Vaxtından tez qocalanlar
Biz hələ gənc ikən qocaldıq. Amma bunun günahkarları da var və onlar mütləq bir gün cavab verəcəklər! Cavanlığımızı əlimizdən aldıqlarına görə, gəncliyimizi məzhəkəyə çevirdiklərinə görə və ən əsası mənliyimizi itirməyimizə görə...
Son vaxtlar vaxtın olması səbəbi ilə bir çox köhnə dostlarımla görüşürəm, hansı ki həm də yeni dostlar qazanmağıma səbəb olur. Bu yoldaşları (yeni dost-tanışları) müşahidə etdikcə özümdən də nə isə görürəm. Çoxları əsasən məndən 3-4 yaş kiçik olan gənclərdə geniş yayılan psixoloji ab-hava məni bir qədər narahat edir. Bu vaxtından tez qocalmaqla əlaqədar olan bir şeydir. Bunu belə adlandırmağımın səbəbi elə mənim də həmin təcrübələrdən keçməyimdir. Bəli həmin məsələni mən özüm də yaşamışam. Hərbi xidmətdən gələndən sonra özümü beş uşaq atası olan işsiz, lakin məhdudiyyətsiz qayğı sahibi bığıburma kişi kimi təsəvvür edirdim. Magistratura təhsili mənə lazımsız bir şey kimi gəlirdi və öz aləmimdə mən ancaq qaz vurub qazan doldurmalı və sadəcə və sadəcə pul qazanmalı idim. Pul qazanmamaq, harasa aid olmamaq, yaxud da başqa analoji işlərlə məşğul olmamağı faciə kimi dərk edirdim. Bir nəfərdən bu məsələ ilə əlaqədar yardım istədim, çünki hansı vəziyyətdə olduğumun fərqinə vardım. Başa düşdüm ki, cəmisi 22 yaşım ola-ola mən belə düşünməməliyəm. Hal-hazırda 25-ə az qalsa da, 21-22 yaşımdan fərqli olaraq düşündüyüm məsələlər haqqında aşağıdakıları qeyd etmək istərdim ki, az da olsa keçən bu müddət ərzində qazandığım mikroskopik təcrübə bəlkə kimlərəsə faydalı olar;
- Həyatı heç kim sizin yerinizə yaşamayacaq. Bu gün sizə kömək etməyi söz verənlər və beləcə sizdə əminlik yaradanlar sabah sizi meydanda tək qoyub qaçacaqlar. Bu istisnasız hamıya, hətta valideynlərə belə aiddir. Bilin ki, əgər siz normal insansınızsa, hiss etdikləriniz sizi aldatmayacaq və verdiyiniz qərarlar bir gün günəşli limana aparacaq.
- Yaşın artmağı ağıllı və həyat təcrübəli olmaq demək deyil. Bağlı otaqda 10 il ərzində sadəcə yemək yeyib tualetə gedən birisinin hansı ağlından və ya həyat təcrübəsindən söz gedə bilər ki? Odur ki, yaşadığınız hər bir günü maraqlı yaşayın. Yaşı boş verin. Yaş sadəcə vasitədir. Yaşla inkişaf edən bədəninizdir. Şüurumuza aid olan yaş məsələlərində zaman başqa cür hərəkət edir.
- "Həyata profildən baxın". Problemləriniz varsa, çətinliklərlə qarşı-qarşıyasınızsa və dünyada tək qalmısınzsa, bütün bunları öz mənliyinizdən ayırmağı bacarın. Sanki, əlinizi beyninizə salın, ordan bu qara fikirləri qoparın və atın yerə. Ona bir müddət baxın və başa düşün ki, həmin problemlər və çətinliklər siz deyilsiniz. Onları kimsə, kimlərsə sizə "hədiyyə" edib. Ona görə də həmişə alternativlər var, həmişə ikinci şans verilir.
- 20-21 yaşlarda gənclər üçün dünya böyük bir yer kimi görsənir. Onlar təkdirlər və gələcək də qeyri-müəyyəndir. Bu əslində bütün yaş dövrlərində var. Problemin yeganə çıxış yolu "Mən kiməm?" və ya "3 ildən donra mən kim olacam?" sualına cavab tapmaqdır. Gələcəyin qeyri-müəyyənliyini azaltmaq, hətta ona qalib gəlmək üçün bu kritik əhəmiyyət daşıyan suala cavab çox vacibdir. Linkoln demiş, gələcək üçün ən yaxşı öncəgörmə, onu yaratmaqdır.
