Kurt Vonnequt - Allah canınızı sağ eləsin, Cənab Rozuoter
Kurt Vonnegut - God Bless You, Mr. Rosewater
Курт Воннегут - Дай вам Бог здоровья, мистер Розуотер
Eliot Rozouter, könüllü yanğın söndürən, alkoqol aludəçisi və sanballı Rozouter fondunun prezidentidir. O, insan təbiəti ilə əlaqədar maraqlı təcrübəni həyata keçirmək qərarını verir. Bu yolda ona yazıçı Kilqor Traut kömək edir. "Allah canınızı sağ eləsin, Cənab Rozuoter" Kurt Vonnequtunun insan təbiətinin xəsislik, ikiüzlülük və saxtakarlıq kimi xüsusiyyətlərini və bu xüsusiyyətlərin qurub-quraşdırdığı mürəkkəb mexanizmlərdən ibarət sosial sistemləri hədəf almış satirik romanlarından birisidir. Birinci dəfə 1964-cü ildə nəşr olunan əsər, Eliot adlı obrazın xeyriyyəçi faəliyyətləri və könüllü yanğın söndürən kimi çalışması vasitəsi ilə öz mənəvi axtarışlarını özündə ehtiva edən əsərdir. Əsər Amerika cəmiyyətinin dini, siyasi, sosial və ən əsası iqtisadi - kapitalistik müstəvidə olan tənqidi və satirasıdır.
Satira bu romanın janrı olduğundan, Kurt Vonnequt kifayət qədər hiyləgər davranaraq insanın ruhundakı dəlikləri doldurub, kapitalistik sistemi ifşa edir və reallıq üzərində manipulyasiya edərək, absurd davranışlarla cəmiyyətə alternativ reallıq təklifindən çəkinmir. Entüziastik təmənnasızlıq prinsiplərini mənimsəyən Eliot Amerika cəmiyyətinin antiqəhrəmanıdır. O, sidq-ürəkdən inanır ki, ölkədə olan bütün resurslar hamıya çata bilər. Yoxsulların, evsizlərin, kasıbların, ümumiyyətlə ehtiyacı olanların varlığı yersiz və ədalətsizdir. Ona görə təmənnasız olaraq insanları sevməli və onlara hər daima yardım etməlidir. Başqa yol yoxdur, çünki insan həyatının mənası, onun dünyaya gəlişinin və gedişinin ciddi bir mahiyyəti və mənası yoxdur. Yeganə sahib oluğumuz mehribanlıq və sevgi kimi resurslardır. Digər hər şey isə düzələr: İt balaları mən sizi çox sevirəm. Sizlər baş verən qorxulu şeylər haqqında danışdığım, həyatın milyardlarla il davam edən kosmik səyahət olduğunu bildiyiniz kəslərsiz. Siz yeganə adamlarsız ki, gələcək haqqında düşünməyə kifayət qədər cəsarətiniz var. Cəsarətiniz var ki, düşünürsünüz ki, maşınlar, müharibələr, şəhərlər, böyük və sadə ideyalar, möhtəşəm anlaşılmazlıqlar, səhvlər, qəzalar, faziələr bizlərə nə edir.
Şəxsən mən isə, 24 yaşımda artıq cəmiyyətin necə siniflərə bölündüyününü, onların bir-birinə necə münasibət bəslədiyinin və niyə ümumiyyətlə bölgünün var olduğunun haqqında praktiki olaraq hər gün düşünürəm və bununla hər gün qarşılaşıram. Eləcə də sizlər. Əlbəttə bütün bu fikirlərin inkarı utopiyadır. O utopiya ki, yazıçılar və şairlarin tez-tez mental olaraq görüş yeri olub. Nəzərə alsaq ki, əsər kapitalistik sistemin mahiyyətinə vurur, bu sistemin bərabərsizlik və istismar üzərində qurulduğunu başa düşmək üçün qalaq-qalaq sosialistik və ya kommunistik ədəbiyyat oxumağa ehtiyac yoxdur. Bu elə mövzudur ki, mütləq gəlib bizə dəyib toxunur. Biz bu məsələnin varlığını inkar edə bilmərik. İnkar etdiyimiz andan etibarən "onlar"dan birisinə çevrilmiş oluruq. Eləcə də mən heyrətlənməyə bilmirəm ki, necə olur ki, milyonlarla insan kapitalın istismarına, onun yaratdığı zorakılıqlara qarşı bu qədər səbrli ola bilirlər?!
Əlbəttə əsər sosializmi, ya da daha bir üst mərhələsini təbliğ etsəydi biz düz üzə deyilmiş söz, axmaq propoqanda materialı və mənasız söz yığını ilə qarşılaşmış olardıq. Bu ona bir ədəbi hadisə yox, səsli düşüncə xarakteri verərdi. Ona görə də belə dolanbac yoldan getmək və reallığın üstündə oynamaq, "Allah canınızı sağ eləsin, Cənab Rozuoter"in ərsəyə gəlməsi ilə nəticələndi. O dəyişməzdir ki, hədəf kapitalizmidr. Onun insan təbiətinin necə dəyişdirməsi, sosial uçurumlar yaratması və bütöv bədbəxt nəsillər yaratmasıdır. "Allah canınızı sağ eləsin, Cənab Rozuoter" pul haqqında yaxşı elmi-fantastika da adlandırıla bilərdi, lakin kitabın janrı elmi-fantastika deyil.
Eliot elə bir obrazdır ki, o, nə burjuaziyadır, nə də proletariat. Arada ilişib qalıb. O, xüsusidir. Ya da o, heç birinə aid deyil və azaddır. Onun təfəkküründə sadəcə azadlığı tərənnüm edən humanizm və xeyirxahlıqdır. Eliot xeyirin özüdür. İnsanlar da onu sevir və tez-tez ondan kömək istəyirlər. Eliot insanların insan olduqlarını başa düşür. Onların ehtiyaclarını, ağrılarını və istəklərini dərk edir. Halbuki, özü çox zəngindir. Eliot ideal insan modelidir, hansı ki, yazıçı bizə təklif edir. Bir onun fikirlərinə baxın: Aman allah, bəli, çoxları üçün mənim fikirlərim kommunizmə yaxın görünə bilə, Eliot sadəlövhlüklə bildirdi. Kasıb-kusubla söhbət edəndə, Marksın dedikləri ilə, eləcə də İncildə yazılanlarla qarşılaşmamaq mümkün deyil. Səmimi sözümdür, ölkəmizdə insanları sərvətlərini bölüşmək istəməməsi əsl dərəbəylikdir. Dövlət tərəfindən də qəddarlıqdır ki, bir tərəfdən bəzi uşaqlara körpəlikdən zənginliyə sahiblik haqqını tanıyır, - mən özüm eləsinə nümunəyəm - digərlərinə isə heç nə verməyib yoxsulluq içində saxlayır. Zənnimcə, dövlət insanları körpəlikdən bərabərləşdirə bilər. Həyat onsuz da çətin bir şeydi, niyə görə insanlar üstəlik pula görə əziyyət çəkməlidirlər? Əgər insanlar hər şeyi ədalətli olaraq bölüşdürməyi bacarsalar, ölkəmizdə hamıya hər şey çatacaq.
Çətinik kimi əsərin fokussuzluğunu, hissə-hissə olmasını, vahidliyin və düzxətliliyin olmamasını göstərmək olar. Bəlkə də absurdluğun kök atması üçün belə şərait qaçılmazdır. Vonnequt bəzi məsələlərə gülüşlə işıq salır, bəzilərinə isə dərin kədərlə. Hər bir halda o, öz işini bilir. Bizim öhdəmizə düşən artıq çeynənmiş tikəni həzm etməkdir. Bu isə bir o qədər də çətin bir şey deyil. Azacıq da olsa beyni olanlar bu tikəni həzm edə biləcəklər. Çünki bu dəfə həzm üçün mədə-bağırsaq deyil, həzm orqanı və vasitəsi kimi məhz beyin lazım olacaq. Lazımsı qida qalıqları isə olmayacaq. Çünki belə qidanı beyin 100% canına çəkir.
Sonluq bir çox antiutopiyalar və sanballı əsərlərdəki kimi fərdlə sistemin dialoqundan və həqiqətlərin ortaya çıxması ilə nəticələnir. "Byütifit, byütifit, byütifit, byütifit, byütifit, byütifit, byütifit, byütifit, byütifit". Romanda bu bir quşcuğazın cəh-cəhi kimi verilib. Bu səda altında Eliot düşünür və düşünür. Amerikanın gələcəyi haqqında düşünür. Çünki Amerika haqqında düşünmək əslində bütün dünya haqqında düşünməkdir. Elə bu dəm əsərin peyğəmbərliklərlə zəngin olduğunu başa düşürük.
Comments
Post a Comment