Viktor Pelevin - Mafusailin lampası


RUS: Виктор Пелевин - Лампа Мафусаила, или Крайняя битва чекистов с масонами  

"Mafusailin lampası, yaxud da masonlarla çekistlərin kənar döyüşü" Viktor Pelevinin 2016-cı ildə oxucularının ixtiyarına verdiyi möhtəşəm müasir rus ədəbiyyatı nümunələrindəndir. Kitabda müasir Rusiyanın hazırkı siyasi və ictimai problemləri ötən əsr ərzində rus rəhbərliyinin masonlarla olan mübarizəsi ilə əlaqələndirilir. Bu çox ümumi ideyadır və onun maliyyə və okkult əsasları az adama məlumdur. Pelevinin bu dəfəki hibrid romanı, dünyanın əsas siyası, iqtisadi, mədəni və antropogenez suallarını doğuran sirlərə reaktiv ideyalarla zəngin bədii roman dili ilə işıq salmağa çalışır. 

Patriotizm, şovinizm, ya da vətənpərvərlik
Viktor Pelevinin əsərlərində həmişə qəribə, yeni növ, müasir, özünəməxsus vətənpərvərlik anlayışı olur. Oxuduqca başa düşürsən ki, yazıçını nələrsə içəridən ağrıdır, narahat edir, lakin yaxşı bilirik ki, cəmiyyət içində bunu düz, birbaşa üzə deməyin heç bir mənası yoxdur. Maraqlı süjet, fəlsəfə və elm bu rəqsi daha da rəngarəng edəcək. "Mafusailin lampası, yaxud da masonlarla çekistlərin kənar döyüşü" də buna istisna deyil. Yazıçı birbaşa olaraq öz ölkəsinin tarixi və mədəniyyətinə müraciət edir, nə əldə edə bilirsə onlardan maraqlı konstruksiyalar qurur. Çapayev və Pustota romanı bu baxımdan mənim üçün yaddaqalan olmuşdu. Həşəratların Həyatı isə öz fəlsəfi məqamları idrakımı silkələmişdi. Onun əsərlərində axıcı və kəsici ideyalar, sanki bir-biri ilə marafona çıxır. "Omon Ra"da rusluq əlaməntləri çox idi (əsəri bu yaxınlarda bir daha oxumaq niyyətindəyəm). "Mafusailin lampası" da daxil olmaqla bütün qeyd olunan Pelevin şedevrlərində oxucu milli problemləri unikal dil ilə elə işıqlandırır ki, müasir insanlar onları yaşadığı sosial-ictimai formasiyanın dili ilə başa düşürlər. Bu istisna bacarıqdır və heç də müasir yazıçıların hamısında belə bacarıq yoxdur. Ona görə də mən hələ Pelevindən hər hansısa kitabı oxumamış məni nəyin gözlədiyi haqqında müəyyən konkret proqnozlar verə bilirəm.

Müasir dünya necə idarə olunur?

Yuxarıdakı suala cavab verməyi özünə borc bilən Pelevin öz əsərlərində həmişə qlobal məsələlərdən hərəkətə gələrək, müasir Rusiyanın ondakı yeri və rolu, tarixi irsin baş verənlərə yanaşmasını və sinfi cəmiyyətin ən aşağı mərtəbə nümayəndələrinin fikrini ifadə etməyə çalışır. Bunu rəngarəng obrazların vasitəsi ilə edən yazıçı hər dəfə bizləri təəccübləndirir. "Mafausailin lampası, yaxud da masonlarla çekistlərin kənar döyüşü" isə bizə müasir kapitalistik dünyanın pul vasitəsi ilə necə idarə olunduğunu göstərməyə çalışır. Pul sözünün, əsasən də ABŞ dollarının və Rusiya rublunun mahiyyəti haqqında yazıçının təxəyyülü çox maraqlı və zəngindir. Pulun əslində nə olduğu, onun müasir mahiyyəti haqqında fəlsəfi-dialektik müzakirələr olduqca təhrikedicidir. Cinsi oriyentasiyasında problemlər olan gənc maliyyə treyderinin timsalında qızılın, siyasi hakimiyyətin və konspirasiyanın köməkliyi ilə mühüm müasir reallıqlara toxunmaq ciddi ədəbi inşaat prosesini və yazıçılıq akademizmini qaçılmaz olaraq tələb edir. Bütün bunların öhdəsindən Pelevin adətən uğurla gəlir, bu dəfə də istisna yoxdur. Müasir mifologiya yaratmaq bacarığı nadir yazıçılarda rast gəlinən bir şeydir.

Süjet
Pelevinin əsərlərində süjet aydın olmasa da, onun iştirakçıları adi insanların prototipi əsasında formalaşdırılan insanlar olur. "Mafusailin lampası"nda süjet özü 4 hissədən ibarətdir. Girişdə ona görə də əsəri hiprid roman kimi qiymətləndirdim. 4 paralel süjet birləşərək, sanki böyük bir tapmacanın açmasını əmələ gətirir. Süjetdə iqtisadi və siyasi təhlillərin olması mənim yazıçıdan indiyə qədər oxuduğum əsərləri bir daha xatırlamağa vadar edən ən əsas səbəblərdən oldu, çünki deməzdim ki, öncəki romanlarda belə tendensiyalara rast gəlmişdim. Yazıçı bu dəfə bizlərə öz dialektik nəğməsini ifa edir. Bütün müqayisələr, analogiyalar, təhlillər və sintezlər ancaq bir şeyə - düşünməyə dəvət üçün icra edilib. Bu silsilə dəvətlərin zərbələri kifayət qədər gicəldici xarakterə malikdir. Bu ciddi xəbərdarlıqdır. Buna məhəl qoymayanları 220V elektrik cərəyanı vura bilər. Bütün bunların da əsas səbəbi rus insanının timsalında Sovet dövrünün reallıqları ilə postsovet dövrünün insanlarının "nailiyyətlər"ini müqayisə etməkdir. Romandan seçilən bu cümlə fikrimi çox gözəl izah edə bilər: Başa düşdüm ki, müəyyən vaxtdan-vaxta ölkəmizdə hər bir insan yaxşı başa düşür ki, 90-cı illər əslində bitməyib. Sadəcə olaraq əvvəllər onlar hamının başına birdən-birə gəlirdilərsə, indi ayrı-ayrı, individual olaraq gəlirlər. 

Mövzunun əhəmiyyəti
Pelevini ona görə çox sevirəm ki, bir yazıçı kimi o, çox şeyi bir-biri ilə əlaqələndirə bilir. Məsələn, süjetdə dendrofiliyadan əziyyət çəkən Krempay Serqeyiviçin öz şüuruna səyahət etməsi, müəyyən ruhi təcrübələrdən keçməsi mənə hər nə qədər Asiya spiritualllq məktəbini xatırlatsa da, bir o qədər də məntiqlə emosiyaları bir yerə cəmləməkdə yardımçı oldu. Hər bir oxucunun yeni kitaba başlayarkən özü ilə birlikdə dartıb gətirdiyi mütaliə təcrübəsi olur, bunu hamı bilir. Həm də hər birimizin öz şəxsi hekayəmiz, şəxsi məntiqimiz və dünyamız olur. Xarici dünyadan səsimizə səs verəndə biz çox xoşbəxt oluruq. Həmin ünsiyyət bizə gözəl anlar bəxş edir. Viktor Pelevin də öz mövzuları ilə həmişə mənim səsimə səs verir, mənəvi tələbatlarımı ödəyir.

Ona görə də "Mafausailin lampası, yaxud da masonlarla çekistlərin kənar döyüşü" öz müasir problematikası və individlərin yalnızlıqlarını bir boşqabda təqdim etməsi səbəbindən olduqca mühüm mövzu ətrafında söz söyləyir. Bu mövzunun aktuallığı və əhəmiyyəti çox yüksəkdir, çünki Rusiya ilə əlaqədar olan istənilən siyasi-iqtisadi məsələlər, həm də keçmiş postspovet məkanı üçün də eyni həmin dərəcədə aktualdır.

Elementlər
İstər maddi olsun, istərsə də mücərrəd, hər bir şey müəyyən hissəciklərdən ibarət oldur. "Mafausailin lampası, yaxud da masonlarla çekistlərin kənar döyüşü" müasir qlobal mənədiyyətimizin bir çox maraqlı elementlərini özündə birləşdirib. Məsələn, lamberseksuallıq, dendrafiliya, maliyyə bazarları, brokerlər, Krım hadisələri və s. Oxuyursan və başa düşürsən. Bizə artıq tanış olan adlar bizlərə Pelevinin dilindən daha fərqli ismarıcları ötürür. Şüurumuz alterntiv gerçəklikləri formalaşdırır. Müstəqilliyimiz, sanki daha da artır. 


Son söz əvəzi
Mən Pelevinin çoxdankı azarkeşiyəm. Bu romanından sonra bir daha başa düşdüm ki, onun oxucularına təqdim etdiyi bütün kitabları oxumaq lazımdır. Pelevinin yazı üslubu, dəst-xətti, toxunduğu mövzular və yaradıcıllığı mənim bədii ədəbiyyatdan tələb etdiyim bütün məqamları ödəyir. "Bax bu oldu əsl mən deyən" təəssüratı gözəl bir şeydir. Özümü bundan məhrum etmək istəmirəm. 😀

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi