O - Her
Diqqət! Yazıda spoyler var!
Yalqız qalmış yazıçı, BeautifulHandwrittenLetters.com saytında başqaları üçün sevgi məktubları yazan cari kopirayter, yeni aldığı və müxtəlif ehtiyaclarını ödəmək üçün proqramlaşdırılmış əməliyyat sisteminə aşiq olur...

Filmin rejissorunun kim olduğunu öyrənəndə kifayət qədər təəccübləndim. Bu xoş təəccüb idi, çünki Spayk Conz (Spike Jonze) çox uğurlu "Adaptasiya", "Con Malkoviç olmaq", "Vəhşiliklərin olduğu yer" kimi gözəl filmlərə rejissorluq edib. Onları izlədiyimə görə çox şadam. "O" filminə bunu bir o qədər də aid etməsəm də, yenə də maraqlı və özünəməxsus ideyasına görə filmi bəyəndim. Rejissorun bədənsiz obraz yaratması və onu izləyicinin dərketməsinə uğurla ötürməsi çox fərqli kinematoqrafiya təcrübəsi hesab edilməlidir. Əminəm ki, hansısa əməliyyat sisteminin eqzistensialist əzablar çəkməsi ilə əlaqədar kitaba və ya filmə şahidlik etməmişdik.
"O" filmini izləyərkən, Teodorun timsalında unutmamalıyıq ki, biz həm də yeni tip insanı, indiki halda cəmiyyətin kişi nümayəndəsini müşahidə edirik. Film bizə müəyyən gələcək cəmiyyət haqqında məlumatlar ötürür. Belə düşünməyə futuristik texnologiyalar və müasir şəhər mənzərələri əsas verir. Başqa sözlə, insanlıq hansısa dəyişikliklərə sinə gərib, nələrisə qazanıb, nələrisə də itirib. Diqqətimi çəkən məqamlardan ən əsası o oldu ki, praktiki olaraq bütün obrazların əks cins partnyoru ilə problemi var. Bu həm də bizə əsas verə bilər düşünək ki, gələcəyin insaları yola getmək baxımından heç də nümunəvi deyillər. Xüsusən Teodor mələk kimi bir insan təəssüratı bağışlayır, amma həyat yoldaşı ilə olan eqo müharibəsində hər iki tərəfin məğlubiyyəti səbəbindən ailəsini itirir. Analoji nümunəni filmin digər obrazlarında, hətta Teodor ilə əməliyyat sistemi arasında da müşahidə edirik. Belə götürəndə, əlbəttə ki, problem indiki dövrdə də tərəflər arasında cərəyan edən əsas məsələlərdəndir, lakin filmdə qəribə çağırış var. Sanki insanları sadəcə insanlarla deyil, həm də cansızlara istiqamətləndirmək istəyir. Qəribə süst və mülayim yanaşma formalaşdırmağa çalışır. Sanki ailə konseptinin süqutunu izləyirik. İnsanlar texnologiyanın vəhdətləşməsi, həyatın öz formasını dəyişməsi bir gün bütün bu olanların təbii nəticəsi ola bilər.

Sonda nə oldu? Tedor növbəti uğursuz münasibətini yaşadı, özü də tərk edildi. Kim tərəfdən? Əməliyyat sistemin tərəfindən? Kifayət qədər absurd və məntiqsiz səslənir, elə deyilmi? Bun baxmayaraq, bu məqam özündə həm də maraqlı və güclü bir ismarıcı daşıyır: insan həm canlılarla, həm də cansızlarla elə yalnızdı ki, yalnız. Hər iki halda insan sadəcə öz illüziyaları ilə üz-üzədir. Sevgi-məhəbbət, eşq və digər ülvi hislər sadəcə bizim beynimizdə var, bir anın içində yaranır və məhv olur. Biz kimisə sevəndə, ona aşiq olanda, həmin sevginin obyektivliyini sorğulamalıyıq. Cəmiyyətlərimiz inkişaf edəcək, ölkələr dəyişəcək, həyat tərzimiz çevrilib başqa bir şey olacaq, lakin bir insan üçün real insanı heç vaxt heç nə əvəz edə bilməyəcək...
P.S. Filmin adı ingilis dilində "Her"dir. Qadınlara aid edilən şəxs əvəzliyi Samantaya işarə vurur. Halbuki, əslində cansızlara aid edilən "It" istifadə edilməli idi. Bu da isnanla cansızlar arasında olan fərqi göstərmək üçün müəyyən şeylərə vurğu vurur və düşünməyə dəvət edir.
Comments
Post a Comment