Herman Kox - Nahar

Herman Koch - The Dinner

Герман Кох - Ужин

Bir yay axşamı Amstredamın elit restoranlarının birində görüşən iki ailə. Ləziz yeməklərin və yemək ləvazimatlarının zərif cingilti sədaları altında bayramların mənasızlığı və işləməyin banallığı haqqında söhbətlər gedir. Əslində isə deyilən hər bir boş söz və saxta təbəssümlər dəhşətli münaqişəni maskalayır. Hər iki ailənin də 15 yaşı oğlu var. Bu oğlanlar dəhşətli bir iş görərək video kameraya çəkmiş və beləliklə də özlərini və ailələrini təhlükə altına atmışlar. Bütün bunlar sadə bir nahar ərzində üzə çıxır, lakin ailələr öz sevdiklərini necə müdafiə edəcəklərini də yaxşı bacarırlar. Hətta bunun üçün bir-birilərinə zərər vurmalı olsalar belə...


"Nahar" çox yaxşı süjet xəttinə malik olan və elə yaxşı bir nahar kimi ləziz romandır. Bəyənmədiyim cəhətləri haqqında sonra danışacam, hal-hazırda isə bəzi əsas xüsusiyyətləri və şəxsən mənim hansı səbəbdən xoşuma gəldiyini qeyd edəcəm. 

Serj və Pol qardaşları öz ailələri ilə birlikdə möhtəşəm restoranların birində görüşürlər ki, oğlanları Rik və Mişelin düşdüyü çətin vəziyyəti müzakirə etsinlər. Halbuki, bu müzakirə uşaqların problemlərini həll etməkdən savayı həm də Serjlə Polun arasında olan soyuq ixtilafı alışdırır və bir çox həqiqətləri işıq üzünə çıxarır. Serj Hollandiyanın yeni baş naziri olmağa çalışan siyasi fiqurdur, Pol isə işsiz qalmış keçmiş orta məktəb müəllimidir. Digər tərəfdən Serj və Pol qarşıdurmasında Pol üsyankar birisidir. Burda xəfif ədəbi metafora ilə də qarşılaşırıq: siyasiləşmiş qardaşa qarşı öz etirazını bildirən digər qardaş. Maraqlar toqquşması və subyektiv həqiqətlərin mübarizəsi və s.

Ümumiyyətlə düşünürəm ki, bəzi kitabların ağır ədəbi atmosferini qovmaq, ədəbi stressi və depresiyanı azaltmaq baxımından belə romanların əhəmiyyəti heç də az deyil. Vaxtilə Emi Homsun "Bu kitab həyatınızı xilas edəcək", Elif Şəfəqin "Ərəf" və "Bit Palas" kimi romanlarını məni oxumağa vadar edən məhz qeyd etdiyim kimi, müəyyən kiçik və özünəməxsus bədii istirahətin təşkil edilməsi olub. Belə kitablar əgər axıcılıq və təhkiyə baxımından çox şey söz verə bilirsə, əsas məqsədə çatmaqda böyük işlər görüldüyünü demək olar. İndiki halda "Nahar" çox gözəl təhkiyə tərzinə, maraqlı obrazlara və yaxşı zaman-məkan balansına malik olan populyar ədəbiyyat nümunəsidir. Real dünya ilə uzlaşma baxımından da romanı uğurlu hesab etmək olar. Yazıçı əsas obrazların zəifliklərini və eqozimini təsvir etməkdə uğurlu nəticələr əldə edib. Müəyyən fəlsəfi mövzuların müxtəlif obrazların dili ilə təhlil edilməsi, sosial problemlərin işıqlandırılması və ədalətsizlik haqqında deyilənlər kitabın müəyyən əxlaqi ismarıclar ötürdüyünü sübut edir və bunu edərkən maraqlı format vasitəsi ilə reallaşdırır. Bu format getdikcə qaranlıqlaşan tunelə bənzədilə bilər və romanda hər şey sadə və birbaşa, düz oxucunun üzünə deyilir. Sadəcə yazıçını üçün mövcud olan müəyyən zaman və məkan məhdudiyyəti, nahardan qeyri səhnələrin xatirələrin nəqli formasından yazılmasını labüd edib. Maraqlıdır ki, bu məqam olduqca balanslı alınıb və bəzən oxucu oxuduqlarının obrazların xatirələrinin olduğunu, yoxsa cari anda baş verdiyini unuda bilər. Səhnədən səhnəyə keçidlər bədii ədəbiyyatın ən meydan oxuyan maneəsi olsa da, "Nahar" bu baxımdan sınaqdan uğurla çıxıb. 

Əlbəttə ki, romanın obyektiv təhlili bizə həm də onun müəyyən mənfilərə sahib olduğunu və bəzi hallarda da bədii ədəbiyyat prinsiplərindən kənaraçıxmalarının varlığını göstərir. Müəyyən ümumi səhvlər sırasına məntiqi səhvləri, tərbiyəvi nəticələrin yoxluğu, bir çox bədii ədəbiyyat nümunəsinə xas olan tənqidin olmaması və səbəb-nəticə əlaqələrində olan zəif münasibətləri göstərmək olar. Bütün bu məqamlar yazıçının şəxsi ustalıq dərəcəsi ilə əlaqədar olan bir şeydir. Məsələn, biz bütün roman boyu valideynlərin övladlarını elə öz əməllərindən qorumaq cəhdlərini görürük. Bunu edərkən onlar heç bir tərbiyə prinsiplərini əsas almırlar. Onları hərəkətə gətirən yeganə stimul onların öz şəxsi eqoizmləri və maraqlarıdır. Halbuki, əslində tamam başqa dəyərlər çərçivəsində hərəkət etməli olduqları təsvir olunsa idi, daha maraqlı olardı. Yenə də bu mövcud olan milyonlarla davranış və qərarlardan birinin seçilərək dominantlaşdırılmasının təminidir və yazıçının özünəməxsus fikir ifadəsini əks etdirir. Hətta belə olan halda belə oxucu bu səhnələri izləyib müəyyən tərbiyəvi nəticə çıxara biləcək. 

Kitabda baş verən bəzi hadisələrin qınanmaması ola bilər bir ölkə kimi Hollandiyanın sahib olduğu və dəyər verdiyi prinsip və qayda-qanunları əks etdirir. Azadlıq və günahsızlıq kimi anlayışlara belə alternativ yanaşmaların formalaşdırılması cəmiyyət üçün gələcəkdə baha başa gələn bir şey ola bilər. Ehtiyatlı olmaq lazımdır desək də, görünür, Herman Kox yenilik etməyərək, sadəcə öz cəmiyyətinin əxlaqi-mənəvi dəyərlərini bütün dünyaya əks etdirib. Obrazların öz motivləri ilə əlaqə yarada bilməməsi və müəyyən abstrakt məqamlar, qeyd olunanlarla əlaqədar ola bilər. Yazıçının müəyyən manipulyasiyalar edərək hər şeyi daha da qəhrəmancasına etməsi bəzən obrazların mübaliğəli və qeyri-real davranışlarını və əsassız hərəkətlərini yaradıb. Absurd məqamlar əslində artıq müasir oxucular üçün yenilik olmamalıdır, amma onların varlığı bəzi oxucuları narahat edə bilər. Fərqi yoxdur, istər obrazlar arasında olsun, istərsə də romanın fundamental prinsipləri arasında, yazıçı tərəfindən ədəbi və məntiqi ziddiyətlərin yaradılması ani olaraq parlayan təhkiyəni formalaşdırır. Yazıçı belə məqamlarla ümid edir ki, o, nə isə daha ciddi və maraqlı, həyəcanverici yazı nümunəsinə imza atır. 

Obrazlarla birlikdə hərəkət etdikdə mən bəzən darıxırdım və bəzən də özümü çox narahat hiss edirdim. Hər nə qədər yuxarıda da qeyd etdiyim kimi romanı ədəbi istirahət məqsədi ilə oxusam da və müəyyən mənada və dərəcədə buna nail olsam da, yenə də hərdən hiss edirdim ki, mən qəribə boşluğa düşürəm. Buna baxmayaraq, çalışdım ki, romandan zövq ala bilim. Kitabın müəyyən yenilik xarakteri oldu. Bundan sonra isə populyar ədəbiyyatın daha yaxşı nümunələrini axtarıb tapmağa çalışacam. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi