Viktor Pelevin - Generation P

RUS: Виктор Пелевин - Generation П

Romanın əsas qəhrəmanı "P" nəslinin nümayəndəsidir. Cəmiyyətdəki rolunu köşkdə adi alverçi kimi başlasa da, sonradan reklam və marketinq sahəsindəki intellektual xalturanı öyrənib "rus ideyası"nın üzərində işləməyə başlayır. Qısa müddət ərzində olduqca keşməkeşli təcrübələr yaşayan əsas obraz, sonunda İştar adlı ilahənin dünyəvi ərinə çevrilir...

Hər şeydən əvvəl onu deyim ki, bütün postsosialist ölkələrin əhalisinə müəyyən bir həqiqət bəllidir. Bu özünəməxsus reallıq onları dünyaya gəldikləri ildən bu günlərinə qədər qarabaqara izləyir. Viktor Pelevin çox nadir yazıçılardandır ki, həmin həqiqəti öyrənib, hiss edib, yaşayıb və gələcəyini dərk edib. Hər dəfə onun kitablarına başlamazdan öncə, yaxşı başa düşürəm ki, o, mənə belə deyəcək: Rahat əyləş, yoldaş. Mən çox yaxşı bilrəm ki, sən kimsən, haradan gəlmisən, nələri hiss edirsən və ən əsası, nələri arzulayırsan. Sən həmişə düşünürsən ki, niyə görə əvvəllər SSRİ-nın bir hissəsi olan ölkən, indi dünyanın digər cəmiyyətlərindən bu qədər "fərqli"dir. Fərqlilik özünü qəribə vərdişlərdə, adət-ənənələrdə, yazılmamış qanunlarda və əsas da insanlarda özünü biruzə verir. Mən gəlib sənin düz yanında oturmaq, sonra da səninlə üz-üzə qalmaq istəyirəm. Ona görə də, elə şeylər yazıram ki, sənə doğma olsun. Səni əhatələyən insanların və məkanların mahiyyətini məzəli formaya salacam. Onsuz da yeni bir şeyin baş vermədiyi dünyada, əsasən də ölkələrimizdə baş verənləri fərqli formada, daha narkotik biçimdə görə bilməyin üçün çalışacam...

Postsosialist ölkələrdəki həmin o qəribə həqiqət əslində çox sadə mahiyyətə malikdir. Özəl mülkiyyətin, seçimin və azad iradənin olmadığı mühitdən çıxıb hər şeyin "psevdo azad" olduğu mühitə qədəm qoymaq, şəxsiyyətə pərəstiş və bütpərəstlikdən sonra anonim diktaturanın altına girmək, insan kimi ali canlı üçün belə çox ağır gələcək sınaqdır. Bu həqiqət, bütün əlaqədar reallıq parçaları keçmiş sovet insanlarını və onlardan törəyən yeni nəsli çox fərqli bir insan modelinin timsalında yaşamağa vadar etdi. Elə bil uzun müddət ac və ya susuz qalıb birdən-birə yemək və su tapanda mümkün olduğu qədər çox içməyə və yeməyə meyl edən insan kimi, sovet insanı da düşdüyü "pul axınında" və ya "fiskal turbulentlikdə" öz başını itirib. Bax buna görə də, Pelevinin kitablarını çox bəyənirəm. Əlbəttə, onun heç də bütün əsərləri mənim yuxarıdakı təəssüratlarımdan qaynaqlanan fəlsəfi şərhim çərçivəsində özünü biruzə vermir, amma "Generation P" məhz bu fikirlər çərçivəsindən özünü doğruldur. Romanı oxuduqca başa düşürdüm ki, sistemlərarası keçid, fəzalararası keçiddən, zamanda səyahətdən və ya başqa elmi-utopik və fantastik konseptlərdən daha dözülməz fəsadlara yol açan prosedur hesab olunmalıdır. 

Xüsusilə siyasi pamfletlə və postsosialistik torpaqda biznesin ayaq açması arasında aparılan bədii-ezoterik əlaqələr, çox maraqlı analogiyalar, fəlsəfi fantastika, reklam və marketinqin ələ salınması mükəmməl süjetə və öyrədici mental təcrübəyə səbəb olub. Praktiki olaraq hamı özünü Tatarskinin timsalında axtarıb tapa bilər. Bəs yaxşı, Vavilen Tatarski kimdir? O, SSRİ-nin çöküşündən sonra başını itirən, yeni reallıqların mənasını qəti olaraq başa düşməyən, amma onları sidq-ürəkdən başa düşməyə çalışan, sadə bir gəncdir. O, bir-birinin ardınca müxtəlif şansları əldə edir, nə qədər istəyir ki, yaşadığı mühitə uyğunlaşsın, amma mümkün olmur ki, olmur. Səbəb də ondan ibarətdir ki, gündəlik həyatında nəyinsə çatışmadığını hiss edir. Bu çatışmazlıq bədii süjetdə öz əksini olduqca mezo formada tapıb, amma mən məsələni qısaltsam belə bir şey qeyd etmək istərdim ki, Tatarski zehni və qəlbi cəhətdən hələ sovet dövründən azad olmayan, ona heyranlığını gizlədən rus gəncidir. Mistik və əfsanəvi şeylərə olan həvəsi və milli kimlik ilə əlaqədar aldığı tapşırığı bir o qədər də yarıtmamağı onun şəxsiyyəti və xarakteri, əslən aid olduğu kommunistik cəmiyyət haqqında məlumat almaq üçün kifayət edir. Elə buna görə də, "Generation P" postsosialist ölkədə yaşayan insanlar üçün əsl oksigen balonudur. Kitabın elə ilk səhifəsində bu cümlələr də elə-belə yer almayıb - Sitat: Bir vaxtlar həqiqətən də Rusiyada yay fəslinə, dənizə və günəşə gülümsəyən qayğısız gənclik yaşayırdı və günlərin bir günü onlar "Pepsini" seçdilər. İndi bunun niyə baş verdiyini müəyyənləşdirmək çox çətindir. Yəqin ki, səbəb nə bu içkinin mükəmməl dad keyfiyyətlərində, nə də tifilləri uşaqlıqdan kokain kimi bir yola itələyən və hər dəfə yeni dozaya sövq edəcək kofeində deyildi. Həm də inanmaq istəyirsən ki, buna səbəb adi banal rüşvət olmayıb və müqavilənin bağlanmasının asılı olduğu partiya bürokratı özünün kommunizmdə inkişaf edən qəlbi ilə bu qazlı qara içkini sadəcə olaraq çox sevib. Çox güman ki səbəb SSRİ ideoloqlarının həqiqətin sadəcə bir olduğunu hesab etmələrində idi. Ona görə də, "P" nəslinin başqa seçimi yox idi və yetmişinci illərin uşaqları valideynlərinin Brejnevi seçdikləri kimi "Pepsi"ni seçmişdilər. 

