Timoti Ferris - Həftədə 4 saat necə işləməli

Timothy Ferriss  - The 4-Hour Workweek
Тимоти Феррис - Как работать по четыре часа в неделю

Kitabın ön sözünü, ya da annotasiyasını ingilis dilindən tərcümə etməyə vaxt sərf etmədim. Gəlin birbaşa məsələnin mətləbinə girişək. Belə kitabların kütlülüyü onda görsənir ki, müəllif kor-koranə surətdə bir fəaliyyət növünü seçir və axmaq, uşaq-uşaq cümlələrlə insanları həmin fəaliyyətə stimullaşdırır. "Köhnə qəzet oxumaq" anlayışı bəzilərinizə tanışdır. Bu növ kitabların ən əsas mənfi cəhəti və resurs israfçılığı da məhz budur. Bilinən, artıq danışılan mövzulara yenidən toxunmağa nə ehtiyac var? Bunlar artıq dəfələrlə deyilib, dəfələrlə araşdırılıb. Nə isə yeni və faydalı nə təklif edirsən? Əminəm ki, müəllifin sonuncu suallara veriləcək cavabı yoxdur. Olsa idi, indi biz daha yaxşı konseptli kitab oxuyardıq, nəinki köhnə qəzet. 

Kiyosakinin "Varlı ata, kasın ata" kitabı görünür, bir çoxlarını oxşar kitabları yazmağa həvəsləndirib. "4 saat necə işləməli" açıq-aşkar adı çəkilən kitabın təsiri altında yazılıb. Belə kitablar oxucunun beynində bir-birinə zidd olan iki fəza açır və bu fəzalardan birinə istiqamətlənməyi stimullaşdırır. İndiki halda bu pul və rahat həyata acgözlüklə ehtiyac duyan aşağı və orta təbəqənin sakinləridir. "Özünüzə kömək edin, özünüzə biznes qurun. Hər şey çox asandır. Çox rahatdır." fikirləri zamanın sınağından çıxmayıb. İnsanın şəxsi bacarıqlarını  və keyfiyyətini nəzərə almayan, hamını eyni görən belə kitablar əslində oxucuya hörmətsizlikdən başqa bir şey etmir. Cəmiyyətdə sadəcə sahibkarlar, tacirlər və biznesmenlər olmamalıdır. 

Sadəcə hörmətsilzik deyil eyni zamanda qeyri-etik davranışlara da stimulyasiya var. Məsələn, rəhbərlikdə distant iş haqda danışıqların müzakirəsi, həmkarların daha çox yüklənməsi və şəxsi iş yükünün azaldılması, şəxsi mənafelər doğrultusunda israrlar və s. İnanın bununla əlaqədar daha çox nümunə vermək istəməzdim. 

Rahatlıq zonasından çıxmağı deyən müəllif əslində digər tərəfdən kitabın adı ilə ziddiyyət yaradır. Müdirlərlə danışıqların aparılması, koporativ davranış qaydalarının dəyişdirilməsi, bazar araşdırmasının aparılması ilə istehsal obyektinin və predmetinin müəyyənləşdirilməsini təmin etmək və sahibkarlıq bacarıqları haqda nə isə deməklə "Həftədə 4 saat işləmək" arasında hansı əlaqənin olduğunu axtarıb tapa bilmədim. Müəyyən döngələrdən sonra müəlif müştəri xidmətləri və zamanın idarə olunması kimi məşhur biznes mövzularına dair məlumatlar bölüşür. 

Kitabın təqdim etdiyi yeganə innovasiyası "yeni varlılar" anlayışıdır. Bu nədir belə? Guya, hal-hazırda iki tip varlı, imkanlı və maddi cəhətdən zəngin insanlar var. Bunlardan birinci tipi işinə uzun müddət sərf edən, çox şeyi gələcək üçün təxirə salan insanlardır. Onlar adətən işlərində məhsuldar deyil. effektiv olurlar və zamanı uğurun ən əsas meyarı hesab edirlər. İkinci tip isə həyatını indi və burada yaşayan, stabil və distant iş yeri olan varlılar təşkil edir. Onlar heç nəyi gələcəyə təxirə salmırlar. Baham adalarında istirahət edirlər və vaxtları olanda işləyirlər. Distant iş anlayışının təbliği üçün yaradılan bu "termin"in nə dərəcədə praktika ilə ayaqlaşdığını demək bir o qədər də çətin deyil, çünki real iş və cəmiyyət həyatında fərdin uğurlu olması onun şəxsi bacarıqlarından, savadından, ağlından və bir çox digər xüsusiyyətindən asılıdır. Odur ki, sadəcə distant iş yeri əldə etmək və bu istiqamətdə ənənəvi iş prinsiplərindən imtina etmək sadəcə 3-4 nəfər üçün nəzərdə tutulan qayda-qanun ola bilər. Başqa sözlə, kitab geniş oxucu kütləsi üçün deyil. Piramida və şəbəkə biznes modelinin bir hissəsinə çevrilmək istəyən və ya onu özü qurmaq istəyən sahibkar ruhlu insanlar bu və "Varlı ata, kasıb ata" kimi kitablarla günahsız insanları tövlaya bilərlər. Biz isə yaxşı bilirik ki, atanın varlısı və kasıbı olmur. 

Şəxsi inkişaf və biznes kitablarında təkrarçılıq normaldır. Eləcə də ciddi faydanın əldə edilməməsi və abstraktizm də normaldır, lakin "Həftədə 4 saat necə işləməli" kitabı sadəcə təkrarçı və faydasız deyil, eyni zamanda küt ideyalı söz yığınını təqdim edir. Kitabın çox az hissəsində nə isə yeni bir kitab oxuduğumuzu hiss edə bilərik. Unutmamaq lazımdır ki, belə kitabların müəllifləri ciddi uğur düsturları paylaşmırlarsa, heç olmasa normal, işlək motivasiya verməyi təmin etməlidirlər. Əsər artıq yazılmış şeyləri və bilinən qayda-qanunları təkrar edir. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi