Ziqmund Freyd - Yuxuların yozumu
The Interpretation of Dreams by Sigmund Freud
Ziqmund Freydin yuxuların şüuraltı istəklərin ifadə olunma tərzi olduğunu kəşf etməsi, şübhəsiz ki, psixologiya elmində inqilabi xarakterə malik oldu. Onun nəzəriyyəsinə əsasən yuxular altşüurun arzularını aşkara çıxaran vasitədir. Yuxuları başa düşmək insan üçün özünü tanımaq yolunda olduqca əhəmiyyətli vasitə ola bilər. Çünki yuxuda gördüyümüz hər bir xırdalığın, hər bir simvolun öz mənası var və yuxular bizim gələcəklə olan ən əsas əlaqəmizdir. Yuxular yaşadığımız digər ömürlərdir. Həm bizə verilən ismarıc, həm də ayrıca dünyadır.
Ömrümüzün böyük hissəsini xəyallar qurmağa və yatmağa sərf edirik. Bəzən oyaqkən, bəzən də yatarkən yuxu görürük. Kifayət qədər çox zaman ayırdığımız şeylərin ola bilməz ki əhəmiyyəti az olsun. Yuxularla əlaqədar həmişə mistik və əsrarəngiz fikirlərdə olmuşam. Şüurumuz və şüuraltımızın bir-biri ilə olan əlaqəsini təmin edən yuxular və xəyallar bizim üçün əslində bilindiyindən çox daha əhəmiyyətlidir. Onları düzgün istifadə edən insan isə çox böyük qüdrət əldə etmiş olar.
Freyd Aristotelin yuxular haqda olan fəlsəfi fikirlərindən hərəkət edərək, onun mahiyyəti haqda fikirlər irəli sürür. Aristotel yuxuları tamamlanmamış gündəlik işlərlə əlaqələndirir ki, bu da öz növbəsində Freydin nail olunmamış arzular və gizlin istəklərlə əlaqədar öz nəzəriyyəsində toxunduqları ilə üst-üstə düşür. Bundan əlavə biz başa düşürük ki, standart biliklər və yozum yöntəmləri heç vaxt yuxuları başa düşməyə bəs etmir. Eyni element müxtəlif insanlar üçün tamamilə müxtəlif məna kəsb edə bilər. Bunun üçün gərək insan özü onun mənasını axtarıb həqiqətə toxunsun. Hər şey yuxunu görən insanın həyatından, keçmişindən və məsələnin mahiyyətindən asılıdır. Həmin günün təəssüratları və şəxsin uşaqlığı, xatirələri və yaddaşı, yuxuda görülənləri bir gün başqa mənaya, digər bir gün tamam başqa mənaya gətirib çıxara bilər.
Yuxunun işləmə prinsipi olduqca maraqlıdır. Hətta olduqca tanış sistemin iş prinsipini xatırladır. Senzuranın mövcud olduğu və azad sözün olmadığı total cəmiyyətlərdə adətən hər şeyi olduğu kimi deyənlər ya öldürülür, ya da həb edilir. Buna baxmayaraq obrazların köməkliyi ilə reallığı müəyyən kütləyə çatdırmaq istəyənlər isə şöhrətli yazıçı, rəssam və ya rejissor olurlar. Beynimizdə də senzura vardır. Çünki onun bir tərəfindən istəklər və arzular varsa, digər tərəfindən onları məhdudlaşdıran, onları təhrif edən qüvvə də var. Bu ikisi birləşdikdə yuxular formalaşır.
Edip kompleksi olmadan Freydin hansısa nəzəriyyəsini və təhlilini oxumaq olmaz. "Yuxuların yozumu"nda da Edip kompleksinə də toxunulur. Bu yazıda Edip kompleksinin incəliklərinə toxunmaq fikrindən uzaq birisi kimi, sadəcə bu məsələninin reallıqda həqiqətən də rezonans doğurduğunu və yuxularımızda da müəyyən çalarlar qazandığını söyləmək olar. Kitabı oxuduqca yuxular və altşüurla əlaqədar bu qədər kəşflər etmiş birisi kimi Ziqmund Freydi bu gün qəbul etməyən, bəyənməyən və tənqid edən boyat fikirli insanları isə heç başa düşə bilmirəm. Unutmamaq lazımdır ki, biz özümüzü necə varıqsa elədə qəbul etməliyik ki, həqiqi kimliyimizi də axtarıb tapa bilək. Əsl xoşbəxtlik məhz o zaman bərqərar olacaq və əbədi suallar da cavabını tapacaq.
Kitabın dili qeyri-xətti olsa da, simvolikanı birbaşa və daha xəfif dillə oxucu ilə bölüşür. Freydi Freyd edən və 20-ci əsrin ən nüfuzlu insanlarından birisinə çevirən də məhz onun birbaşa üslubu olub. O, reallığı görüb və olduğu kimi, şişirtməsiz və təhrifsiz insanların arasına atıb. Tarix göstərib ki, buna hazır olmayanlar çox olub. Elə "Yuxuların yozumu" da bir çoxlarını hazırlıqsız yaxalayıb. Bu gün isə Qərb mədəniyyəti və cəmiyyəti saysız hesabsız filmləri və kitablarına görə Freydsayağı yanaşmaya borcludurlar.
