Kommunist Partiyasının Manifesti
İlk dəfə 1848-ci ildə Karl Marksla Fridrix Engels tərəfindən Londonda nəşr olunan "Kommunist Partiyasının Manifesti" dünya tarixinə iz salmış və dəfələrlə insanların müraciət etdiyi elmi sosializm mənbələrindən birinə çevrilmişdir. "Kommunist Partiyasının Manifesti"ni roman-manqa formatında oxuculara çatdırılması həm kommunizm, həm də yapon manqası həvəskarlarına eyni anda xitab edən xüsusiyyətlərə malikdir. Müasir dövrümüzdə bu əsərin hələ də aktual olması və müasir dövrün populyar mədəniyyəti ilə ayaqlaşması bir çox əlavə şeylərə də işarə edir.
Belə yapon manqalarına xüsusi marağı olan birisi deyiləm. Yapon animelərini sevirəm və aralarında bəziləri olub ki, heç bir seriyasını qaçırmamaq şərti ilə daim izləmişəm, amma bunu manqalara aid etməzdim. Bu yaxınlarda "Kommunist Partiyasının Manifesti"ni məhz yapon manqası formatında görəndə marağımı çəkdi. Dedim görüm hələ bu nə olan şeydi. 😀Üz qabığı da kifayət qədər diqqət çəkirdi, elə o səbəbdən də tanışlığa gecikmədim. Çox qısa zamanda birnəfəsə oxunan "Kommunist Partiyasının Manifesti" manqası gözlənilməz olaraq mənim üçün öz maraqlı üslubu və yapon dəst-xətti ilə yaddaqalan mütaliə təcrübəsi oldu.
Lenin Kommunist Partiyasının Manifesti haqqında deyirdi: Bu kitabçanın ağırlığı bir çox nəşrlərin ağırlığından daha çoxdur. Bu günə qədər dünyada təşkilatlanmış və mübariz proletariatın etirazlarına həyat və hərəkət verən onun ruhudur. Leninin bu sözlərində həqiqət yükü kifayət qədər yüksəkdir. Formasiyanı dəyişdirmiş birisi kimi o, "Kommunist Partiyasının Manifesti"ni mümkün olan ən yüksək səviyyədə dərk edən və öz işlərində tətbiq edən birisi olub. Maraqlı orasıdır ki, əgər əvvəllər kitabçalar, kitablar, jurnallar, qəzetlər və başqa ənənəvi kağız media vasitələri insanlara gedib çatmaqda kifayət qədər uğurlu idisə, bu gün bu bir o qədər də elə deyil. Gənclər və ya uşaqlar nə qəzet oxumağı sevir, nə də kitab. Ona görə də bu ideyaların yapon manqası vasitəsi ilə spesifik auditoriyaya çatdırılması olduqca maraqlıdır. Əlbəttə, bu yazıda mən kommunizmin bir ideologiya və ya siyasi sistem kimi mübət və mənfilərindən danışmaq istəmirəm. Mən "Kommunist Partiyasının Manifesti"ni oxumuşdum. Mənə maraqlı olan əsərin ideyasının hansı mümkün alternativ kanallar vasitəsi ilə çatdırıldığını öyrənmək idi. Belə bir manqanın mövcudluğunu öyrənəndən sonra bu haqda tam təsəvvürə də sahiblənmiş oldum. Üstəlik, öyrəndiyim qədəri ilə 2009-cu ildə Marksın "Kapital" əsəri də eyni üsul ilə roman-manqa formasında nəşr olunub. Görünür, kapitalizmlə kommunizmin mübarizəsi hələ də davam edir, amma kommunizm innovasiyalardan istifadə etmir. Edə də bilməz, çünki innovasiyalar kapitalistik rəqabət mühitində yaranan konsepsiyalardır.
Yapon manqalarının kifayət qədər izləyiciləri var. Dünya üzrə onların sayı milyonlarla ölçülür. Dolayısı ilə, ən azından tarix dərslərində az-maz Marksın, ya da Engelsin adını eşidən manqa həvəskarlarının belə bir manqanın mövcudluğundan xəbər tutmaları kifayət edər ki, "Kommunist Partiyasının Manifesti" müəyyən əllərə gedib düşsün. Bir təşəbbüs kimi çox maraqlı təşəbbüsdür ki, manifest roman-manqa formatında populyarlaşsın. Müasir dövrümüzdə kommunizm, sosializm və ya başqa alternativ sistemlərlə məşğul olan, onlara profesionalca resurslar sərf edən nə fərdi insanlar qalıb, nə də təşkilatlar. Olanların da hamısı konspirativ mahiyyətə malikdirlər və bilinmir nəyə xidmət edirlər. Çoxları da sadəcə eqzotik fikir və ya başqalarından fərqləndiyini düşünən insanlardır ki, Marks və Engelsə meyl salır. Həmin ideyaların elmi dəyəri və ya insanlar üçün real faydası əsasən unveirsitet otaqlarında sıxıcı dərslərə həbs olunub. Ona görə də belə bir təşəbbüsü maraqlı hesb edirəm. Populyar mədəniyyətin dili ilə ciddi ismarıcların ötürülməsi düzgün istifadə olunsa maraqlı nəticələrə səbəb ola bilər.
Comments
Post a Comment