Dino Bussati - Tatar çölü

Dino Buzzati - The Tartar Steppe

Дино Буццати - Татарская пустыня

"Tatar çölü" insan övladının şan-şöhrətə qarşı bəslədiyi inanılmaz aclığı və militarizmin tənqdini özündə ehtiva edən gözəl əsərdir. Gənc Covanni Droqo öz hərbi xidmətini başlamaq üçün Tatar çölünə, Bastianı qalasına təyin olunur. Hərgah ki, Covanni hələ addımını qoymadan oradan uzaqlaşmaq haqqında düşünürdü, bir də görür ki, illər keçib və elə hey digərlərinin də səbirsizliklə gözlədiyi müharibəni arzulayır...


Romanı oxumağa başlayanda nədənsə çox şey mənə doğma gəlməyə başlayırdı. Bəlkə də ən azından hərbçi olan bu gənci başa düşməkdə mənim öz hərbi xidmətin az-çox rol oyanır. Onun anası ilə sağollaşıb getməsi, ailəsindən ayrılması və uzun müddət hərbi xidmət üçün həyatını qurban verməsi mənə çox tanış məqamlardandır. Bundan əlavə kitabın ilk səhifələrinin ümid dolu olması və Covanninin cavanlıq enerjisi ilə təchiz olunması bizi bir oxucu kimi daha sürətlə davam etməyə və daha diqqətlə izləməyə vadar edir. Halbuki, səhifələr vərəqləndikcə biz bu ümidlərin azaldığını, yeksənəkliyin və şəxsi ixtilafın artdığını görürük. Bu bir növ Bastiani qalasının timsalında gerçəkləşən metamorfozdur. Elə bir metamorfoz ki, mahiyyəti digər insanların arzu və istəklərindən yoğrulub və ancaq və ancaq səni ram edib özünə tabe etməyi məqsəd edinib.

Üç mühüm element bizi romanın dərk edilməsi yolunda əməlli-başlı irəlilədə bilər: Covanni Droqo, Bastiani qalası və ətraf-aləm. Covanni Droqo tipik bir insanın timsalında yaradılmış obraz olması səbəbi ilə çox tez və asanlıqla başa düşməyə başlamağımıza səbəb olur. Bilmirəm, bəlkə də qadın oxucular bu məsələdə azca çətinlik çəkə bilərlər, amma hər bir halda dünyagörüşü onlara kömək edə bilər. Covanni öz adiliyi və üzüyolalığı ilə Bastiani qalasının tələsinə düşür. Bastiani qalası nə vaxtsa buralardan keçib gedən tatarlardan müdafiə olunmaq üçün tikilən və mütəmmadi olaraq onlar tərəfdən gələcək təhlükədən qorunmaq üçün nəzərdə tutulan hərbi obyektdir. Hərgah, indiyə qədər bir işə yaramayıb, bir başqa tərəfdən də, hər şey belə sadə deyil. Bastiani qalası həm də ruh həbsxanasıdır. İçində xidmət edən hərbçilərin bütün cavanlığını, gücünü və arzularını özününküləşdirib öz məqsədləri üçün istifadə edir. Əgər Bastianinin əsirinə çevrilmisənsə, bir müddətdən sonra tam başqa adam olacaqsan. Covanninin timsalında bu zəif, gücü əlindən zorla alınmış, öz arzuları belə olmayan bir kəsdir. Bastiani tez-tez öz sakinlərinin əsəbləri ilə oynayır, onlarla zarafat edir. Ətraf-aləm isə Droqonu əhatə edən digər xidmət yoldaşlarıdırlar. Onların hərəsi bir şəxsiyyətə malikdir və Droqonun taleyini istiqamətləndirmək bacarığına malikdirlər. Onları başa düşmək və Droqo ilə psixoloji əlaqələri təmin etmək oxucuya böyük mənzərəni görməyə şübhəsiz yardım edir. Buna baxmayaraq, obrazların üzərində çox dayanmağa da dəyməz, çünki yazıçı onları zəngin şəxsi tarixçə və yanaşma tərzi ilə təmin edib. Təhlillərə başlasaq, bitməz.

Belə əsərlərin mütaliəsindən sonra adətən qəribə qorxuya düşürəm. Məsələn, Sabahattin Əlinin "Kürk mantolu Madonna" əsərini bitirəndən sonra da eyni qəbildən hislər məni bürümüşdü. Bu elə hislərdir ki, insana ehtiyatlı olmağa, ayılmağa, oyaq qalmağa və özünü tapmağa sövq edir. Yaxşı yadımdadır ki, öz-özümə deyirdim ki, "Ay Allah, birdən Raif Əfəndi kimi bədbəxtliyin dibi yaşayan kəs olaram ha birdən, amandı, amandı, ay Allah qoru məni belə taledən". Eynilə Droqonun timsalında biz Bastiani qalasının bir cavanın həyatını əlindən aldığını müşahidə edirik. Özünü axmaq ideallara, mənasız gözləntilərə və mənsizliyə həsr etməsi nəticəsində həyat ondan qisas alır. Bir ömrü israf etmək və sonunda sadəcə otel otağında yalnız ölmək kifayət qədər bədbəxt taledir. Çünki insan heç vaxt öz-özünə kifayət ola bilməz Yalnızlıqla, ideallarla özünə təsəlli verən beyinlər sadəcə özünü aldadırlar. Onlar özlərini axtarıb tapmaqda qorxub-çəkinirlər deyə özlərindən kənarda nə isə dəyərli bir şey axtarışında olurlar ki, bu  da çox vaxt hansısa belə militarizm nümunəsi, dini mövhumat və ya xurafat, ya da cinslərarası aşiqlik olur. Əsərdə biz tez-tez yalnızlığın ovudulmasına istiqamətlənmiş konkret mental səyləri görürük.

"Tatar çölü" ümidlər, müharibə və yadlaşmaq haqqındadır. İnsan uzun müddət nəyinsə baş verməsini gözləyərkən öz-özünə yadlaşır. İstədiyi kimi ola bilmək imkanından məhrum olduğunun fərqinə varan şəxs hər dəfə bu məsafəni görüb özünü bir az da tənqid edir və boş ümidlərlə ideallarına sadiqliyini qoruyur. Hətta ailəsinə belə yadlaşan insan olan Droqo, evinə məzuniyyətə qayıdanda onların arasında özünü qəribə hiss edir, hansı ki bu qəribəliyin adı özgələşmədir və onun da əsas səbəbkarı Bastiani qalası, tatarların daimi amma qeyibdə olan hücum təhlükəsi və digər insanların yalanlarıdır.

Yazıçının yazı üslubu mənə Qabriel Qarsia Markesin, Franz Kafkanın və Borxesin dəst-xəttini xatırlatdı. Şübhəsiz ki, adı çəkilən dünya şöhrətli yazıçılar Dino Buzattini öz təsir dairəsində uzun müddət saxlayıb. Çünki belə yazıçılar insanı yetişdirir və müəyyən mərhələyə çatandan sonra elə həmin üsluba və tərzə bənzər formada yazıb-yaratmağa vadar edir. Dino Buzatti hər nə qədər çox fərqli və özünəməxsus unikal ədəbi irs yaratmasa da, özünəməxsus tale və süjet yaratmaqda uğurlu olub. Bəzi yerlərdə oxumaq çətin olurdu, çünki hadisələr olduqca monoton və qaranlıq atmosferdə cərəyan edirdi. Darıxdığım yerlərin varlığı buna sübutdur, lakin xüsusilə romanın başlanğıcı və sonu, ortaları ilə kəskin kontrasta malikdir. Ümumilikdə isə əsərin zəngin kaloriti var və lakonikliyə də rast gəlmək olur.

19-cu əsrin realizmindən fərqli olaraq 20-ci əsrin realizmi öz ədəbi fəndləri, üslubun deformasiyası və dil təcrübələri ilə seçilir. Dino Buzattinin əsəri də birmənalı olaraq neorealizm çərçivəsində dəyərləndirilməli olan əsərdir, hansı ki belə əsərlərdə absurd hadisələr, bulanıq motivlər və mistizm çox böyük pay sahibi olurlar. "Tatar çölü"ndə də belə bir ab-hava hökmrandır - yuxu ilə kabus dünyası arasında bir şey, zaman anlayışının material məkana ifrat adaptasiyası və qeyri-real atmosfer. Yuxarıda qeyd etdiyim qaranlığın əsl səbəbi məhz bu olsa da, bəzi yerlərlə təhkiyənin cansıxıcılığı faktı mütaliənin nəbzini azalda bilər. Əslində isə belə janr problemlərin əhatə dairəsini genişləndirən və daha çox məqamları əks etdirməyə münbit şərait yaradan semantik sahə rolunu oynayır. Bütün bu əsəri biz insanlıq haqqında humanizmlə dəstəklənən esse kimi dəyərləndirə bilərik. Varlığın absurdluğu və müasir dünyanın yaratdığı mənəvi boşluqların bədii dil ilə təsviri baxımından əsər olduqca uğurludur.

