Xalid Hüseyni - Çərpələng Uçuran
Kitabın ingiliscə adı: Khaled Hosseini - The Kite Runner
Kitabın türkcə adı: Khaled Hosseini - Uçurtma
Avcısı
Kitabın rusca adı: Бегущий за ветром - Халед Хоссейни
Təqdimat: Xalid
Hüseyninin başgicəlləndirici romanı - «Çərpələng Uçuran» 21-ci əsrin ən əsas
romanlarından hesab olunur. Yazıçı isə canlı klassik hesab edilir. «Çərpələng
uçuran» dostluq və sadiqlik, satqınlıq və günah yumaqla əlaqədar gözəl bir əsərdir.
Bu zərif əsərlə yazıçı elə bir sənət əsəri yaratmışdır ki, insan bu mənzərəyə
daima baxmaq istəyir.
Əsərin baş qəhrəmanları Əmir və Həsən ən yaxın dostlardır.
Aralarındakı sosial fərqlər çox olsa da, uşaq dünyasında bunun əhəmiyyəti
yoxdur. Hadisələr isə Kabulda cərəyan edir. Bu iki uşağı isə çərpələngə
oxşatmaq olar, hansı ki, sonra Kabulun başına gələn «fırtına»da ayrı-ayrı
istiqamətlərə istiqamət götürdülər. Hərəsinin öz taleyi və tragediyası olsa da,
onların bir-biriləri ilə olan əlaqəsi heyranedici, təsiredici, qırılmaz və qaçılmazdır.
Təəssüratlarım: Bu əsərin qiraətindən sonra mən katarsis (təmizlənmə, sakitləşmə) vəziyyətinə
düşdüm. Çoxlu düşündüm və əsərdə olan hər bir obrazı tanıdığıma mənun oldum.
Bir etiraf da edim: belə ki, Əmirin etdiyi bəzi hərəkətləri mən də etmişəm.
Ağlından keçirdiyi fikirləri mən də keçirmişəm. Xoşum gəlir ki, oxuduğum
kitablarda və ya izlədiyim filmlərdə məndən nə isə olsun. Əlbəttə Əmirin etdiyi
hərəkət həqiqətən də çox əclafcasına olan hərəkətdir və elə hesab edirəm ki,
onun uşaq olması belə onu günahsız etmir. Ümumiyyətlə Əmir xeyir və şər
arasındakı nazik sərhəddədir. Zaman göstərdi ki, vaxt keçdikcə Əmir edə biləcəklərindən
ən əclafcasını etdi. Bəs yaxşı zaman ona bunun yalnış olduğunu öyrədəcəkmi? Əminəm
ki, aranızda bu kitabı oxuyanlar var. Eyni zamanda əminəm ki, yazını oxuyub
maraq göstərənlər də olacaq. Mən istəməzdim ki, bu bloq yazısını oxuyan kitabın
annotasiyasından və təqdimatından çox bilsin. Ona görə süjetlə əlaqədar çox məlumat
vermək istəmirəm. Əsərin hər bir obrazı haqqında əslində ayrıca yazı yazmaq
olar. Xüsusiylə Əmirin vicdan əzabı burulğanından çıxıb, cahillik, şərəfsilzik
burulğanına düşməsi gözəl təsvir edilib və əsərin onurğa sütunudur. Kitabın son
səhifəsinə qədər Əmir özünü axtarır. Bəs o, uğur qazanırmı? Bax, əsas sual
budur. Odur ki, bax bu yolu, ən yaxşısı, siz özünüz bu kitabla birlikdə gedin.
Əfqanıstanın taleyi: Tarix kitabları və televiziyadan əldə etdiyimiz xəbərlər bizə bir əfqan
insanının bilavasitə bu torpaqlarda nələr çəkdiyini göstərə biləcək iqtidarda
deyil. Sovet, taliban və ABŞ, əfqan insanlarını yalanlarla əhatə edərək öz istəklərini
gerçəkləşdirmişlər. Kitab siyasi hadisələr haqqında deyil. Kitab özünü
axtarmaq, günahlarını yumaq, insan taleləri haqqındadır. Əsərdə ruslar əclaf və
vicdansız millət kimi, Amerika isə sülh yaradan və xilaskar kimi təqdim olunur.
Siyasət iyrənc bir şeydi. Ədəbiyyatda siyasəti çox sevməsəm də, görürəm ki, bu
kitabın məğzində məhz siyasi olayların nəticəsində baş verən hadisələr var. Həm
də ki, milliyətindən aslı olmayaraq
müharibə, terror elə bir şeydi ki, onun haqqında danışanda, humanist, pasifist
(və ya nə isə müsbət mənada işlənə biləcək başqa bir söz. Bir sözlə əsl insan) insan
qanı qaynayaraq danışır. Sadəcə siyasət də deyil, eyni zamanda Əfqanıstanın ailə-məişət
həyatı, mədəniyyəti və etnik zənginliyi
ilə əlaqədar da bir çox məlumatlar var.
Yaxşı kitab: Yaxşı
kitab hansı kitaba deyilir? Yaxşı kitab, onu oxuduqdan sonra onun obrazlarını
xatırlamağa, beyində düşünməyə, emosional və fikri olaraq zəhmət çəkməyə məcbur
edən kitaba deyilir. Bəyənmədiyimiz kitabı isə qısa müddət ərzində unuduruq
gedir. Ailə, şərəf, vicdan, müharibə sevgi və doğmalar haqqında olan bu kitab,
mənim üçün həqiqətən də yaxşı, daha doğrusu, həmişəlik mənimlə yaşayacaq kitab
oldu.
Müharibə haqqında olan kitab haqqında danışmaq çətindir. Onu oxumaq
da çətindir. Haqsızlıq, qorxu və qəddarlıq birinci plandadır. Bundan da dəhşətlisi
isə bu sözlərin uşaqların həyatına daxil olmasıdır. Bəlkə də romanın süjeti
yazıçı təxəyyülünün məhsuludur, amma Əfqanıstndakı müharibə və uşaqların iztirabları
uydurma deyil. Müharibə bu kitabda sadəcə fondur. Kitabın əsasən nə ilə əlaqədar
olması barədə yuxarıda qısaca toxundum.
Xülasə: Roman
müasir ədəbiyyatın ən tanınmış təmsilçilərindən birisinə çevrildi. Bizi
«birinci əl»dən Əfqanıstan, onun və insanlarının başına gələnlər haqqında xeyli
informasiya ilə təmin etdi. Romanın adı ilə yazıçı əfqan uşaqların kağız çərpələng
uçurtmaqla yarış keçirtmələrini xatırladır. Rəqiblərə qalib gəlib mavi səmada
yalnız uçmaq, həqiqi uşaq xoşbəxtliyidir.
Çərpələngin və küləyin arxasınca, sanki taleyi və xoşbəxtliyi tutmaq ümidiylə qaçırsan,
halbuki, o səni tutur...
İnsanlar kin-küdürət, mühakimə və hökmün köməkliyi ilə yaxşılığa
doğru dəyişmirlər. Biz öz gücümüzə olan inam, sevgi və bağışlamaq hissi ilə dəyişirik
– Edvards Cill (Эдвардз Джилл)
nece olub ki, sen bu kitabi indiyenecen oxumamisan?
ReplyDeletemən bu kitabı 2 il öncə oxumuşam :) Sadəcə haqqında indi yazmaq qismət oldu
Deletehe ey dogurdan, yorum yazmışdın :)
Delete