Pol Furnel - Əziz oxucu

ENG: Dear Reader - Paul Fournel

Cənab Rober Dübua ilə tanış olun. Getdikcə yaşa dolan "Rober Dübua kitabları" nəşriyyatının sahibi olan qəhrəmanımız, bir qalaq əlyazmaların üzərində, öz ofisində istirahət edir. Günlərin bir günü, onun otağına gözəl bir xanım təcrübəsi daxil olur və ona elektron kitab oxutdurucunu təqdim edir. Rober bunu əsl inqilab kimi görür. Dübua mətnin kağızsız yaşayacağına inanmır. Qısa müddət ərzində elektron kitab oxutdurucudan istifadə etməyə başlasa da, ruhu bu cihazla barışmaq istəmir ki istəmir. Dübua başa düşür ki, bu elektron dünya ona görə deyil, amma o, hələ təslim olmayıb. Günlərin bir günü elə bir "elektron kitab" yazır ki, kitab oxumaq, kitab sevgisi haqqında qiymətsiz məsləhətlər verir və şəxsi təcrübələrini bölüşür...


Kitabın əyləncəli və yaddaqalan hissələrinə yaşlı naşirin elektron kitablar və kitab oxutrucularla olan tanışlığını, gənc gözəl xanımlara qarşı fəlsəfi fikirləri və öz dostları ilə olan söhbətləri daxildir. Razılaşım ki, tez-tez simamda gülüş ifadəsinin yaranmasında "Əziz oxucu" kifayət qədər uğurlu nəticələr göstərirdi, lakin ümumilikdə kitabın süjetsizliyi və məqsədsizliyi ortalamanın üzərində formalaşmaq istəyən mütaliə təcrübəsinin yaranmasına böyük əngəl törətdi. Naşir və nəşriyyat həyatı, düşüncələri və şəxsi həyatı haqqında oxumaq vaxtaşırı olaraq maraqlı olurdu. Bəlkə də, "Əziz oxucu" ənənəvi kitablarla elektron kitablar erasının qovuşmağından bəhs edən ilk və ya azsayılı kitablardandır. Razılaşaq ki, elektron kitabların populyarlıq qazanması ilk öncə naşirlərə və nəşriyyatlara öz təsirini göstərdi. İndi insanların böyük əksəriyyəti sadəcə bir dəfə elektron kitab oxutduran cihaz alaraq, dəfələrlə müxtəlif bir-birindən maraqlı kitabları çox vaxt pirat olaraq, nadir hallarda isə ödəniş edərək internetdən yükləyir və oxumağa başlayırlar. Bu həm naşir, həm də yazıçı əməyinə müəyyən zərbə olsa da, nə etmək olar. Əgər bir şey insanların böyük əksəriyyəti üçün effektivdirsə (özü də sözün əsas iqtisadi mənasında) onda o meşə yanğını kimi yayılacaq, edəcək bir şey yoxdur. Bu baxımdan, fransız yazıçı Pol Furnelin romanı bazarın hər iki tərəfinə, həm oxuculara, həm də naşirlərə aktuallıq ərz edən məsələdən bəhs edir. 

Pol Furnel


Mütaliə əsnasında və eləcə də kitabı bitirdikdən sonra fərqinə vardığım əsas məqam ondan ibarət oldu ki, kitabın bölmələri arasında uzlaşma yoxdur. Yazıçı oxucuya hadisələr arasında nə qədər vaxtın keçdiyini göstərmir. Bəlkə də bu xüsusi bir üslub və ya yazıçılıq fəndidir, hər bir halda bu aspekt məni qıcıqlandırdı, çünki mənə elə gəldi ki, biz məsələni bütöv olaraq deyil, hissə-hissə olaraq öyrənirik və nələrsə gizli qalır. Süjetsizlik məsələsinə yuxarıda toxundum. Bunun əsas fəsadı boşluqlar və həmin boşluqlardan yaranan "mütaliə gicəlməsi" kimi göstərmək olar. Zəruri məlumatların axıcı və ardıcıl ötürülməməsi məni tez-tez mütaliəyə davam edib-etməmək haqqında düşündürürdü. Nəzərə alsaq ki, kitab sentimental tonlarda yazılıb, fraqmentləşmiş üslubda analoji mövzunun təhkiyəsi çox problematikdir. Ən əsası isə, zənnimcə, yazıçı sözünə əməl etməyib. Annotasiyada da, kitabla əlaqədar təsvirlərdə də, romanın elektron kitablarla kağız kitabların mübarizəsinə meydan olmuş naşirdən və nəşriyyatda bəhs olunacağı bərk-bərk deyilir, amma əslində bu məqama kitabda çox az yer verilib. Əvəzinə isə Dübuanın cinslərarası münasibətlərə öz şərhləri, gənc və profesional yazıçılara qarşı bəslədiyi fikirlər və korporativ münasibətlər haqqında səsli fikirləri yer alıb. Odur ki, kitab əsas obrazı naşir olan adi bir insan bəhs edir, nəinki elektron kitabların kağız kitabları sıxışdırmasından. Bilmirəm, bəlkə də kağız kitab naşirinin aqoniyası belə olur, bəlkə də nələrisə tam başa düşməmişəm, amma kitaba 2/5 qiymətləndirməyimin səbəbi sadalananlardır.  

Hər bir halda, az da olsa "Əziz oxucu"nu maraqlı mütalicə hesab edirəm. Hətta o qədər də yaxşı yazılmasa da, hər zaman kitablardan bəhs edən kitabları oxumaq maraqlı olur. Belə kitablarda çox oxuyan insanlar həm özlərindən bəzi şeyləri tapa bilirlər, həm də çox sevdikləri prosesin əsas obyekti, kitab haqqında yeni şeylər öyrənirlər. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi