Con Devison Rokfeller - Neft milyarderi və filantropunun xatirələri

ENG: John D. Rockefeller - John D. Rockefeller: The Autobiography of an Oil Titan and Philanthropist

RUS: Джон Дэвисон Рокфеллер - Как я нажил 500 000 000 долларов. Мемуары миллиардера

Con Devison Rokfeller hər şeyi hazır alıb hazıra nazir olan liderlər sırasına daxil deyil. O, hələ uşaq yaşlarından kommersant ruhunu ətrafına sezdirə bilmişdi və gənclik illərindən cəsarəti və ağlı ilə, insanlarla qurduğu möhkəm və düzgün münasibətlərə görə nəinki ABŞ-da, ümumiyyətlə dünyada özünə ad-san qazana bildi. Həyatda heç bir milyoner və ya milyarder öz həyat resepti ilə digər insanları da eyni qaydada milyoner və ya milyarder edə bilməz. Ən azından bu fiziki olaraq qurulmuş mürəkkəb insan cəmiyyətində mümkün deyil, lakin buna baxmayaraq belə insanların yanaşmaları və düşüncə tərzləri maraqlı məsləhətlər formasında hər dövrdə aktual olaraq qalır. "Standard Oil" şirkətinin qurucusu Con Devison Rokfellerin "Neft milyarderi və filantropunun xatirələri" kitabı hələ də aktuallığını qoruyan maraqlı avtobioqrafiyalar sırasında fəxri yerdədir. 

Kitab adından da gördünyü kimi məşhur milyarderin həyat hekayəsini özündə əks etdirib. Əlbəttə, ortada müəllifin özünün də dəfələrlə qeyd etdiyi kimi çoxlu boşluqlar və problemlər olsa da, ən azından Con Devison Rokfellerin öz avtobioqrafiyasına dair kitab yazmağa haqqı çatırdı. O, tarixdə ilk dollar milyarderi adını qazanmış və bir çox məsələlərə görə adını tarixə qızıl hərflərlə yazdırıb. Bu baxımdan onun həyatı haqqında nələrsə oxumaq maraqlıdır və düşündüm ki, Benjamin Franklinin "Benjamin Franklinin avtobioqrafıyası" kitabından bəhrələndiyim qədəri ilə bundan da faydalana bilərəm. Lakin elə olmadı. Franklindən fərqli olaraq, Con Devison Rokfellerin kitab və ya ümumiyyətlə mətn tərtib edib yazmaq bacarığı kifayət qədər kasaddır. Doğrudur, onun yazdıqları kifayət qədər adama maraqlı gələcək, çünki icra ediyi işlər, verdiyi qərarlar və məsələlərə yanaşmaları ilə əlaqədar səthi də olsa məlumatlar verməyə çalışıb, amma müəyyən maraqlı dil üslubu və ya kitaba aid ediləcək ideyaları yox dərəcəsindədir. 

Con Devison Rokfeller kitaba həyatının gənclik illərinin fraqmentli təsvirləri ilə başlayıb. Sahibkarlıq və kommersiya işlərinə mühasibatlıqla gəldiyini qeyd edən keçmiş milyarder, mühasibatlığın timsalında reyestr tutmağın, qeydiyyat məsələlərinin, bir sözlə, hər şeyi nəzarətdə saxlamağın vacibliyi və zərurəti haqqında fikirlər söyləyir. Daha sonra kerosin emalı, beynəlxalq bazarlara giriş, maraqlı reklam və marketinq tədbirləri, xeyriyyə işləri, alqı-satqı qayda-qanunları, insanlarla münasibətlər, əlaqələr və qarşılıqlılıq haqqında maraqlı bir çox məqamlara qısaca toxunur. Elmə verdiyi dəstək haqqında oxumaq zövqverici oldu. O dövrün bank-maliyyə sistemi, sahibkarlıq ruhu, kredit mədəniyyəti və biznes etikası ilə əlaqədar dəyərli məlumatlara rast gəlmək mümkündür. Bir ömür qurduğu əməkdaşlıq münasibətləri öyrədicidir. Şirkətdaxili işlər və əməkdaşlara qarşı münasibətlər haqqında ötəri olsa da, dəfələrlə bir çox məsələlərə toxunur. 
Con Devison Rokfeller 

Tez-tez bir çox insanların dövrün çətinliyindən gileyləndiklərini görürük. Onlar imkanların azlığından və çətinliklərdən söhbət açırlar. Müəyyən mövzularda və müəyyən məsələlərlə əlaqədar olaraq onlardan bəzilərinə haqq qazandırmaq olarsa da, əslində bu tənbəl insanların işidir. Con Devison Rokfellerin dövründə imkanlar ümumiyyətlə yox idi və hər şeyi sıfırdan başlamaq lazım idi. Kerosin emalı zavodundan tutmuş, Çin bazarlarının fəthinə qədər gedib çıxan düşüncə tərzi fasiləsiz çalışmaq, dürüstlük və hörmətə əsaslanan həyat tərzinin nəticəsidir. Unutmamaq lazımdır ki, dünyaya necə yanaşırsansa, dünya da sənə qarşı elə yanaşır. "Neft milyarderi və filantropunun xatirələri" yazı üslubu baxımından nataraz olsa da, birnəfəsə oxunan və təcrübəartırıcı xüsusiyyətə malik kitabdır. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi