Riçard Perkis Kordok - Milyoner yenilənməsi

ENG: Millionaire Upgrade: Lessons in Success from Those Who Travel at the Sharp End of the Plane - Richard Parkes Cordock


Cənab Riçard Brensonla birlikdə real təyyarə səfərindən ilhamlanaraq yazılmış kitab, sahibkarların hansısa sehrli qüvvənin nəticəsində formalaşması ilə əlaqədar fikirləri sıradan çıxarıcı formata malikdir. Tom adlı şəxs milyoner Maykl ilə birlikdə səyahətə çıxacağını öncədən bilsə idi, bəlkə də həmin günə daha canlı və həvəsli başlayardı. Lakin bu səyahət Tom üçün əsl fikri inqilaba - milyoner yenilənməsinə çevrildi. Mayklın yardımı ilə o, müstəqilləşmək və sahibkarlığa atılmağın sirlərini öyrəndi...


Razılaşarsınız ki, artıq dünya üzrə insanları sahibkarlığa və biznesə başlamağa stimullaşdıran kitab və analoji resurslar həddindən artıq çoxdur. Biznes elmləri üzrə bakalavr kimi, hər zaman mövzu diqqətimdə olub. Kiyosakinin "Varlı ata, kasıb ata", Timoti Ferrisin "Həftədə 4 saat necə işləməli", Deniel Pinkin "Conni Bankonun macəraları"  və ən nəhayət Mark Fişerin "Milyonerin sirri" kimi pis təcrübələrdən sonra, düşünürdüm ki, sahibkarlıq və ya şəxsi biznesə stimullaşdıran kitabları oxumağın bir mənası yoxdur. Doğrudur, Kim V. Çanın "Mavi okean strategiyası" həm elmi yöndən, həm də şəxsi inkişaf yönündən mənə faydalı oldusa da, tək bir kitab və sadəcə müəyyən biznes mövzu hər şeyi həll etmir. Sahibkarlıq daha çox ruhi hal və güclü motivasiya ilə əlaqədar bir şeydir. "Milyoner yenilənməsi" isə müəyyən mənada bu stereotipi dağıtdı. Kitabın sadə və səmimi üslubu mənə təsvir olunan mühiti yaşamağıma və ötürülmək istənən ideyaları iştahla həzm etməyimə səbəb oldu. Bir tərəfdən çox sevindim ki, sonunda bu kitab vasitəsi ilə şəxsi inkişaf və biznesə stimullaşdıran janr ilə tam yollarımı ayırmadım. 

Kitabın üzərində qurulduğu konsepsiya çox sadədir: insanlar adətən iki tip zehniyyətə malik olurlar - "əməkdaş" və ya "işçi", bir də "sahibkar" zehniyyətinə. Bu elə bir şeydir ki, insanın bütün həyatını müəyyənləşdirir. Biri o birisinə üstünlük təşkil etmir, çünki təbii ki, heç də bütün insanlar eyni deyil və bir nəfərin bacardığını digəri bacarmaya bilər. Homogen cəmiyyətdə yaşasaydıq, yəqin ki, insanlıq bu qədər rəngarəng olmazdı. Buna baxmayaraq, əgər insan arzularının arxasınca getmək üçün kifayət qədər enerji və iradəyə malikdirsə, müəyyən köməklərdən faydalanaraq işini düzgün qursa, uğur qazanmaq şansı da artar. Əlbəttə, həmin bu yardımları hər yoldan keçən insanın etməsi həm mümkün deyil, həm də inandırıcı olmaz. Klassik yanaşma odur ki, insanlar artıq uğur qazanmış və kifayət qədər məbləğ qazanmış insanların sözünə qulaq verərlər. Odur ki, Maykl adlı obrazın kökündə dayanan Britaniya əsilli biznesmen, "Virgin Group"un təsisçisi Riçard Brenson, müəyyən məsləhətlərini Riçard Perkis Kordokun qələminin yardımı ilə geniş oxucu auditoriyası ilə bölüşür. 

Ümumiyyətlə düşünürəm ki, hansısa məlumat özü özlüyündə önəmli deyil. Əsas onun çatdırılma forması, kanalıdır. "Milyoner yenilənməsi" bizə dialoqların və həyati situasiyanın - təyyarə səfərinin yardımı ilə qurulmuş ideya ötürülüşü icra edir. Nəticədə biz darıxmırıq. Məlumatlar porsiya-porsiya, ideal proporsiyalarda konstruksiya olunub və maksimal dərəcədə reallığa uyğunlaşdırılıb. Bu da ona motivasiya və ilham xüsusiyyətini uğurla qazandırıb. 

