Janrlar və mən
Drama və Tragediya: Bu janrda kitablar çox oxumasam da, oxumağı niyə məqbul görürəm: əvvəla
belə janrda daha çox film izləmişəm. Xüsusiylə də yapon filmləri. Aralarında eləsi
olub ki, sözün həqiqi mənasında mənə əməlli başlı təsir edib. Məsələn Kuklalar filmini
izlədikdən sonra 3-4 gün hipnoz olunmuş kimi gəzmişəm. Bu vəziyyət yadımdan
çıxmaz. Ailə və sevgi dramları janrı əslində öyrədicidirsə, olduqca lazımlıdır.
Əlbəttə yazıçının ya da rejissorun ustalığından aslıdır ki, müxtəlif insan
simalarını yaratdığı əsərdə ifadə edə bilsin. Drama və tragediyalar bizə
izdirab çəkən insanları göstərir. Freud demişkən biz film, teatr və kitabların
vasitəsiylə normal həyatda hiss edə bilmədikərimizi hiss edə bilirik. Bu da
bizim kifayət qədər xoşumuza gəlir.
Sci-Fi – Elmi Fantastika: Bu janrı mən çox sevirəm. Çünki o qədər uzaqgörən yazıçılar və
rejissorlar var ki, biz onların əsəslərində gələcəkdə insan cəmiyyətinin necə də
özünü məhv etdiyini və ya hansısa digər
prosesi reallaşdırdığını görə bilərik. Elmi-fantastikanın funksiyası o
olmalıdır ki, biz edə biləcəyimiz səhvləri indidən görək. İndidən düşünək. Əminəm
ki, azacıq da olsa bizim üzərimizə düşən nə isə kiçik vəzifə var. Məsələn ətrafımızı
zibilləməmək kimi. Bu janrın dünyaca məşhur təmsilciləri var: Bob Shaw, Herbert
G. Wells, Ray Bradbury və s. Bu insanların əsərlərini oxuyanda və ya Moon,
Gattaca, Prometheus, Tokyo! və s. kimi filmləri izləyəndə insan gələcək
haqqında düşünür. Bir dostumun dediyi kimi: insan təxəyyülündə, fantaziyasında
nə varsa, ya əvvəllər olub (ki biz bundan bixəbərik), ya da gələcəkdə olacaq.
Bu da özü-özlüyündə insan düşüncələrinin, fantaziyalarının necə də ümumibəşəri əhəmiyyət
kəsb etdiyini bizlərə göstərir. The Secreti başa düşənlər də bilirlər ki, istəklərimiz
reallaşır. Fikirlər materiallaşır. Ona görə də bu günkü dünyada olan hakimiyyətlərin
apardıqları oyunlar gələcəyimiz üçün böyük təhlükə yarada biləcək potensiala
malikdir. Sci-Fi janrına (bu janrı məhz Sci-Fi adlandırmaq daha çox xoşuma gəlir
nəinki elmi-fantastika) böyük məsulliyyt düşür.
Dedektiv: Bu
janrı mən sevmirəm. Dedektiv janrının məişət, siyasət, intelektual dedektiv
kimi qolları var və mən daha çox Dan Brownun timsalında intelektual dedektivi bəyənirəm.
Qaldı ki, digər dedektiv janrları, mən onlardan özümə lazım olanları götürə
bilmədiyimə görə mənlik deyil. Bəlkə də nə vaxtsa müəyyən qədər maraq dairəm dəyişəcək
və mən dedektiv oxumağa da üstünlük verəcəm.
Ezoterika:Ezoterik
janrda hansısa kitab ya da film izləyəndə şəxsən mən elə hiss edirəm ki, sanki,
beynimə xəfif masaj edildi. Əlbəttə, bəzən düşünürəm ki, bu hipnoz deyil ki?
Sonra da deyirəm ki, olsun. Bütün həyatımızı elə hipnoz kimidir. Riçard Bax
kimi böyük yazıçı mənə bu janrı sevdirmişdir. Ətrafımızdan uzaqlaşmaq üçün gözəl
seçimdir.
Psixologiya:
Xüsusiylə psixoloji triller filmlərinə böyük əhəmiyyət verirəm. Paul Ekman,
David J. Liberman, Erik Berni kimi psixoloq və psixo analitiklərin yazdıqları
kitablar dəyərli və doğru mənbələrdir. Freud da əslində çox şeydə haqlıdır. Çox
adama onun yazdıqları sərf etmədiyindən sıxışdırılmışdır. Əlbəttə mən onun
yaradıcıllığına tam bələd deyiləm, yenə də oxunulası və öyrəniləsi hesab edirəm.
Psixoloji triller filmləri çoxdur. Axtarsan çox şey taparsız. Hal-hazırda isə
ağlımda olan Exam psixoloji trilleridir. Psixologiya elə bir şeydir ki, hər janrda
qarşımıza çıxır. Ona görə də bu janr üçün məhdudiyyət yoxdur. Lie to Me isə
yalanın psixologiyasından bəhs edən tv-serialdır.
Macera: Macera
kitablarını çox qruplara bölmək olar, amma mən ən ümumi olaraq klasiklər və
müasirlər olaraq iki qrupda toplamaq istərdim. Belə ki, Aleksandr Düma, Jül
Vern, Cek London, Daniel Defo, Mark Tven, Artur Konan Doyl kimi karifeylər,
planetar miqyasda tanınan dünya ədəbiyyatının sütunları, macera janrının ən
vacib təmsilciləridir. Daha çox orta məktəb illərində belə kitabları oxumağa
üstünlük vermişəm. Bünövrlənin qoyulması üçün əla seçimlərdir. Müasirlərdən isə
məsələn Adam Fawer, Dan Brown, Coan Rollinqi misal göstərmək olar. Macera
kitablarını macera kitabları edən onun maraqlı ideyaları, fərqli yanaşma tərzləri
və başlanğıcdan sona qədər oxuyucuya müxtəlif hiss qammalarını yaşada bilməsindədir.
Bu janra üstünlük verən insanlar daha rəngarəng düşüncə tərzinə və yeri gəldikdə
daha maraqlı həyat tərzinə sahib olurlar.
Satira və yumor: Ümumiyyətlə satiriklər arasında xüsusən yerli ədəbiyyatada müraciət
etmişəm. C.Məmmədquluzadə, M.Ə. Sabir və Ə.Haqverdiyev uşaqlığımın ən xoş xatirələridirlər.
Satira çox güclü janrdır və ədəbiyyatın insan həyatında necə də vacib rol
oynadığını bizlərə göstərir. Satira güclü silahdır.
Utopiya və antiutopiya: Birinci dəfə «antiutopiya» sözünü ingilis filosof və iqtisadçı John
Stuart Mill istifadə etmişdir. Bu söz ədəbiyyatda janr kimi isə Qlen Neqli və
Maks Patrik (Гленн Негли и Макс Патрик) tərəfindən, «Utopiya Axtarışında» (The
Quest for Utopia, 1952) əsəri ilə daxil edilmişdir. .Bu janrın ən dəyərli nümyəndələrindən
Corc Orueli hesab edərdim. «Heyvanıstan» və «1984» əsərləri həqiqətən də janrın
layiqli təmsilçiləridir. Digər yazıçılardan, Herbert Vells, Filip Dik, Struqaç
qardaşlarını misal gətirmək olar. Bu janrı sevirəm. Öyrədicidir.
Fəlsəfə: Düşüncə
tərzimizi daima yeniləmək, ona yeni üfüqlər qazandırmaq üçün Platon, Mark
Avreli, Monten, Kamyu, Sartr, Konfutsi, Oşo, Krişnamurti kimi filosofları kitablarından istifadə etməliyik.
Mən bu filosoflardan çox yararlanmışam. Hər biri ayrı dünyadır. Dünya onların hər
biridir.
Tarix: Bizim
orta məktəb tarix kitablarımız o qədər dar və şəxsiyyət mərkəzlidir ki, biz
müxtəlif dövrlərdə baş verən hadisələrə sistemli yanaşa bilmirik. 11-ci sinifi
qurtarırıq və paleolit, mezolit, filankəs belə elədi, filankəs elə elədi kimi
faktlar, xronoloji hadisələrdən başqa şey bilmirik. Hadisələri başa düşmək üçün
lazım olan analitik məlumatlar çox azdı. Yəni bəs etmir. Ona görə də bu janrda
çalışın elə kitablar tapın ki, o həm sizə həmin dövrün hadisələrini başa düşməyə
kömək etsin həm də şəxsən sizin özünüzə də kömək etsin ki, siz fikir yürüdə biləsiz.
Başqa sözlə analitik düşüncə tərzinə sahib olasız. Bunun edərkən obyektiv
qaynaqlardan istifadə etməyi unutmayın. Obyektivlik nədir? sulalı çətin
sualdır, amma axtaran tapar.
Biznes:
İxtisasım bilavasitə bizneslə əlaqədar olduğu üçün bu sahəyə aid bəzi
kitablarla maraqlanıram. Robert Kiyosaki, Guy Kawasaki, Filip Kotler, Qriqoriy
Menkyu kimi yazıçıların yazdıqları bu gün biznes dünyasında əlifba sayılır.
Əslində bu kitablar vacib kitablardır. 4 il iqtisadiyyat və ya biznes təhsili
alıb bundan başı çıxmyanalar var və mən onları qınamıram. Problem sistem
problemi və qlobal təhsil sisteminə inteqrasiya problemidir. Həlli isə, olduqca
çətin olan sistemin yenidən hazırlanmasıdır.
Populyar mədəniyyət: Belə bir janr yoxdur, amma günümüzün mədəni dünyasını bədii dillə
çox gözəl təsvir edən yazıçıları və onların əsərlərini bəyənirəm. Elif Şafak və
Haruki Murakami dediyimə parlaq nümunədir. Elif Şafakın üslubunu hər nə qədər
axıcı hesab etsələr də, kifayət qədər mürəkkəblik var. Elif Şafak məsnəvidən
ilham alıb yazır. Haruki Murakaminin isə çoxlarından fərqli baxış bucağı var.
Bu «janra» xüsusi simpatiyam var. Çünki bu motivlərdə uğurlu yazılmış əsərlər
oxuduqdan sonra, oxucunun dünyaya baxışı dəyişə bilər. Daha maraqlı ola bilər.
Daha yaradıcı ola bilər. Bu janrda yazanlar çoxdur. Aralarında yaxşısını tapmaq
həqiqətən böyük şücaətdir. Çünki indiki kitab marketinqi, kitab annotasiyaları
vasitələri ilə oxucuları tilova ssalırlar, oxucu isə oxuyub bitirdikdən sonra
peşmançılıqdan başqa bir şey hiss etmir (əlbəttə ki, belə olmaya da bilər).
Diqqətli olun. Etibarlı qaynaqlardan araşdırın sonra vaxtınızı və vəsaitinizi
bu istiqamətdə qiraətə ayırın.
Avtobioqrafik və proza tipli əsərlər və filmlərə də marağım var.
Comments
Post a Comment