Şəxsi təcrübəm
Gəlin sizə belə bir yuxumu nağıl edim. Yuxunu "din və insan" məsələləri ilə əlaqədar problemlər yaşadığım vaxtda görmüşdüm: yaşadığım məhəllənin həyətindəyəm. Qəribə birisi yarıayaq üstə, yarıxıyıxılı vəziyyətdə ora-bura qaçır. Təndir çörəyi bişirilən yerin pəncərisən daş atır, onu sındırır. Onun arxasınca qaçıram ki, tutub niyə belə etdiyini soruşum və onu lazım olan yerə aparım. Elə bu dəm avtomobilə əyləşən birisi yaşadığım blokun qarşısında mənə baxaraq qışqırır: əlimdəki bu qılıncı görürsən? Təsdiq cavabımı gözləmədən deyir: bu qılınc tanrıdır. Bizlər isə bu qılıncın içindəyik. Bu hekayədən də göründüyü kimi beynim son günlər yaşadığı problemləri obrazlı formaya salaraq, mənə belə bir səhnəcik təqdim edib. Mövzu açılmış ikən, onu da deyə bilərəm ki, Freydə olan həvəsim mənə həm də, bəzi məsələlərin insan üçün ikisəviyyəli; şüurlu və şüuraltı səviyyədə cərəyan etdiyini deməyə əsas verir. Məsələn yuxudakı mövzuya bir daha toxunsaq, belə bir şey demək olar ki, insan öz dini haqqında əsasən şüurlu formada nə isə deyir və qərarar qəbul edir. Halbuki, onun doğulduğu cəmiyyət və yaşadığı mühit onun əsl dinini şüuraltına gizlədir. Vaxtaşırı olaraq alrşüurdakı din üzə çıxır və şüurla münaqişəyə girir. Həmin dinin qorxuları oyanır və davranışları mühakimə edir. Bəzi dostlar "mən ateistəm" deyərkən diqqətlə fikir vermişəm ki, belə intellektual fikirlər şüurlu olub eqonun səsi ilə dəstəklənir ki, bunun da obyektivliyinə şübhə etməyə dəyər. Yuxuların belə məsələlər isə sinxronlaşması isə mövzu ilə əlaqədar daha dolğun məlumat verə bilər. Nəzərə alsaq ki, yuxu şəxsi bir şeydir və onu şəxsin özündən başqa heç kim bilmir, o zaman məsələ bir qədər də qəlizləşir.
Seks
Freydin nəzəriyyəsi uşaqlıqdan bu yana təkamül edən seksual istəklərin fərdin xəyallarına, arzularına və altşüuruna tapdığı yolun üzərində dayanır. Bu incə məsələdir və insanlar belə məqamlarda müqavimət göstərməyə başlayırlar. Belə müqavimətlərin mahiyyəti bizə psixoanalitikanın banisi Freydin nəzəriyyələrinin doğruluğuna əmin olmaqda çox kömək edir. Bundan əlavə başda "Yuxuların yozumu" olmaqla müəllifin bütün əsərlərini başa düşmək üçün ən əsas tələb insanın "psixi maşının" şüur, altşüur, eqo, supereqo və digər əlaqəli anlayışlar ətrafında kifayət qədər məlumatlı olması, ən azından abstrakt və qeyri-dəqiq təsəvvürə malik olmalı mütləqdir.
Seks mövzusuna qayıtsaq, həm qeyri-elmi, həm də elmi mənbələrin bir çoxundan insan bədənində ən əsas enerjinin seksual enerji - libido olduğu haqda kifayət qədər mənbə tapıb bu haqda oxuya bilərik. Bu baxımdan bunun əslində insan psixikasında vacibliyini başa düşmək çətin deyil. Əslində isə Freyd "Yuxuların yozumu" əsərini əsasən nevrotik və histerik pasiyentlərini müşahidə edərək yazıb və çox qəribədir ki, yuxularla histeriya arasında sıx əlaqə vardır. Bəziləri kifayət qədər cəsarətli olub belə bir mövqe göstərirlər ki, yuxu histeriyanın müəyyən bir variasiyasıdır. Gördüyümüz kimi yuxularla əlaqədar ortaya kifayət qədər mürəkkəb mənzərə çıxır.
Yekun söz
Belə kitabların yeganə mənfi cəhəti o ola bilər ki, qeyri-ixtisas sahibləri, yəni məsələn mənim kimi iqtisadçılar və ya mühəndislər psixologiya ilə əlaqədar incəlikləri tam düzgün formada izləyə bilməsinlər və nəticədə oxuduqlarının çox hissəsini avtomat rejimdə sadəcə gözləri ilə mexaniki olaraq görsünlər. Əlavə edim ki, kitabın mütaliəsindən faydalı iş əmsalını artırmaq həqiqətən də çətindir. Verilən nümunələr olmasa idi, kitab olduqca tibb yönümlü xarakterə malikdir. O kəslər ki, psixologiya elmində kifayət qədər fundamental baza biliklərinə malikdirlər, onlar üçün "Yuxuların yozumu" normal mütaliə obyektidir. Həvəskar səviyyədə kitabdan tam faydalanmaq bir qədər çətindir. Hər bir halda isə bu kitabın oxunması, dünya görüşü üçün kritik əhəmiyyət kəsb edir və yuxuların sirli aləmini ətraflı və məntiqli izahını verir. Şübhəsiz ki, "Yuxuların yozumu" mənim "şiddətlə tövsiyə edirəm" başlıqlı kitab məsləhəti siyahımda öz fəxri yerini tutdu.
Comments
Post a Comment