Paranoya agent/ Paranoia Agent/ Môsô dairinin

Sözün düzü, 13 epizodluq bu yapon animesini 6-7-ci epizoda qədər laqeydliklə izləyirdim ki, görən mən niyə görə bu azyaşlı uşaqlar üçün nəzərdə tutulmuş animeni izləyirəm. Buna baxmayaraq, hiss edirdim ki, nə isə məni davam etməyə sövq edir. Əlbəttə, mənim ümumi bir yanaşmam var ki, yapon animesinin pisi olmur, amma "Naruto", "Ölüm dəftəri", "Tokyolu qhoul" və "Titanlara hücum" kimi təcrübələrdən sonra "Paranoya agent" kifayət qədər solğun təəssürat bağışlamağa başlamışdı. Animenin sonlarına yaxın isə sosial reallıqların zərifliyi, ümumi reallıq və dərketmə arasında olan incə qanunauyğunluqlara əsaslanan, psixofəlsəfi ekran əsəri ilə qarşı-qarşıya olduğumu görməyə başladım və düşüncələrim büsbütün dəyişdi. İlk öncə məndə yaranmış həvəssizlik geriyə qalan epizodları birnəfəsə izləmək istəyi ilə əvəzləndi. Məhz fərqli problematikası ilə "Paranoya agent" bizə ənənəvi xeyirlə şərin mübarizəsini, qəhrəmanların şücaətini deyil, insanların daxili hekayələrini təhkiyə edir. Tək-tək insanlarla yanaşı, bütöv bir cəmiyyətin qaranlıq hissələrinə nəzər salmaq həmişə maraqlıdır.

Gündoğan ölkənin yaradıcı insanlarının qəribə üslubu var. Bunu nəinki sadəcə animesevər birisi kimi, həm də Yaponiya bədii ədəbiyyatı həvəskarı kimi demək istərdim. Həmişə bu ölkədən qaynaqlanan hər hansısa əsəri oxuyanda və ya təhlil edəndə görürsən ki, reallıqla xəyallar dünyası arasında olan sərhəd necə də ustalıqla incəldilə bilər və bir tərəfdən o birisinə belə asanlıqla səyahətlər gerçəkləşdirilə bilər. İndiki halda "Paranoya agent" bir individin fiziki və psixoloji olaraq necə özünütənqid vasitəsi ilə dağıdıcı nəticələrə səbəb ola biləcəyi haqqında möhtəşəm səhnələri əks etdirir. Şəxsiləşdirilmiş "şeytan" şüurun qaranlıq zonalarından ayrılıb reallığa gəlişi və digər insanların həyatına sirayət etməsi, öhdəsindən gəlinəsi heç də sadə bir missiya deyildi. Rejissor Satoşi Kon nə isə fərqli və sadə üslub vasitəsi ilə bizimlə dünyaların kəsişməsini bölüşüb. Mövzu özlüyündə kifayət qədər əhəmiyyətli və maraqlıdır.
"Paranoya agent" öz qorxuları, stressi və problemləri ilə hesablaşmağı bacara bilməyən obrazların timsalında, insanların xilas yolu kimi getməyi seçdikləri "xoşbəxt ölkə"ni təsvir edir. Halbuki, həmin xoşbəxt ölkənin pərdələri qaldırılanda dözülməz ağrılar da peyda olub qisas alır. Bütün əzablarımızın kökündə özümüzə qarşı bəslədiyimiz ifrat tənqid və anlaşılmazlıq dayanır. Biz yalnızca keçmişimizlə hesablaşaraq gələcəyimizi yarada bilərik. Özümüzlə olan hesablaşmaq heç vaxt sonlanmayan proses olub bizdən çox böyük qurbanlar tələb edə bilər, amma unutmamalıyıq ki, ölüm bizi digərlərindən ayırana qədər, biz həm özümüzə, həm də digər insanlara təsir edirik. Həmin təsiri tənzimləmək isə sadəcə bizim özümüzdən asılıdır. Bunu etməyin isə yeganə bir yolu var: heç vaxt özünə qarşı kin saxlama...
Comments
Post a Comment