Romanın eqzistensialist və impressionist motivləri maraq doğurur. Varlığın absurdluğu və mənasızlığı, talenin və reallığın ələkeçməzliyi, yalnızlığa məhkumluq və Allahsızlıq kimi məsələlərin özünə Droqo və Anqustinonun timsalında qurban seçməsi, analoji mövzuların Avropa insanını narahat etməyə başlaması ilə eqzistensialist cərəyanın əsasını qoymağı arasında sıx əlaqə yaradır. Sartrın eqzistensializmi kimi Bussatinin də eqzistensializmi humanizmdir və əsərin sonunda gördüyümüz artıq bizə bilinən həqiqətin təkrarıdır - ölüm absurddan yeganə çıxış yoludur. Droqonun ölümə olan eqzistensialist yanaşması bizə yaxşı işarələr verir: ölüm qaçılmazdır və sözsüz ki hamı onunla üzləşəcək. Əsas sual da burada yaranır. Onu necə qarşılayaq? İgidcəsinə, mərdcəsinə, qorxmazlıqla, yoxsa bütün bunların əksi? Əgər kişi kimi ölsən, deməli həyatın mənalı olub və boşa keçməyib, çünki həyatın ən dəyərli anı ölüm anıdır, çünki ölüm həyatın yeganə dəyişilməz həqiqətidir. Bu məqamda biz "Tatar çölü"ndə ekqiztensialist və impressionist çalarları görürük. Qəhrəmanımız bir tərəfdən təsəvvüründə canlandırdığı bir ideal, digər tərəfdən də həyatın absurdluğu arasında ilişib qalıb. Belə ilişmə zaman anlayışına meydan oxuyur və insan həyatını bir göz qırpımında havaya sovurur. Belə yanaşma pessimistik deyil. Birdən belə düşünüb səhvə yol verərsiniz. Belə yanaşma şəxsiyyətin müdafiəsinə qalxışan, özünüdəyəri artıran və suverenliyini təmin edən humanistik yanaşmadır.

Panika içində nəyisə gözləmək Frans Kafka və Oğuz Atay yaradıcıllığından mənə tanış olan və məni cəlb edən çox gözəl ədəbi çalardır. Bunu nə tam real, nə də tam qeyri-real adlandırmaq olmur. Bu baxımdan fantastika və reallıq nisbəti bir qədər müəmmalıdır. Üstünlük verəsi olsaq, mən daha çox qeyri-reallığa tərəf meyillənərəm. Dərin simvolik dolqu magik realizmdən danışmağa əsas verir. Romanda yer alan bütün elementlər simvolik olub hansısa ideyanı oxucu ilə görüşdürür. Məsələn, qala anlayışı özü ümumiyyətlə həm müsbət, həm də mənfi kontekstdə istifadə oluna bilər. "Tatar çölü"ndə isə demokratiyaya böyük təhlükəni simvolizə edən, dövlət və güc strukturlarını təmsil edir. Tatar çölü faşist Almaniyasının allüziyasını yaradaraq təhlükə mənbəyi kimi istifadə edib. Duman digər ölkələr arasında və ya reallıqla qeyri-reallıq arasında olan sərhədi simvolizə edir. Eləcə də obrazların adı da simvolik məna kəsb edir. Belə ki, Droqo adı "droqa" (droga) adlı narkotik maddənin adı ilə uyğunluq təşkil edir. Droqare (drogare) narkotik maddə vermək, "draqoto" (drogato) isə təhrif etmək mənasını verir. Droqonun dünyanı elə adının mənası kimi dərk etməsi onun müəyyən bir hallüsinasiyada (absurdda) olmasına işarədir. Eləcə də digər obrazların da adları bax beləcə müəyyən məna kəsb edir ki, romanın süjeti və ondan oynadıqları rol ilə harmoniya təşkil edir. Bütün bu simvolika ideal proporsiyada birləşdirilib. 

Belə bir gözəl əsəri oxumaq düşünən insan üçün əsl hədiyyədir. Əsəri qaranlıq, lakin düzgün əllərdə alışan fənərə bənzdirəm...

İlhamlandıran mənbələr

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi