böyük kəşfə imza atdı.


Bernar Verber yaradıcıllığı müasir dünya ədəbiyyatında özünəməxsus yer tutub və tutmaqda da davam edir. İnsanlar onun kitabları vasitəsi ilə yaratdığı maraqlı obrazlar, bizə ötürdüyü maraqlı elmi məlumatlar sayəsində dünyagörüşlərini artırırlar. O, uzun müddət elmi jurnalda köşə yazarı olub və bu səbəbdən də, özünəməxsus və heç də hamının bilmədiyi məlumatları bilir. Onun "Qarışqalar" triologiyası və "Nisbi və mütləq bilik ensiklopediyası" kitabları vasitəsi ilə yaradıcıllığına bələd idim. "Altıncı yuxu"nu oxumağa qərar verəndən sonra çox maraqlı ədəbi təcrübə yaşayacağıma şübhə etmirdim və oxumaqla əlaqədar heç bir tərəddüd hissi keçirmədim.
Bernar Verber

Adından da göründüyü kimi kitab yuxugörmə ilə əlaqədardır. Hər şeydən öncə şəxsən özüm haqqında bir şeyi deyim ki, mən özüm də yuxugörmə baxımından olduqca həssas birisiyəm. Gördüyüm yuxulardan həmişə təsirlənirəm və Freydin "Yuxuların yozumu" əsərindən sonra onlara qarşı birə-beş həssas olmuşam. "Altıncı yuxu" romanı vasitəsi ilə biz Verberin yuxuların sürreal dünyasına dəvətini qəbul etmiş olacağıq. Yazıçının axıcı üslubu və oxunaqlı əla süjetyaratma məharəti bizə müasir romanyazma prinsipləri ilə yaradılmış ədəbi əsərin dadına baxmaq imkanını təqdim etmiş olur. Təsvir olunan qəribə qurğular görülən yuxuların qeydə alınmasını və xarici aləmdə olan insanların da onları izləməsinə imkan yaradır. Malaziyada yaşayan sinoe qəbiləsi və psixoloji travmalar romanın özünəməxsus çalarlarını formalaşdırır. Eləcə də, Jak Klyaynın anası, məşhur alim Karalina Klyayn yuxunun elə bir  mərhələsini kəşf etmək istəyir ki, onun vasitəsi ilə insanlar zamanda səyahət edə və bütün problemlərini həll edə biləcəklər. Bu məqam bizə kömək edir ki, bəzi şeylərə qarşı hazırlaşıb bizə təqdim edilən alternativ elmi yanaşmalarla tanış olaq. İstər bu ümumi konsept müstəvisində olsun, istərsə də xırdalıqlar baxımından, hər iki halda elmin zamanın üzərində qələbəsi və beləliklə də insan övladının çoxdan arzuladığı bir şeyə nail olmasının şahidi ola bilirik. 

Mərhələ 0 - Oyaqlıq
Mərhələ 1 - Mürgü
Mərhələ 2 - Yüngünlvari yuxu
Mərhələ 3 - Dərin yuxu
Mərhələ 4- Çox möhkəm yuxu
Mərhələ 5- Paradoksal yuxu 

Yuxarıdakı bütün yuxu mərhələləri bu gün dünya elminə məlum olan və hər bir ölümlünün yaşadığı təcrübədir, lakin "Somnus inkoqnitus" adlı altıncı mərhələ də var ki, bu mərhələdə möcüzələr baş verir. Jakın anası Karalina məhz onun kəşf olunması və bəşəriyyətə qazandırılması ilə məşğul olur, lakin oğlu Jak tərəfindən bu iş tamamlanır. Romanda baş verənlər də məhz altıncı mərhələ ətrafında cərəyan edən hadisələrdən bəhs edir. Bəşər tarixinin təsəvvürolunmaz bir mübarizə növü var ki, hətta yaşamaq uğrunda mübarizədən daha qəddar və amansızdır. Xeyir və şərin mübarizəsi. "Altıncı yuxu"da da "Somnus inkoqnitus"un kəşfinin səbəb olacağı xeyir və şər mübarizəsindən də söhbət gedir. 

Kitabın özü zamanda səyahət haqqında olsa da, bu məqam kitabın ümumi süjet xəttinin çox az hissəsini əmələ gətirir. Bəzi oxucular bunu mənfi hal kimi qiymətləndirir. Məkan baxımından isə kitab olduqca zəngin kontrasta malikdir. Hadisələr Parisdən Malaziyayadək yayılır və gözlənilməz hadisələr və macəralar kitabı birnəfəsə oxutduracaq ən əsas səbəblər sırasındadır. Ona görə də roman sadəcə zamanda deyil, həm də məkanda olan gözəl bir səyahətdir.

Verberdən narazı qalmaq haqsızlıq ola bilərsə də, romanlarında cümlələrin qısa olması və hər şeyin çox tez bir zamanda, elə hərfi olaraq 3-5 saniyənin içində baş verməsi bir qədər qıcıqlandırıcı hesab edilə bilər. Bu məqam sırf oxucudan asılı olan bir şey olsa da, hər bir halda bədii ədəbiyyatın obyektivlik yükünü nəzərə alanda, gərək müəyyən qayda-qanunlara və dəst-xəttə malik olmasını mütləq nəzərə alasan. Verberdə bir qədər boşluq kimi bu məqamı qeyd edə bilərəm. Eləcə də bəzən kəskin fasilə yaranır və yazıçı bizə sıx olaraq elmi faktları ötürür. Kommunikasiya kanalının dəyişməməsi, amma kontentin birdən-birə ani olaraq dəyişməsi bir o qədər də yaxşı şey deyil əslində. Şübhəsiz ki, elmi faktları, intellektual kontesti və hansısa bədii süjeti birləşdirmək çox çətin işdir. Asan bir şey deyil, amma hər bir halda yazıçı müasir yaradıcı yazıçılıq prinsip və metodlarından istifadə etməyə əlindən gəldiyi qədər istifadə etməyə çalışıb. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi