Çevrə - The Circle - Круг - Dayereh
Cəfər Pənahinin izlədiyim ikinci filmi. Cəfər Pənahi, kolleqaları
Mahbalbaf və Kirostamidən fərqli olaraq, birmənalı şəkildə, heç bir qərb vasitələrini
işə qarışdırmayaraq, İranda çəkilişlər edir. Bu filmdə bir çox İran filmi kimi
sadə, amma dərin mənalıdır. Bu film başlanğıcından sonuna qədər İranda və İranın
timsalında bütün Şərqdə qadına qarşı olan alçaldıcı hərəkətləri və düşüncələri
bizlərə göstərir. Film müddətində bir obrazdan digər obraza keçərək – sanki
çevrə üzrə hərəkət edərək – rejissor kiçik də olsa müəyyən bir qrupun
iztirablarını bizlərə göstərib. Qız uşağı doğduğuna görə bədbəxtliyə məhkum
olanlar çevrənin bir tərəfində, hansısa səhvlərinə görə azadqlıqdan məhrum
olmuş, amma azadlığa yenidən qovuşmuş qadınların, azadlıqda «kişilərin» təzyiqlərinə
məruz qalması, övladına yaxşı həyat tərzi verə bilmədiyinə görə ondan imtina edən
kim, küçədə fahişəlik edən kim. Bu qadınların ortaq cəhəti odur ki, onlar
hamısı «kişi»lərin təzyiqləri, düşüncəsizlikləri, mənəviyyatsızlıqlarının
qurbanı olurlar. «Kişi»lər bütün bu etdiklərinə «əxalq» adı verirlər. Əsrlərdi
mövcud olan və bundan sonra da mövcud olacaq bu vəziyyəti şərh etməyə, sözün
düzü, çox söz tapa bilmirəm.
Filmin sonu yenə də Pənahi üslubundadır. Qadınlar belə cəmiyyətdə
hara gedirlərsə getsinlər, çevrə üzrə hərəkət edirlər. Bu çevrəni cızanlar isə
o cəmiyyətin «kişi»ləridir. Ağ Şar filminin sonunda çox güclü emosional
«partlayış» olsa da, bu filmdə böyük amplitudalı dalğalanmalar yoxdur. Əslində,
prinsip etibariylə belə mövzular mənim üçün yeni deyil. Bu mövzuya aid kitablar
oxumuş və filmlər izləmişəm. Buna baxmayaraq, bu mövzunu bir daha igid Azərbaycan
oğlu Cəfər Pənahininin dilindən eşitmək ayrıca zövqdür. Film müddətində Azərbaycan
türkcəsində söhbətlər də oldu və bir epizod yadımdan çıxmır: Aşıqlar bazarın
ortası ilə Azərbaycan türkcəsində sazla aşıq havası çalaraq, oxuyaraq gedirdirlər.
Başqa sözlə, film əsas etibariylə özgə film deyil. Elə öz filmimizdir. Film
İranda qadağan olunmuş və xarici ölkələrdə bir çox mükafatları qazanmışdır.
Filmi izlə:
Comments
Post a Comment