Bilirsinizmi ki biz niyə vaxtından tez qocalırıq? Ona görə ki, başda valideynlərimiz olmaqla cəmiyyət tərəfindən təcavüzə məruz qalırıq. Mənəvi zorakılıqla beynimizə müəyyən ilahi plan və axmaq ideallar yeridirlər. Özümüzü kəşf etmək əvəzinə bizə hansısa sosial statusun əhəmiyyətini əzbərlədirlər və ona gedən yolun nəzəri və abstrakt metodlarını izah edirlər. Öz mənliyimizi qazanmamış itirib qocalırıq. Yetkin insanlar öz uğursuzluqlarını bizə göstərib deyirlər ki, "mənim kimi olma, filankəs kimi ol!", halbuki kiminsə həyatını oğurlamaq, onun hərəkətlərini təkrarlamaq nəyə lazımdır? "Həqiqi dedektiv" (True detective) teleserialının ikinci mövsümündə gözəl bir epizod var. Epizodda dedektiv Vudrou deyir: Mən onlar tərəfindən nə deyildisə, hamısını etdim. Ordu, polis idarəsi, fərqi yoxdur. Mənasızdır. Sən edirsən, amma mənası yoxdur. Onlara o qədər uzun müddətdir qulaq asıram ki kim olduğumu belə bilmirəm. Gözəl sözlərdir və mənliyimizi itirməmək üçün çox ciddi ismarıcdır.
Qocalıq yaşla əlaqədar olan bir şey deyil. Bu düşüncə tərzi və emosional statusdur. Belə olmasa idi 21-22 yaşında küçədə, orda-burda yeriyən ölü kimi, dərslərdə, tədbirlərdə və əyləncəli yerlərdə müqəvva kimi duran oğlan və qızları görməzdik yoldaşlar. Bizə yeridilən başqalarının fikirləri, ideyaları, axmaq fikirləri bizi qocaldır. Gələcəyin qeyri-müəyyənliyi, dünyanın təhlükəli yer olması və yalnızlığımız bizi vaxtından tez qocaldır. Bəlkə də bunun səbəbinin 100%-i valideynlərimizdə deyil, amma ki hal-hazırda mənim müşahidələrim əsasən onlara işarə verir. Uzun müddət planlı iqtisadiyyatın, mərkəzi idarəetmənin və siyasi-amirlik sisteminin bərqaərar olduğu SSRİ-də yaşamağın nəticəsindənmi onlar belə olublar, yoxsa keçid dövrünün zülümləri onları dəyişib, bunu deməkdə çətinlik çəkirəm. Hər bir halda gənclərə sərbəstliyin, mənəvi məkanın, düşüncə azadlığının tanınmaması cəmiyyətə qarşı edilmiş cinayətdir. Bəzi gənclər bu azadlığı zor gücü ilə alırlar, amma bu da çıxış yolu olmur. Nəticədə onlar öz mənliklərini tamam səhv yerdə və zamanda tapırlar. Aqressiya və özbaşınalığı, hörmətsizliyi sərbəstlik bilirlər. Bəzi yoldaşlar da əksinə belə sistmein varlığına rəğbət bəsləyirlər və sabahsı gün pis-yaxşı vəzifə və ya "yaxşı iş" sahibi olurlar. Hərçənd bu onların qoca olmadıqlarına dəlalət etmir.
İqtisadiyyatda maraqlı termin var: görünməz əl. Bu termin cəmiyyətin necə özlərinin də xəbəri olmadan fərdlərinin bir-birinə kömək etdiyini özündə ehtiva edir. Eyni mənada olmasa da, valideynlərimizin də görünməz əli bizim üstümüzdə olur. Onlar bizi özümüzü tapmamış "kimsə" olmağa səsləyir ki, bu da bizi vaxtından tez qocaldır yoldaşlar. Onları qınayaqmı indi biz? Çoxusu sovet adamı, keçid dövrünün itirilmiş vətəndaşları, natamam şəxsiyyətlər və s-dir. Bəzən qınayaq, bəzən sadəcə dinləməyək, bəzən də yazığımız gəlsin. Çünki əslində qocalan biz yox, onlardır.
Comments
Post a Comment