Saturday, 13 May 2017

Rutqer Breqman - Realistlər üçün utopiya

ENG:  Rutger Bregman - Utopia for Realists: Why Making the World a Better Place Isn't a Fantasy and How We Can Do It

Amerikalıların üçdə ikisi 2 həftəlik məzuniyyəti əlavə 2 həftənin məvacibindən üstün tuturlar. Eləcə də biznes mütəxəssislərin böyük əksəriyyəti vəzifələrinin bir o qədər də əhəmiyyətli olmadığını düşünür. Biz acığımız gələn iş yerlərində bütün günü işlədikdən sonra bizə lazım olmayan şeyləri almağa başlayırıq. "Realistlər üçün utopiya"da holland tarixçi və jurnalist Rutqer Breqman, bunların heç də belə olmamalı olduğunu qeyd edir. Beynəlminəllik və praqmatizm manifesti kimi Breqmanın kitabı əsas 3 ideya ətrafında formalaşıb: 15 saatlıq iş həftəsi, "universal minimal gəlir" və sərhədlərin olmadığı dünya. Bu iddialara dəstək məqsədi ilə kitabda ötən əsrin 70-ci illərində icra edilən "Mincome" təcrübəsi, evsizlərə verilən qarşılıqsız pul təcrübələri və müxtəlif çoxsayılı statistik faktlar yer alıb. Bəlkə də bu iddialar heç də qeyri-real deyil. Nəinki qeyri-real, cəsarətli olsaq, bəlkə də zəruridir deyə bilərik, çünki daha az saatlı iş həftəsi daha az iş xətası, ətraf-mühitə vurulan zərər, daha az stress, qəza və iqtisadi qeyri-bərabərlikdir. Breqman vurğulayır ki, dəyişiklik ideyalarla başlayır. Nə vaxtsa bizim bu günümüz keçmişdə yaşayan insanların utopiyası idi. Ona görə də ifrat istehsal və istehlak kimi problemlərin öhdəsindən gəlmək üçün gərək ilk növbədə qurduğumuz sistemlərə olan yanaşmamızı dəyişək. "Realistlər üçün utopiya" kitabı bizə cari iqtisadiyyatların qeyri-reallığını, ideal və ya utopik hesab edilən iqtisadi sistemlərin isə reallığını çox möhtəşəm və axıcı dil ilə izah edir. Məncə, kitabı oxuduqdan sonra heç kim bir daha düşündüyü ənənəvi fikirlərini və ya doqmaları yada salmayacaq. 


Kitabı axtarıb-tapıb oxumağıma əsas səbəb Rutqer Breqmanın öz kitabı haqqında The Economist-ə verdiyi müsahibəni dinləməyim olmuşdu (müsahibəni dinləmək üçün keçid: http://bit.ly/Ukutopia_Bregman). Bir iqtisadçı kimi mənə maraqlı gəlmişdi ki, görəsən yuxarı abzasda qeyd edilən məqamlar haqqında özünə belə inamla və güvənlə danışan şəxs nə dərəcədə ciddidir və nə dərəcədə real və yaxşı bilgilərin toplandığı kitab yaza bilib. Doqmalarımızı qıran ideyalar həmişə cəlbedici olur. Qısa müddət ərzində kitabı elektron olaraq tapdım və 1 ay ərzində yavaş-yavaş oxudum. Sonunda isə əsl düşüncə yenilənməsi yaşadım. "Realistlər üçün utopiya" kitabını sadəcə bəyənmək deyil, həm də onun faktuallığını nəzərə alıb qiymətləndirmək lazımdır. Son dövrlərin aktual məsələlərinə toxunan, müəyyən həll yolları göstərən və ən əsası fərziyələrlə deyil, real analitik yöntəmlərlə izahat aparan kitabı oxumağıma çox şad oldum. Sitat: "Bəşəriyyətin möhtəşəm ölçü daşları olan utopiyalarla əlaqədar hər zaman şübhələr olub. Tanınmış sosioloq Albert Hirşmana görə, utopiyalar 3 səviyyədə hücuma məruz qalıblar: axırsızlıq (bu mümkün deyil), təhlükə (risklər çox böyükdür) və qüsurluluq (bu distopiyaya səbəb olacaq degenerasiyadır), amma Hirşman həm də yazır ki, necə ki utopiyalar gerçəkləşir, adi bir şey kimi qəbul olunmağa başlanılır" (Breqman, Realistlər üçün utopiya, 2016) 

Kitab çox güclü kontrastlar üzərində qurulub. Bu o deməkdir ki, mövzular keçmiş dövrün gələcəyə olan yanaşmalarından hərəkətə gələrək, bu günümüzü də öz növbəsində hansısa gələcək zamanın keçmişi kimi qəbul edib, müxtəlif iqtisadi göstəriciləri ortaq məxrəcə gətirməyə çalışır. Məsələn, kitab ilk səhifələrində aydınlaşdırır ki, hələ Keynes 20-ci əsrin ilk rübündə daha az saata malik iş həftəsini iqtisadi cəhətdən məntiqli və düzgün hesab edirdi. Bundan əlavə, kasıb ölkələrin cəmiyyətlərin niyə görə kasıb olduqları ilə əlaqədar bir çox maraqlı təcrübə və məlumatlara əsasən səbəblər üzərində dayanılır. Qeyd edilir ki, kasıb ölkələr ona görə kasıbdır ki, onlarda sadəcə oalraq yetərincə nağd pul ehtiyatları yoxdur. Halbuki, həm media, həm də populist siyasətçilər kasıb cəmiyyətləri demokratiyanın olmamasında, insanların savadsızlığında və ya digər hansısa ictimai göstəricilərdə olduğunu deyirlər. Təbii ki, onların müəyyən əhəmiyyəti var, amma aparılan real təcrübələr və sahə araşdırmaları sübut edib ki, isanlara ilkin investisiyanı təmin edəndə, özləri həmin investisiyanı artırmağın yollarını axtarıb-tapırlar. Sitat: "19-cu əsrdə bərabərsizlik sosial sinif məsələsi ilə əlaqədar idi. Bu günlərdə isə bu məkan ilə əlaqədardır. "Bütün ölkələrin proletarları birləşin!" uzun müddət müxtəlif yerlərin kasıb insanlarının əzabkeşliyini birləşdirən ideya olub. Bu gün isə, Dünya Bankının aparıcı iqtisadçısı Branko Milanoviç qeyd edir ki, "Proletariat həmrəyliyi artıq ölüb, çünki artıq qlobal proletariat deyə bir şey qalmayıb.""(Breqman, Realistlər üçün utopiya, 2016) 
İnsan özü özlüyündə çox qəribə canlıdır, çünki o xəyal edə bilir. Kitabın ilk səhifələrindən müəllif göstərir ki, bütün bu fiosoflar, yazıçılar və alimlər utopiyaların vasitəsi ilə bəşəriyyətin inkişafa və firavanlığa nail ola biləcəyini qeyd edirmişlər. Onlardan bəziləri isə artıq reallaşıb, bəziləri reallşmaq üzərədir, digərlərinin reallaşması üçün isə az qalıb. Utopiya anlayışının özü əslində inkişaflar üçün mühüm zəmindir. İnsan təxəyyülündə özünə varlıq qazanan istənilən ideya, hətta utopiyalar belə nə vaxtsa gerçəkləşəcəklər, sadəcə o istiqamətdə kiçik addımlar irəliləmək yetərlidir. Sitat: "Abstrakt ideallardan fərqli olaraq, çertyojlar nifaqa tolerantlıq göstərməyən dəyişməz qayda-qanunlardan ibarət olurlar. İtalyan şair Tomasso Kampanellanın "Günəşin şəhəri (1602)" çox yaxşı nümunə təklif edir. Bu utopiyada və ya distopiyada, fərdi mülkiyyət ciddi olaraq qadağan olunub, hamı bir-birini sevməyə məcbur edilib və dava-dalaş ölümlə cəzalandırılır. Özəl həyat, intim məqamlar da daxil olmaqla dövlət tərəfindən idarə olunur. Məsələn, ağıllı insanlar ancaq axmaq insanlarla yatağa girə bilər, kök insanlar isə arıqlarla. Hər bir təklif arzuolunan ortalamaya nail olmaq üçün tənzimlənir. Ən əsası isə, hər bir insan inanılmaz dərəcə çoxsayılı informatorlar vasitəsi ilə nəzarət altındadır. Əgər bir kimsə qanunları pozarsa, özünün könüllü surətdə pis vətəndaş olduğunu qəbul edəcək və başqaları tərəfindən daşlanacağına razı olacağı həddədək qorxudulurdu" (Breqman, Realistlər üçün utopiya, 2016) 

Kitabı oxumaq qərarını verən şəxs bol rəqəmlərə və nümunələrə hazır olmalıdır. Belə kitabların mütaliəsi paradiqmadəyişdirici xarakterə malikdir və çox faydalı ola bilər. Rutqer Breqmanın "Realistlər üçün utopiya" kitabı birmənalı olaraq oxumağa dəyərlidir. Kitabı internetdə elektron versiyada axtarıb-tapmaq kifayət qədər çətin oldu. Əgər kitabı oxumaq istəsəniz, zəhmət olmasa aşağdakı keçidi istifadə edin. Keçiddə həm, pdf, həm də mobi versiyada kitabı yerləşdirmişəm. 

No comments:

Post a Comment