Skafandr və Kəpənək
Filmin
ingiliscə adı: The Diving Bell and the Butterfly
Filmin
fransızca adı: Le scaphandre et le papillon
Filmin türkcə adı: Dalgıç ve Kelebek
Filmin
rusca adı: Скафандр и бабочка
İnsan gözünü açır, o, xəstəxanadadır, ətrafında həkimlər var, onlar xəstənin
ayıldığından xəbər tuturlar, yaxın gəlib çoxlu suallar verirlər. Pasiyent «mən
hardayam?» sualını veirir. Yalnızca müəyyən müddətdən sonra başa düşür ki, o,
öz bədəninin skafanrdında məhkumdur... tamamilə iflicdir... Dünya ilə əlaqəsi
yalnızca bir gözü ilə gerçəkləşir (elə bu vaxt bədənimdən üşütmə keçir).
Nadir insult növünü yaşadıqdan sonra,
Jan-Do öz daxilində yaşamağa davam edir. Xatirələrində hər dəqiqə hər an yeni nə
isə axtarıb tapmağa çalışır. Jan-Do –
42 yaşlı, 3 uşaq atası və dəbli, müasir jurnalın baş redaktorudur. O, sağlam
qiymətləndirmə bacarığına və yumor hissinə malikdir. İflic olandan sonra da, o,
yaraşıqlı və həyatsevər olmağa davam edir...sadəcə dekorasiyalar dəyişib.
Redaksiya əvəzinə xəstəxana palatası, sevdiyi qızın yerinə tibb bacıları...və
boşluq...
Kəpənək – Mən başa düşdüm ki, sol gözümdən
başqa mənim təsəvvürüm və yaddaşım da iflic olmayıb...
Bu filmdə məni bir neçə şey təəccübləndirdi:
əvvəla film izləyicini göz yaşlarına boğmur, əksinə o canlı dil və metafora
vasitəsilə Jan-Donun həyatını danışır: suda batan skafandr, dünyaya gələn kəpənək,
əriyən buzlar. Filmi izlədikdən sonra, Erix Mariya Remarkın «Həyat iskrası»
(Эрих Мария Ремарк «Искра жизни») əsərində olduğu kimi, başa düşürsən ki, film
izləyicini qorxudmaq üçün ya da izləyicini əzmək üçün deyil. Əksinə, sadəcə həyatı
skafandrın içindən göstərməyə çalışır. İki saat ərzində izləyici özünü iflic
olmuş insanın bədənində hiss edir. Əslində biz özümüz iki saatlıq iflic oluruq.
Heç bir 3-4-5D texnologiya bu filmin yaşatdığını izləyiciyə yaşada bilməz. Biz
dünyanı Dominikin gözü ilə görür, onun fikirlərini eşidir və baş verənləri dəyərləndiririk.
Bu təəssüratlar o qədər canlıdır ki, müəyyən müddətdə sonra hərəkət edirsən ki,
şahidi olasan ki, sadəcə filmin baş obrazı iflic olub yoxsa mən də? İkincisi – hansı vəziyyət olursa olsun, əsas
olan daxildə insaniyyət tapıb ondan bərk-bərk tutmaqdır. Üçüncüsü – inanılmaz təsəvvür
qabiliyyəti, o qabiliyyət ki, onun vasitəsilə Jan-Do əvvllər olmadığı və gələcəkdə
də ola bilməyəcəyi yerlərə səyahət edir. Xoş xatirələri bir yerə toplayır və
ona dəyərli olan insanları bir daha yad edir.
Jan-Dominik Bobi – uydurulmuş personaj
deyil. Həqiqətə də 1997-ci ildə Elle jurnalının baş redaktorunu insult vurur və
necə deyərlər bundan sonra o, «tərəvəz» olur. Nə olursa olsun, Jan-Dominik
Bobi, mən sənə heyran oldum. Filmin əsas motivlərində birisi də Jan-Donun kitab
yazmasıdır. Xüsusi əlifbanın köməkliyi ilə o, skafandr həyatı ilə əlaqədar
kitab da yazır (kitab həqiqətən də yazılıb. Satışda var.). Film kifayət qədər təsirlidir.
Xəstəlik əslində düzəlmək və ya dəyişmək üçün verilən şansdır. O kəs sağalır
ki, o dəyişə bilir. Film güclü şəxsiyyətin əlil həyatını bizlərə göstərdi. Bircə
dəfə də olsa da bu filmi izləmək çox yaxşı olar. Dediyim kimi bu bizə verilmiş
şansdır ki, biz əlil insanların hiss etdiklərinin 1000-də 1-ni hiss edək.
Əslində yekun nəticəyə gəlmək çox çətindir. Nəticə nə oldu? Həyatın hər anını dəyərləndirməliyik?
Sahib olduqlarımızı layiqincə sevməliyik? Qoy buna hər kəs özü qərar versin.
İnam, ümid və sevgi haqqında olan gözəl
bir film. Bir baxın görün bu üç söz öz-özlüyündə neçə də dərin mənalı və
işıqsaçandırlar. Üçü də insan ruhu ilə əlaqədar termindi. Fiziki bədən ağır bir
skafandra çevrilsə də, ruh baramasından çıxıb kəpənəyə çevrildi...
Nə olursa olsun, kəpənəklər skafandrdan
çıxıb uçacaqlar...uçacaqlar...
Comments
Post a Comment