Mixail Bulqakov - Morfiy
RUS: Морфий - Михаил Булгаков

Bu yaxınlarda Bulqakovun bir neçə qısa hekayəsini oxumaq imkanı əldə etdim. "Morfiy"dən başqa "Çin hekayəsi", "Qızılı şəhər", "İyirminci illərin Moskvası" hekayələri də mütaliə etdim. Onların hərəsi özünə görə maraqlı olsa da, "Morfiy" kimi təəssürat oyatmadı. "Morfiy" sadə sözlər istifadə edərək ifadə etsək, bir narkomanın etiraflarını özündə cəmləşdirir. Həmin dövr üçün mövzu bu günkü kimi aktual olmadığını nəzərə alsaq, hekayənin zəmanəsi üçün əsl yenilik olduğunu başa düşərik. Morfiydən asılı olan bir insan nələr düşünür? Necə davranır? Özü ilə necə mübarizə aparır? Bu "quru ölüm"lə necə üz-üzə gəlir? kimi suallara verilən bədii cavablar olduqca təhrikedicidir. Hətta deyilənə görə, yazıçı özü bir müddət morfinist oldub və yaxınlarını bu pis vərdişə görə əziyyət çəkməyə vadar edib. Hekayənin belə canlı və sarsıdıcı alınmasında bu şəxsi təcrübənin yer alması danılmazdır.

Bulqakov "Morfiy" hekayəsi ilə şəxsiyyətin aqoniyasını, tədrici ölümü, özünüaldatmanı və asılılığı ustacasına təsvir edib. Deyilənə görə, o, özü bunu bacarmışdı, bu asılılıqdan müalicə ola bilmişdi, amma təbii ki, insanların çoxusu bunu bacara bilmir. Hekayə də öz növbəsində insanlara elə bir psixoloji məşq təcrübəsi yaşadır ki, belə tip insanları anlamaqda və onları dərk etməkdə çox yaxşı biliklər əldə etmiş oluruq. Bu kiçik ədəbi şedevr, zənnimcə, hamı tərəfdən oxunmalı və təhlil edilməlidir.
Comments
Post a Comment