Digər oxucuların "Generation P"ni anlamamaqla əlaqədar olaraq yaşadıqları illüziya xarakterli təcrübələr haqqında internet məkanda oxuyanda heç də təəccüblənmədim. "Bütün bunlar görəsən nə ilə əlaqədar idi?" deyə sual verən oxucu müəyyən mənada haqlıdır. Çünki 1999-cu ildə nəşr olunan kitab Rusiyanın çox qarmaqarışıq dövrünə təsadüf edib. Süjet də Rusiyanın həmin dövrü ilə əlaqədar olduğuna görə bədii vəziyyət bir qədər mürəkkəbləşib. Absurdizm və oriental mistism elementləri müşahidə olunur. Milli kimlik məsələsi, onun olmaması və ABŞ-ın timsalında demokratiya və kapitalizmin alternativsizliyinə Pelevinin qələmindən olan satira möhtəşəm nəticə verib. Unutmayaq ki, yazıçılığın 3 buddist səviyyəsi var. 1-ci səviyyədə insan sözlərdən və cümlələrdən istifadə edərək çox gözəl səhnələr, süjet və obrazlar yaradır. Dünyaya yaxşı bir roman, hekayə və ya başqa əsər bəxş edir. 2-ci səviyyədə yazıçı ideyalar, paradiqmalar formalaşdırır, bəşəriyyətə tamamilə yeni baxış bucaqları və yanaşmalar təqdim edir. 100 il eyni məcra ilə axan çayı götürüb tamam başqa yerə istiqamətləndirir. 3-cü səviyyə isə yeni sözlərin və ya söz birləşməsinin icad olunmasıdır, hansı ki, digər insanlara daha dərindən və ətraflı düşünmək üçün inşaat materialları təqdim edir, çünki dil düşüncənin təməlidir. Belə götürəndə 4-cü səviyyə də var, amma bu gün onun haqqında məlumat vermək istəməzdim. Viktor Pelevini də məhz üçüncü səviyyəyə aid edirəm. Yazıçı yeni sözləri icad edib dövriyyəyə buraxır. Əlbəttə, digər iki səviyyə də onun əsərlərində sezilir, amma üçüncü səviyyənin mövcudluğu əsl şok effekti verir. Yazıçı həyatımızın daha epik olması üçün xüsusi cığırlara işarə vurur. Heyran olmamaq mümkün deyil. Ona görə onu çox sevirəm və bu dəfəki "Generation P" əsəri də məhz bu qəbildən çox zəngin müasir bədii mütaliə təcrübəsi yaşatdı. Televizor izləməklə əlaqədar eynilə kitabda da çox gözəl bir fikir var. Sitat: Televizor izləməyin üç buddist yöntəmi var. Mahiyyət etibari ilə hamısı eyni üsuldur, sadəcə olaraq müxtəlif təlim səviyyələrində müxtəlif cür görsənir. İlk öncə sən televizora səsi alınmış formada baxırsan. Təxminən yarım saat, öz sevimli tele verlişlərinə. Əgər televizorda nə isə vacib və maraqlı bir şeyin deyildiyi ilə əlaqədar fikir ortaya çıxsa, sən həmin an bunu dərk edirsən və onu neytrallaşdırırsan. Əvvəlcə sən özünü itirib səsi qaldıracaqsan, amma vaxt keçdikcə öyrəşəcəksən. Əsas odur ki, özünü saxlaya bilməyəndə günah hissi yaranmasın. Təzə-təzə bu hamıda belə olur, hətta lamalarda da. Daha sonra sən televizora səsli, lakin görüntüsüz olaraq baxmağa başlayırsan. Ən nəhayət isə sən söndürülmüş televizora baxmağa başlayırsan. Bu ən əsas texnikadır, ilk ikisi isə hazırlıq xarakteri daşıyır. Bütün xəbərlər verlişlərinə baxırsan, amma televizoru yandırmadan. Çox vacibdir ki, bunu edərkən qamət düz olsun, əlləri isə qarın nahiyəsində mövqeləşdirəsən - sağ bilək aşağıda, sol isə yuxarıda. Bu kişilər üçün idi, qadınlar üçün isə əksinədir. Fikri bir saniyə də olsun yayındırmaq olmaz. Əgər 10 il dalbadal, heç olmasa gündəlik 1 saat belə telezivor izləsəniz, televiziyanın təbiətini dərk edə bilərsiniz. Elə başqa şeylərin də həmçinin.

Romanın adı - Generation P, məndə həm də bir qədər fərqli yozumlara stimul yaradır. Məsələn, P nəsli marketinqin bir qədər köhnəlmiş, lakin mühüm anlayışı olan "4P" ilə də əlaqəli ola bilər. Başqa sözlə, yazıçı bir növ əsas ideya kimi onu demək istəyir ki, müasir insanlar "4P" konsepti kimi inkubatordan çıxan broyler toyuğuna bənzəyir. Hər bir insan məhsuldur (Product), onun müəyyən bir qiyməti var (Price), o, mütləq özünü reklam etməli və sosial pilləkanları qalxmalıdır (Promotion) və ən nəhayət ilk 3 P onun müəyyən yerə gətirib qərarlaşdırır (Place). Romanda əsas obrazın marketinq və reklam işi ilə məşğul olmasını, SSRİ-nin dağılmağından sonra yerində kapitalistik Rusiyanın yaranışını abduksiya metodu ilə analiz edəndə, belə bir nəticə öz-özünə yaranır, lakin yazıçı P-ni Pepsi ilə əlaqələndirir, hansı ki, Pepsi özlüyündə olduqca simvolik məna daşıyır və bir sosial formasiyadan digərinə olan keçidi simvolizə edir. 

Xüsusilə siyasi proseslərin əsas iştirakçıları olan siyasi fiqurların ifşası romana teatral effekt bəxş edib. Pelevin həmişə belə qlobal müstəvili falsifikasiya ilə məşğul olur. Bir növ, bu onun əsərlərinin sabitləridir. Digər bir çox iri və qısa həcmli əsərləri ilə tanış olan birisi kimi "Generation P" məndə daha fərqli və özünəməxsus təəssüratlar formalaşdırdı. Çox yaxında bu kitabı yenidən oxumağı da planlaşdırmışam. Yazı üslubu, oxucuya doğmalığı və yüngül məzhəkə çox ürəyimcə oldu. Oxuduqca hiss edirsən ki, sən də Tatarski kimi metomorforzlar keçirirsən. Yaşasın Pelevin! 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi