Çöküş - Bunker - Downfall - Der Untergang
Təqdimat:
1945-ci ilin apreli. Sovet qoşunları Berlində Üçüncü Reyxi mühasirəyə alırlar.
Faşistlər, Fürerin bunkerində, gözlənilməz məğlubiyyətdən çıxış yolu
axtarırlar. Hitler qaçış təkliflərini rədd edir və iddia edir ki, qələbə çox
yaxındır. Bir qədər sonra isə o, artıq intihar ilə əlaqədar detalları düşünür.
Cəlladların axrıncı sığınacağı, Sovet qoşunları ilə yanaşı, aqoniya və qorxu ilə
də əhatələnib. Bunkeri tərk etməyə müvəffəq olanlar, başçıların və onların
rejimlərinin çöküşünü izləyə biləcəklər.
Təəssüratlarım: Adolf Hitleri hamı tanıyır, amma necə tanıyır? Bax sual budur.
Filmin ən əsas özünəməxsus xüsusiyyəti, Hitlerin bir insan olaraq müharibədə məğlub
olduğu zamanda nələr hiss etdiyini və nələr düşündüyünü bizlərə göstərməsidir -
yazıq, xəstə, reallıqla xəyal dünyası arasında fərqi hiss etməyən, əlləri əsən
və arxasında generalları bir-bir satqınlıq edən yorğun qoca, hansı ki, 50
milyon insanın ölümü onun adına yazılıb.
İkinci dünya müharibəsinin iztirabları, əzabları və çətinlikləri ilə əlaqədar
ruslar çox film çəkiblər. Bunu ruslar yaxşı ifadə edə bilirlər, amma
Almaniyanın kapituliyasiyasını, almanların özlərindən yaxşı incəsənətə əks
etdirməyi bacara bilən yoxdur. «Yaxşıların» və «pislərin» olmadığı film, ikinci
növbədə məhz bunu göstərir.
Aktyor performansı: Çox maraqlı vəziyyətlə qarşı-qarşıyayıq: belə ki, Hitler rolunu ifa
edən Bruno Qars hər bir xırda detalın öhdəsindən yüksək səviyyədə gəlmişdir. Məsələn
əllərin əsməsi, alçalmaq, xüsusi baxışlar, hər bir xasiyyətin ən həssas məqamları
və s. Çox şey elə aktyorun baxışlarından hiss olunurdu. Belə ifalar nadirdir.
Film bir çox mükafatlara layiq görülsə də, Bruno Qarsın performansına ən yüksək
mükafatlar düşür.
Təsirləndiyim məqamlar: Bilirsiz, dostlar, filmdə intihar səhnələri var. Ailəsini və özünü
öldürən generallar, gestapo rəhbərləri və s. Bu epizodlar çox təsirli çəkilib.
«Şərəf bizə düşmən əlinə keçməyə imkan vermir!» deyib intihar edən əsgərləri, rəhbərləri
görəndə, sözün düzü, özümü boşluğa düşmüş kimi hiss edirdim. Altı uşağını
soyuqqanlılıqla qətlə yetirən «SS» rəhbəri, özünü və arvadını da, digər millətləri
və öz millətini laqeyidcəsinə öldürdüyü kimi öldürür. Elə bu məqamda düşünürəm:
elə insanlar var ki, onlar insan adlanan canlı növünə adi olma haqqında sahib
deyillər. Daha çox robot termini vəziyyəti daha aydın izah edər. Eyni zamanda
hipnoz termini də. Çünki, təsvir olunanlar sadəcə kino deyil, reallıqda olmuş
hadisələrdir. Odur ki, bir qrup hipnoz altında olan insanlar görürük. Belə
filmləri izlədikdən sonra, fərq etməz, dünya müharibəsi olsun, ya da yerli və
ya regional müharibə olsun, anlayırsan
ki, müharibə insanlığı hansı vəziyyətlərə salır. Təsirləndiyim bir digər məqam
isə bu cümlələrdən sonra oldu: «Ruslar gələnə qədər biz axrıncı patron qalana qədər
döyüşəcəyik. Axrıncı patronu isə hamı özünə saxlayacaq». Təsirlənmək sözünü
izah etmək daha yaxşı olardı. Məsələn bu cümlələrdə həm şərəf-ləyaqət həm də
manqurtluq var.
Nəticə: Filmə
baxmağa hazırlaşanlara bir məsləhətim var: çalışın filmi izləyəndə faşistlərdə
klassik faşistləri deyil, başqalarını da görün. Əlbəttə, bu çox çətin
prosesdir, onların etdikləri hamıya bəllidir, yenə də bu filmə görə buna cəhd
eləmək olar. Faşistlər də ətdən və qandan ibarət olublar, amma ideologiyaları
qorxulu olub. Faşizmin çöküşü haqqında gözəl və tayı-bərabəri olmayan film.
Hamıya məsləhtdir.
Filmlə əlaqədar maraqlı faktlar:
- Çəkilişlər «Lenfilm»in iştirakı ilə Sankt-Peterburqda reallaşdırılıb. Bu onunla izah olunur ki, Rusiyada film çəkilişləri Avropadan daha ucuzdur və Rusiyada 20-ci əsrin əvvəllərindən qalma tikililər çoxdur.
- Adolf Hitler rolunu ifa edən Bruno Qanç, kifayət qədər uzun müddət bu roldan imtina edirdi. «Sonuncu Akt» («Последний акт» 1955) filmini izlədikdən sonra isə, qərara gəldi ki, rola daha çox dərin məna qatmaq lazımdır və rolu qəbul etdi.
- Bruno Qanç rolu daha yaxşı ifa etmək üçün bir müddət İsveçrə xəstəxanalarında, parkinson xəstələrini müşahidə etmişdir.
- Filmdə reallıqda da Hitlerin katibəsi olmuş və xatirələri jurnalist Melissa Müller (Мелисса Мюллер) tərəfindən qələmə alınmış, Traudl Yunqe (Траудль Юнге) iştirak etmişdir.
- Filmin çəkilişində Traudl Yunqenin xatirələr kitabı olan «Sonuncu Saata Qədər» (До последнего часа) kitabı ilə yanaşı, tarixçi İoaxim Festin «Hitler və Üçüncü Reyxin Sonu» (Гитлер и конец Третьего Рейха) kitabından da istifadə edilmişdir.
- Film alman intelektualları arasında olduqca səs salıb. Belə ki, bir çox düşünürlər belə hesab edirlər ki, Hitler obrazına müraciət etməyin riski var. Başqa sözlə, heç kim təminat verə bilməz ki, yeni «Hitler»lər əmələ gəlməyəcək.
Comments
Post a Comment