Amerikalı şirin qız/ American Honey/ Американская милашка

İtirməyə heç nəyi olmayan yeniyetmə qız Star (Sasha Lane) qapıdan-qapıya jurnal satışı ilə məşğul olan dəlisov bir komandaya qoşulur. İstədikləri kimi hərəkət edən, əylənən və pul qazanmaqdan başqa heç nəyi düşünməyən gənclər toplusu ABŞ-ı başdan-başa səyhət edib, satış etmək istəyirlər. Star isə satışdan əlavə intriqa dolu sevgi macəraları, qanun pozuntuları və gözlənilməz həyat reallıqları ilə üz-üzə qalır...

Filmi izlədikcə Starın cəmiyyət tərəfindən necə müəyyən axın istiqamətində yönəldildiyini görürük. Sanki, obrazımız özünü "cəmiyyət" adlanan axına buraxır və "Dumandakı kirpi" cizgi filmində kirpiciyəzin dediyi kimi "qoy çay məni gedəcəyim yerə aparsın" deyir. Oxşar analogiyanı cizgi filmi ilə "Amerikalı şirin qız" arasında hələ çox qurmaq olar, çünki hər ikisi də individin öz şəxsi həyat yolunu axtarıb-tapmaq, ona öz yanaşmasını müəyyənləşdirmək və ilk öncə arzularını tapıb, sonra da onlara nail olmaqdan bəhs edir.  Açığını deyim, mən cəmiyyət sözünü çirklənmiş söz hesab edirəm. Bu ekoloji natəmiz mühitdə, bir az özünü boş buraxan vətəndaşlar dərhal bataqlığın yapışqan cənginə düşür, çabaladıqca da daha dərinə batırlar. Star həqiqətən də şirin, hələ həyatın nə olduğunu yeni-yeni başa düşməyə başlayan birisi kimi izləyici də müəyyən simpatiya oyadır. Tez-tez gözləyirdim ki, onun sərbəstliyi ona xələl gətirəcək. Künc-bucaqdan təhlükənin vəhşi heyvan kimi onun üstünə şığıyıb onda olan-qalan həyat eşqini tamamilə məhv edəcəyini ehtizazla gözləyirdim. Bu oldu, amma gözlədiyimdən daha zəif və natamam formada. Deyərdim ki, özünə görə heç o hücum da sayılmaz. Star öncədən çox şeyin fərqində idi və nəticələr haqqında kristal təmizliyi qədər fərqindəliyə sahib idi.

Filmi həm də ABŞ-a olan səyahət kimi qəbul etmək olar. Oklahomadan başlayan yol bizi Kanzas şəhərinə və digər provensional yerlərə aparır. ABŞ-ın zəngin və yoxsul əhalisi, ləyaqətli və şərəfsiz insanları, təbii və antropogen gözəlliklərini görməyimiz kifayət edir ki, həm obrazların daxili aləmlərinə yol tapaq, həm də özümüz üçün nə isə qoruyub saxlayaq. İnanın ki, bu xüsusiyyət heç də hər filmdə rastımıza çıxmaz. Rejissor hər xırdalığa diqqət ayırır, kameranı elə istiqamətləndirir ki, izləyicinin beynindəki suallar öz cavabını tapsın. Adi gözdən uzaq təbiət və canlı aləm detalları çox harmonik formada süjetə calanır.

Rejissor müasir izləyicilərə həm də musiqi ilə yaxınlaşır. Rihanna ilə Kelvin Harrisin "Sevgini tapdıq" (We Found Love) mahnısı, rep və bass musiqi növlərinin bol olması, filmi izləyicilərə daha rahat həzm etməyə yardımçı olur. Bəzən mən film deyil, uzun bir müasir ABŞ hip-hop musiqisini dinlədiyimi düşünürdüm. Etiraf edim ki, bəzən bu yorucu olurdu, lakin musiqinin insan həyatında olan rolunu bir daha başa düşmək üçün "Amerikalı şirin qız" əsl əyani vəsaitdir. Yeri gəlmişkən, elə filmin adı da Lady Antebellumun məşhur "American Honey" mahnısı ilə əlaqədardır. 


