Əminə Pakrəvan - Abbas Mirzə və Azərbaycan
Annotasiya: "Abbas
Mirzə və Azərbaycan" adlı bu kitab görkəmli Azərbaycan sərkərdəsi, Qacarlı
şahzadə Abbas Mirzənin həyatı və mübarizəsi
haqqındadır. XİX əsrin əvvəllərində İran-Rus müharibələrinin nəticəsi
olaraq Azərbaycanın ikiyə parçalanması, Gülüstan sülh müqaviləsinə gətirən hadisələr elmi qaynaqlara əsaslanaraq
geniş şəkildə bu monoqrafiyada öz əksini tapıb. Günümüzün bir çox suallarına
cavab verən bu qiymətli əsər Azərbaycan
dilində ilk dəfədir nəşr olunur. Kitabın geniş oxucu kütləsinin marağına səbəb
olacağı şübhəsizdir.
Önsöz: Belə
maraqlı kitabı dilimizə tərcümə edib, günümüzdə kitab mağazalarında, kitab
satılan yerlərdə görünməsini təmin edən Güntay Gəncalpa təşəkkür edirəm. Güntay
bəyin iki kitabını (Yağız Qarışqalar və Səfəvilər) oxumuşam və Abbas Mirzə və
Azərbaycan kitabıyla da ilk çevirisini oxumuş oldum. Güntay bəy “qaranlıqları
aydınlatma” missiyasını yerinə yetirməyə davam etməkdədir.
Kitabın dili (Yazılış Üslubu): Kitabın dili elədir ki, qısa müddət ərzində rahat və sıxılmadan
oxuyub bitirmək olur. Doğrudur, oxucu bir çox şəxslərin adlarını yorucu və
yadda qalan olmadığını görəcək. Bəzilərini orta məktəbdən tanıyır, bəzilərini
yeni öyrənib, yadda saxladım. Bəziləri isə belə bir əhəmiyyət kəsb etmədiyindən
onların üzərində diqqətimi toplamadım. Kitabın formatı, tarixi faktlar və roman
üslubundadır.
Kitabla əlaqədar suallar: Kitabın yazılmasında məqsəd nədir? Kitab nə dərəcədə obyektivdir? Nə
dərəcədə əhəmiyyətlidir? Nə dərəcədə faydalıdır? Oxuyarkən nələrə diqqət etməliyik?
Yazar məqsədinə çatmışmıdır?
Kitabın tərcüməsini edən Güntay müəllimin də dediyi kimi, kitabın məqsədi,
fars şovinistlərinin görkəmli Azərbaycan şəxsiyyətlərini, tarixini, öz tarixləri
kimi qələmə vermək cəhdinə cavabdır. Elə bu zaman ikinci suala da cavab vermək
zərurəti yaranır (Kitab nə dərəcədə obyektivdir?). Əsərin obyektivliyi onun
istinad etdiyi qaynaqlara görə ölçülür. Əlbəttə mən tarixçi deyiləm, amma
araşdırmalarım göstərdi ki, istinad olunan qaynaqlar ən tanınmış və güvənilir qaynaqlardır.
Əsər yazılarkən Cahangir Mirzə, “Tarix-e
no (Yeni tarix)”, Tehran, 1327 Hicri Qəməri, Nəfisi (Səid), “Tarix-e siyasi və
ectemaiye İran” (İranın siyasi və ictimai tarixi), Tehran, 1335 Şəmsi, Watson
(Robert grant), A History of Persia, London, 1866., Malcolm (Sir John), History
of Persia, London, 1829., Brosset (Marie-Felicite), Histoire de la Georgie,
Paris, 1849., Ker Porter (Sir Robert), Travels in Georgia, Persia. Etc. London,
1821. və s. kimi çox məşhur və güvənilir qaynaqlardan istifadə edilmişdir.
Belə ki, bu kitabların müəllifləri həmin dövrdə bilavasitə hadisələrin içlərində
olmuş və müşahidələrini qələmə almışlar. Qaynaqların etibarlılığını nəzərə
alaraq əsərin əhəmiyyəti və faydasına aid də fikir söyləmək mümkündür.
Kitabı oxuyarkən biz, bu günün
mənzərəsinin necə əmələ gəldiyini addım-addım görürük. Gülüstan və Türkmənçay
müqavilələri və Abbas Mirzə şəxsiyyətinin mübarizəsi, Rusiya və Qacarların
münasibətindən əmələ gələn müasir Azərbaycan coğrafiyası yaxşı təsvir edilib.
Əlbəttə, müqavilələrin xırdalıqlarının çatdırılması məqsəd deyildi, ona görə də
diqqət Abbas Mirzə və onun bu proseslərdəki iştirakıdır.
Eyni zamanda biz Azərbaycanın Abbas Mirzə üçün necə bir əhəmiyyət kəsb etdiyini və onun bölgə insanlarının rifahı üçün nələr etdiyini görürük.
Yazar məqsədinə çatmışmıdır? Yazar xarici və yerli qaynaqların Abbas
Mirzə şəxsiyyətiylə əlaqədar verdiyi məlumatları bir az zənginləştirərək bizə
çatdırmışdır. Məncə, yazar məqsədinə çatmış və beləcə də bizlərə də bir çox
vacib məlumatları vermişdir.
Kitabı yüklə: buradan
Qacarlar haqqında Wikipedia məlumat: burada
Mən bu kitabı oxumuşam. Çox gözəl kitabdır. Hamıya da məsləhət görürəm. Lakin burada sizin yazdığınız kimi "İran-Rus müharibələrinin nəticəsi olaraq Azərbaycanın ikiyə parçalanması"ndan söhbət getmir. Həmin dövrdə ümumiyyətlə İran adlı dövlət olmayıb. Abbas Mirzə Qacariyyə dövlətinin şahzadəsi olub və rusarla apardığı müharibədə Qacariyyə torpaqlarının bir hissəsini itirib. Yəni indiki İran və Azərbaycan dövlətləri eyni, vahid dövlət olub.
ReplyDeleteSamira xanım, gördüyünüz kimi "Annotasiya" başlığı altında kitabda yer alan müvafiq hissədən eyni məlumatları qeyd etmişəm. Bu mənim şəxsi fikirlərim deyil.
Delete