Artıq "həyata giriş" dərsini bitirmiş birisi kimi onu qeyd etmək istərdim ki, real həyata atılandan sonra bir şeyə əmin oldum: insan nəyisə bilmirsə, savadı azdırsa, nəyisə bacarmırsa, onu mütləq öyrənə bilər, çünki həyat şəraiti və şərtlər bunu məcbu edirsə, gizlənməyə yer olmayacaq. Yox əgər insanın paradiqmasında, düşüncə tərzində və yanaşmalarında dəyişiklik lazımdırsa, bu heç də qısa müddət ərzində baş verən bir şey deyil. Çünki bu məqam bizim şəxsiyyətimizlə əlaqədardır. Şəxsiyyət isə uzun illər, çoxsayılı təsirlər və faktorların altında formalaşır. Məsələn, baxırsan görürsən ki, orta məktəbdə və ya universitetdə səninlə birlikdə oxuyan bir yoldaş indi, bir neçə il sonra uğurlu iş adamı olub. Halbuki, həmin şəxsin dərs oxumaq və savadlanmağa həvəsi yox idi və müvafiq olaraq da qiymətləri də zəif idi. Hətta, mərifət-qanacaq və məsuliyyət sarıdan da heç də bəxti gətirmiş birisi hesab olmazdı. Sən isə kifayət qədər məsuliyyətli və zəhmətkeş olmağına baxmayaraq, aylıq maaşa və iyerarxiyaya baxan adam olmusan. Bu fakt sübut edir ki, insan cəmiyyətə atılandan sonra, onun yanında ilk növbədə onun şəxsiyyəti olur, ikinci dərəcədə isə onun son bir neçə il ərzində topladığı savad və dünya görüşü. Şəxsi keyfiyyətlər çox önəmlidir. Hər keçən gün bunun önəmini anlayan birisi kimi çox əminliklə bunu xüsusilə qeyd etməyi özümə borc bilirəm. Fərq etməz, istər bu kitabı oxuyun, istərsə də oxumayın, əsas olan uşaqlıq illərindən güclü şəxsiyyətə malik birisi kimi yetişməyinizdir. Bunu 25 və ya 30 yaşda etmək üçün heç də hər ölkə eyni potensiala malik deyil. Odur ki, işi öncədən sığortalamaqda fayda var. 

Kitabın əsas çatışmazlığı, onun "Milyonerlər üçün MBA" adlı proqrama olan reklam xarakterini daşımasıdır. Sözün düzü, bu məqama o qədər də fikir vermədim. Bunu daha çox Youtube sosial şəbəkəsində hansısa videonu izləməzdən qabaq və ya bəzi hallarda videonu izləyərkən onun ortasında açılan 5 saniyəlik reklamlarla da müqayisə etmək olar. Odur ki, kitabın 90% sahibkarlıq ruhunun analiz edilməsinə və qeyd olunduğu kimi "işçi" və "sahibkar" zehniyyəti arasında müqayisələri icra etməkdən ibarətdir. 

İkinci zəif nöqtə kimi, kitabın həddindən artıq yad konsepsiyalara istinad verməsidir. Məsələn, Napaleon Hillin 1937-ci ildə yazdığı "Düşün və varlan" adlı kitabı bezdirəcək dərəcədə dəfələrlə təkrarlanır. Bəzi oxuculara görə, "Milyoner yenilənməsi" adı çəkilən kitabın "yumşaq versiyası"dır. Eləcə də, kitabda istifadə olunan akronimin açılışı bəzən heç də heyrətləndirici olmayıb, əksinə adi biznes klişe formasında idi. Görünür, biznesyönümlü və şəxsi inkişaf kitabları belə çatışmazlıqlara malik olmağa sadəcə məhkumdurlar. Ən yaxşısı, bir meyvədən şirəni çəkərcəsinə belə kitablardan da şirəni çəkib, qalıqları zibil qabına tullamaqdır. 

Hər bir halda, kitabı oxumaq faydalı oldu. Son zamanlar ardıcıl olaraq analoji janrın nümayəndələrinə olan məyusluğum nikbinliklə əvəzləndi. "Milyoner yenilənməsi" qısa, tez oxunan və özünəməxsus üsluba malik motivasiyaedici kitabdır. Digər yeni çıxan kitablarla müqayisə etsək, Riçard Perkis Kordok oxucuları daha çox düşünüb və mümkün olan sadəlik və səlisliklə sahibkarlığıa stimullaşdırıcı işi ortaya qoymağı bacarıb. Hətta sonda peşman olsanız belə, həcminin az olması sizdən qoparılan resursların azlığına görə çox da məyus etməyə bilər. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi