Vladimir Vasilyev - Vint
RUS: Владимир Васильев - Шуруп
Vitaliy Şebaldin kosmik donanma akademiyasının ən yaxşı məzunları arasındadır. Əvvəllər sadəcə arzulaya bildiyi şeylərin indi bir addımlığındadır: paqonunda ulduzlar, məzuniyyət balı, sevdiyi qız ilə görüş, qvardiya polklarınını birində xidmət və ən yeni kosmik gəmilərin heyəti ilə birgə kosmik uçuşlarda iştirak etmək. Lakin bütün bunlardan sonra sadəcə "Vint-intendant" olacağını öyrənəndə, bir anın içində onun bütün xəyalları dağılır. Halbuki, "Vint" olmaq çox mühüm sirlərə agah olmaq və ciddi işlərlə məşğul olmaq imiş. Kosmik donanmanın mövcudluğu yeri gələndə onun kimi mütəxəssislərdən asılıdır...
Vladimir Vasilyev kimdir? Ötən əsrin 1967-ci ilində dünyaya gələn rus əsilli yazıçı əsasən fantastika janrında yazıb-yaradır. İxtisası radio avadanlıqların və qurğuların tənzimlənməsi üzrə mühəndislikdir. İlk kitabı 1991-ci ildə nəşr olunub. 1992-ci ildən etibarən xarici oxuculara öz əsərlərini təqdim edən yazıçı, 1996-cı ildən bu yana professional yazıçı statusundadır. Müəyyən mükafatlara layiq bilinsə də, tanınmış yazıçı kimi yazıçının adına bir o qədər də rast gəlmək olmur.
İlk öncə romanın kimlərə maraqlı gələ biləcəyi haqqında bir-iki söz demək lazımdır. Belə ki, roman geniş auditoriyaya müraciət etmir. O kəslər romanı oxuyub başa düşə bilər ki, onlar hərbi xidmət və ya onunla əlaqədar sahələrdən necəsə məlumatları olsun və ya azacıq təcrübəyə malik olsunlar. Təsvir olunan mühit, ab-hava, yeri gələndə sözlər və terminlər heç də 7-dən 77-yə hamı üçün anlaşıqlı olmayacaq. Hərbi rütbələr, texniki detallar və xüsusi həyat tərzinə aid sözləri anlamaq üçün müəyyən hazırlıq lazımdır.
Süjet kifayət qədər açıq və aydın, axıcıdır. Buna baxmayaraq dinamika azdır və həcmartırıcı işlər süjetin qalınlığını süni surətdə artırır. Hər xırda şey, hərəkət və ya koqnitiv hərəkətlənmənin süjetin bir hissəsi kimi təsvir etmək ciddi yazıçıya xarakter olan bir şey olmalı deyil. Bu səbəbdən də müəyyən yerlərdə darıxdım, müəyyən yerlərdə isə mütaliə xoş keçdi. Belə kontrastlı qiraət bəzən yorucu ola bilər.
Əsərdən əsas nə nəticə çıxa bilər? Roman uğurlu fərd, sistem və konspirasiya arasında əlaqə yaradaraq qəribə triada formalaşdırır. Bəzən biz həyatı müəyyən arzular və gözləntilərlə yaşasaq da, bizə tamam fərqli şeylər qismət olur. Bu o demək deyil ki, bu pis haldır. Elə olur ki, insan əsl gözlədiyini tamam fərqli yerlərdə və fərqli üsullarla əldə edir. Başqa bir nəticə də, sistemin hiyləgərliyi, uğurlu namizədləri özünə necə qurban seçməsi ilə əlaqədar ola bilər. Çox ətraflı yazmağa ehtiyac olmadığından, burada dayanıram. Vitaliy Şebaldin də bütün bu qeydlərin fonunda müəyyən ismarıcla maraqlı macəraları birləşdirib çatdıran roman kimi dəyərləndirilməlidir, lakin texniki bilgilərin bolluğu və spesifik auditoriyanın təcrübəsinə müraciət romanın oxucu kütləsini daraldır və gözləntilərin doğrulmasına böyük bir sədd çəkir.
Comments
Post a Comment