Anacan - Mommy - Мамочка

Bəzən gözəl dostluq, qarşılıqlı səmimi münasibətlər sağalmaz xəstəlikləri belə müalicə edə bilir. Bu filmdə də məhz belə münasibətlərdən söhbət gedir. Sözün düzü, mən nə ilə qarşılaşacağım haqqında az da olsa belə məlumat sahibi deyildim. Filmin irəliləyən dəqiqələri isə mənə Diana, Kayla və Stivin timsalında möhtəşəm dostluğun nümunəsini göstərdi. Bu elə bir dostluğa nümunədir ki, insana həyatının hər anını unudulmaz etməyə və onu doyunca yaşamağında dəstək verir.

Stiv obrazı filmi başa düşməkdə açar rolunu oynayır. Ümumiyyətlə obrazlardan başqa filmin başqa varidatı yoxdur. Əgər biz Stivə diqqətlə və yaxından baxsaq, görərik ki, onun xəstəliyi ona imkan vermir ki, o, hər hansısa sosial maskadan və ya saxta şəxsiyyətdən istifadə etsin. Bəli, o, radikal dərəcədə səmimidir və daxilində nə düşünürsə onu da üzə deyir. Bu dəqiqə çox aqressivdir, amma bir neçə saniyədən sonra tam sakit və hüzurlu birisinə çevrilir. Bütün bunlardan da qəribə olanı odur ki, onun anası və cəmiyyət onu olduğu kimi qəbul etmək istəmir, onu dəyişdirmək, özlərinin istədiyi kimi etmək istəyir ki, asanlıqla növbəti istismar obyektinə çevirib bədbəxt subyektə çevirsin, lakin onun ruhu və əqli bununla razılaşmır. İçindəki azadlıq eşqi hər daima canlı-canlı öz səsini eşitdirir. Əlindən gələn mübarizəni edir və son anadaək biz bunun şahidi oluruq.

Stivin anası Diana isə mənə daha çox eqoist birisi təəssüratını bağışladı. Hər nə qədər anaların övladlarına qarşı məhəbbətləri bitməz-tükənməz olsa da, bəzən valideynlər özlərini düşünməyi daha üstün tuturlar. Belə olanda biz Diananın timsalında tipik eqoist, rahatlıq zonasından kənara çıxmağı sevməyən və asan yollardan başqa yollar haqqında düşünmək belə istəməyən insanla qarşı-qarşıya gəlirik. Ümumiyyətlə mən valideynlərə qarşı həmişə tələbkar oluram. Əgər onlar belə axmaq dünyaya övlad gətirmək məsuliyyətini öz çiyinlərinə götürüblərsə, gərək onu ən azından bir müddət heç bir halda üzərilərindən kənara atmasınlar və yaxalarını kənara çəkməsinlər. İndiki halda isə Diana belə birisinə nümunə deyil. Onun davranışları, dəyərləri və həyat tərzi bizə bir çox şey haqqında ətraflı məlumat verir. Stiv hər nə qədər xəstəlik nəticəsində sosial mühitə adaptasiya problemi yaşasa da, bəzi problemlərin kökü anasının həyat tərzi, davranışları və bəzi məsələlərə qarşı yanaşmalarından qaynaqlandığını da müşahidə etmək olar.

Kayla obrazı isə filmdə yer alan obrazlar arasında ən ülvi hisləri simvolizə edən obraz olub, sahib olduğu möhtəşəm sevgi və yaxşılığa dəyişdirmək gücü sayəsində Stivi və anasını metafiziki üçbucaq formasında birləşdirərək, onların həyata tutunmalarında əvəzsiz rol oynadı. Baxmayaraq ki, özünün bir çox problemləri var idi və fiziki qüsuruna görə o, da cəmiyyətdə qəbullənmək problemi yaşayırdı, Stivlə yaxın olaraq həm də özünə qarşı yaxşılıq etmiş oldu. Bundan əlavə onun reallıqdan qaçmaq imkanı kimi qəbul etdiyi Stivin repititorluq funksiyası filmdə döngü nöqtəsini yaradaraq hadisələrə alternativ axıcılıq qazandırıb.

Yuxarıda obrazlara toxunmağım təsadüfi deyil. Çünki filmin əsas vəsaiti elə ancaq parlaq, canlı və təkrarsız obrazlarıdır. Qəribə obraz həmrəyliyinin sayəsində onlar xoşbəxt, bədbəxt, ağrılı, sevincli bütün anlarını birlikdə yaşayırlar. Sanki, belə bir ideal kombinasiya hansısa ilahi suala cavab verməyə çalışır.

26 yaşlı rejissor Xavier Dolanın belə bir gözəl işə imza atmağı təqdirəlayiqdir. Sözün həqiqi mənasında ekran əsəri möhtəşəmdir. Söhbət ondan getmir ki, o, yaxşı, axıcı süjet xətti düz-qoş edib və ya mürəkkəb insan münasibətləri və emosiyalarını mavi ekrana daşıyıb. Mən onun çəkiliş heyətini ideal idarəetmə bacarıqları haqqında da söz deməyə həvəsli deyiləm. O, rejissorluğun qızıl məqsədini, emosiyaların izləyiciyə ötürülüməsinin öhdəsindən gəlib. Son vaxtlarda hələ yadıma gəlmir ki, mən oturum film izləyim və belə emosional buqələmunluğa məruz qalım. Emosional və fiziki hərəkətlilik mənə çox xoş təsir etdi, sözün düzü. Hətta o dərəcədə ki, filmi başdan sonradək yenidən izləmək kimi fikir beynimdə yarandı və inkişaf etməyə davam edir. Aktyorlar, vizuallıq, musiqi, möhtəşəm aktyorlar kimi kinematoqrafik xırdalıqları sərhasər təhlil edib filmin romantikasını öldürmək və bizə verə biləcəyi təəssüratları məhdudlaşdırmaq fikrindən uzağam. Yuxarıda nələrə toxundumsa toxundum. Belə filmləri elm ya da fəlsəfə predmeti kimi təhlil etməyin bir mənası yoxdur. İndi və burada filmi izləyərkən anın zaman imkanları çərçivəsində nə yaşadınızsa yaşadınız, başqa heç nə.

P.S. Haradan başlayıb, harada bitirmək problemi olduğunu görə, qısaca onu da əlavə edim ki, valideyn-övlad və dostluq münasibətlərini fərqli səpkidə təqdim edən "Anacan" filmi psixoanaliz baxımından, sosioloji aspektlərin müşahidəsi nöqteyi-nəzərdən və daha bir çox rasional analiz üsullarına da çox yaxşı tabe olur və əla nəticələr bəxş edir. 









Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi