Monten - Təcrübələr
Kitabın rusca adı: Монтень Мишель - Опыты
Kitabın türkcə adı: Montaigne-Denemeler
Çox məşhur olan bu kitab nə romandır nə də elmi əsər. Bu əsər Montenin
insan həyatını əmələ gətirən ən önəmli mövzular ətrafında bildirdiyi olduqca dəyərli
fəlsəfi fikirlərdir. Həcmcə kiçik məqalələr toplusu olan bu kitabı istədiyiniz
səhifədən başlayıb oxuya bilərsiniz. Məsələn mən vaxtaşırı düşündürücü bir şey
oxumaq istəyəndə kitabın təsadüfi səhifəsini açıram və qarşıma çıxan başlığı
oxuyub daha sonra mətninə keçirəm. Aralarında elələri də olub ki, elə bir ciddi
əhəmiyyət kəsb etməyib amma ümumilikdə çox dəyərli kitabdır.
İntibah dövrünün fransız yazıçısının olduqca çətin, keşməkeşli həyatı
olmuşdur. Dörd övladının hamısını daha körpə ikən itirmiş və dəhşətli böyrək
sancıları içində qalasının divarları arasında can vermişdir. Bu əsər 20 ilə ərsəyə
gəlmişdir və olduqca maraqlı dövrə təsadüf edir. Belə ki, 16-cı əsrin ilk başlanğıcında
Lüter Papaya qarşı üsyan etmiş və nəticədə xristianlıq bölünmüşdür. Olduqca
böhranlı dövrdür.
Yazar özü bu kitabı ağlın özüylə dialoqu adlandırmışdır. Bir çox
filosoflardan fərqli olaraq yazıçı insanlıq haqqında deyil ümumiyyətlə öz təcrübələrindən,
düşüncələrindən yazmışdır. Bu kitabla ədəbiyyata da öz növbəsində yeni nəfəs gətirilmişdir.
Bu əsərdə Montaigne özünü əsas alaraq, özü də dediyi kimi məqsədi insanlıq
haqqında deyil öz şəxsi təcrübələrini yazmaq olmuşdur. Dünyada ən böyük şeyin
necə özünü tapmaq olduğunu deyən müəllif , öz şəxsi çatışmazlıqlarını böyük bir
təvazökarlıqla bizlərə çatdırmışdır.
Sanki yazar sadəcə bu kitabı yazmaq üçün bu dünyaya gəlib getmişdir.
Belə ki, yazarın başqa bir kitabı da yoxdur. Sadəcə kitab da deyil eyni zamanda
başqa macerası da yoxdur. “Mən kitabı düzəltdiyim qədər, kitab da məni
düzəltmişdir” deyir Monten. Yazarın atası ona ana dilindən öncə
latın dilini öyrətdiyindən, yazıçının həyatında bu dil ən vacib rolu üstlənmişdir.
Bu filosofun həyatı,
yaradıcıllığı haqqında olduqca çoxlu araşdırmalar var. Əlbəttə ən vacib olanı
onun kitabıdır. Mən ən azından kitab haqqında məlumatı olmayanlara məlumat vermək
istədim. Aşağıda əlavə linklər var. Buyurub maraqlana bilərsiz.
Əlavə məlumatlar:
https://niftiyevibrahim.blogspot.com/2012/12/monten-tcrublr.html
ReplyDelete