"Akvarium" filminin baş rol aktrisası Keti Carvis kimi "Amerikalı şirin qız"ın da baş rol aktrisası Saşa Leyn film sənayesində yeni başlayanlardandır. Rejissorun bu qəribə vərdişini - yeni başlayan aktyorlarla, sənayedə oturuşmuş aktyorları qovuşdurmaq - izah etmək bir qədər çətindir. Lakin əlavə qeyd etməyə lüzum görmədən, Şia LaBufun (Shia LaBeouf) professionallığı ilə, Saşa Leynin "yaşıl"lığı arasında yaranan kontrast həm süjetin, həm də problematikanın bir spesifik tələbatı və vacibatı kimi ortaya çıxır. Ceyk obrazı ilə Şia LaBuf filmin bütün dinamikasını formalaşdırıb. Ceyk, sanki, rəqs meydançasında rəqs etməyə utanan bir gənci meydançaya dəvət edən özünə əmin və ədəbaz birisinin təəssüratını oyadır.
Star

Andrea Arnold belə hesab edir ki, yeniyetmələrin və ya gənclərin həyatında elə bir təcrübə yaranır ki, həmin təcrübə onları yetkinləşdirsin, böyütsün, təkamül etdirsin. Necə ki "Akvarium"da biz Mianın yalanlar vasitəsi ilə yetkinləşdiyini müşahidə edirik, "Amerikalı şirin qız"da da oxşar süjet xətti bizi yalnız buraxmır. Müəyyən transformasiya, dəyişilmə Andrea Arnold dəstxəttinin mühüm elementidir. Musiqi, real həyat epizodları və mövcudluğu reallıqdan kənara çıxmayan obrazlar, klassik kinematoqrafiya nümunələrindən daha artıq, müasir izləyicilərin tələbatlarını ödəməkdə daha uğurlu nailiyyətlər əldə etmək iqtidarında olan işi ortaya qoyur. Fərdlərin öz individuallıqlarını biruzə etmək üçün göstərdikləri çabalar və qarşılaşdıqları çətinliklər rejissorun fırçasından çıxan əlvan portret kimi bizi ovsunlayır. Təbii ki, hər şey sadə deyil. Həyatın qəribə təzadları, insan cəmiyyətinin cəngənllikləri dözümlülüyə olan əsl imtahandır. Ona görə də film əsl tsiklik meditasiyadır. Düzəngahlar, boş üfüqlər və insanları pul qabılarını açmağa təhrik edərkən başına gələn macəralar Star üçün fərqli şəxsiyyət təkamülü yolunu təqdim edir.

Andrea Arnold
Adətən 3 səbəbdən film izləyirəm: yeni reallıqları kəşf etmək, mövcud reallıqdan qaçmaq və hər ikisini qarışdırmaq. Bu film mənim birinci səbəbimə xidmət etdi. Ən əsası isə sənə istədiyini verən rejissoru tapmaq çox gözəl bir hisdir. Rahatca oturursan, ayağını ayağının üstünə qoyursan və heç nədən narahat olmursan, çünki əminsən ki, növbəti dəqiqələrdə və saatlarda əsl sən deyən olacaq, əsl sən axtaran görünəcək.

"Amerikalı şirin qız" bizə inqilabi gəncliyi, sərbəstliyi, cəmiyyətin "çirkli" yerlərini gösətərən filmdir. 3 saata yaxın xronometrajı olan film heç də hamıya görə deyil. Hətta filmi bəyənən insanlar belə, onun vaxtaşırı olaraq mənən yorucu olduğunu deyə bilər və müəyyən səhnələrinin ətrafında mübahisələr edə bilərlər. Hər bir halda bu "səyahət" yola çıxmaq üçün dəyər...

Filmi anlamağa mənə kömək oldu:
1. http://www.telegraph.co.uk/ - American Honey review - Shia LaBeouf has never looked worse or acted better, Tim Robey
2. http://www.indiewire.com/ - Review: ‘American Honey’ Proves Andrea Arnold is One of the Best Working Filmmakers and Finds a Breakout Star in Sasha Lane - Eric Kohn















Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi