Kimi daha çox istəyirəm/ Cosa voglio di più (18+)
Rus: Кого хочу я больше
Günlərin bir günü iş yoldaşlarını təqaüdə göndərərkən Anna Domenikoya rast gəlir. Domeniko iki kiçik uşağı olan, evli, yaraşıqlı kişidir və əlavə gəlir əldə etmək üçün istirahət günləri ofisiantlıq edir. Annanın özü də heç də "azad" deyil. O, Alessio ilə birlikdə yaşayır. Buna baxmayaraq Anna ilə Domeniko arasında alovlanan ehtiras qarşılıqlı münasibətlərə, hər ikisi üçün də dramatik nəticələrə gətirib-çıxarır.
Film özlüyündə elə çəkilib ki, obrazlar öz motivlərini ideal olaraq əks etdirə bilirlər. İndiki halda, Anna və Domenikonu xəyanət etdiklərinə görə qınamaq olmur, çünki bəzən insanlar yalnızca müəyyən vaxtdan sonra düzgün insanla birlikdə olub-olmadıqlarını başa düşə bilirlər. Bu nə deməkdir? Məsələn, elə filmin öz təqdim etdiyi resurslardan yola çıxaraq onu deyə bilərəm ki, Annanın yaşadığı kişi, Alessio intellektual, mədəni və ağıllı birisidir, lakin Annanın xoşbəxt olmaması, ola bilməməsi ona dəlalət edir ki, belə tip intellektual insan bir qadın kimi onun istəklərinə cavab verə bilmir. Anna üçün onu xoşbəxt edəcək, onu cinsi cəhətdən ehtiraslandıracaq və daim motivasiyada saxlayacaq birisini intellektuallar arasında deyil, libidinal insanlar arasında axtarmalıdır. Qeyri-iradi olaraq o, bunu belə də edir və Domeniko məhz libidinal insan tipdir. Annanı universal hislər və davranışlar xoşbəxt edir. Alessionun yataqda oxuduğu kitablar və onların müzakirəsi Annaya bir qadın kimi maraqlı deyil, əksinə absurddur. Bir qadın kimi onu maraqlandıran və onun ehtiyacı olan şeylər tamam başqadır. Çox ironikdir ki, bizlər bunu kimlərləsə münasibətə başlayanda hiss edə bilmirik, başa düşə bilmirik ki, qarşımızdakı insan bizə uyğundur yoxsa yox. Çox zəif filtrdən sonra tələm-tələsik qərarlar veririk. Buna vaxt-zaman gərəkdir. Çox ciddi mövzulardır. Uzaqgörən, ağıllı və savadlı insanlar müəyyən mənada bu məsələdə uğur qazana bilirlər.
Domeniko və Anna |
Nə qədər qəribə səslənsə də, "Kimi daha çox istəyirəm" filmi mənə qadın-kişi münasibətlərində sevməklə istəməyin bir-birindən tamamilə fərqli şeylər olduğunu öyrənməyə kömək etdi. Bir qadın bir kişini sevə bilər, hörmət edər və çalışar ki, ona hərtərəfli olaraq dəstək olsun, lakin əgər intim-cinsi mənada onlar bir-birilərini istəmirlərsə, heç vaxt tərəflər bir-birinə talenin möhkəm bağları ilə bağlana bilməz. Başqa ifadə ilə desək, insanlar gərək hər iki müstəvidə, həm fiziki, həm də mənəvi müstəvidə bir-birilərinə uyğun gəlsinlər, bir-birilərinin ehtiyaclarını ödəyə bilsinlər. Qadınla kişini bir yerə gətirən, onları birləşdirən cinci enerjidir. Cinsi əlaqə və intim münasibətlər heç vaxt tərəflər araısnda ikinci plana atılası bir şey deyil. "Son bir neçə ayda biz neçə dəfə məhəbbətlə məşğul olmuşuq?" deyən Anna haqlıdır. Yuxarıdakı abzasda müdafiə etdiyim tezis kimi buradada məsələ gəlib çıxır qarşındakından olan gözləntilərə və reallığa. Gözləntilərlə faktlar arasında uçurum varsa, bu o deməkdir ki bu artıq sağlam münasibətlər yox, teatr tamaşasıdır. "Sən nə haqda danışırsan axı?" deyə sadəlövhlük təcəssümü Alessio isə bir intelktual kimi qadın-kişi münasibətlərinin əsl mahiyyətinə qarşı kordur. Nəticədə valideyn olmaq istəyən Alessio buna nail ola bilmir, çünki yeni həyatı dünyaya gətirəcək olan Anna bunu istəmir. Bir kişi kimi Alessionu bədbəxt adlandırmaq olar.
Anna |
Film Annanın bacısı övladının dünyaya gəlişi ilə başlayır. Yeni həyatın peydə olmağı, doğulmağı, həm də Annanın dəyişməyi ilə identikləşir. Rejissor Silvio Soldini çox ustalıqla xüsusi incə yaradıcı yanaşmanı hələ filmin ilk dəqiqələrindən əks etdirə bilib. Bu məqam vasitəsi ilə rejissor, sanki, Annanın da ikinci dəfə dünyaya gəlişini demək istəyir, izləyicini müəyyən şeylərə hazırlayır. Domenikonun yardımı ilə rejissor, Annaya yeni nəfəsi bəşx etdirir və ona bədənindən daha çox həzz ala bilməsi şansını yaradır. Varlığının zövqünü birə-beş artırır. Buna görə cəmiyyət Annanı da, Domenikonu da qınayır, lakin Budda deyirdi ki, "Özünüz özünüzə məşəl olun, özünüzə dayaq olun, həqiqəti vahid məşəl kimi özünüzdə qoruyun". Bizə nəyin yaxşı olacağını özümüzdən başqa heç kim bilə-bilməz. Mən xəyanətə haqq qazandırmasam da, həyatımızı gəlişigözəl deyil, istədiyimiz kimi yaşamalı olduğumuzu başa düşürəm və qəbul edirəm. Bunun üçün də yanlış insanlarla birlikdə olduğunu anladığı anda insan gərək bu absurdluqdan kənarlaşsın.
Ey yoldaş, bil ki qadın-kişi münasibətlərində çox nadir hallarda hər şey plana görə gedir. Belə məsələlərdə plan sadəcə illüziyadır. Zamanla insanların psixoloji reallıqları, istəkləri, gözləntiləri və dəyərləri dəyişir. Biz sadəcə gecələr yatmırıq. Biz həm də gündüzlər yatırıq. Bu yuxunun bizə göstərdiyi kabuslar daha pisdir. Bizə elə gəlir ki, xoşbəxtik, hər şey yaxşıdır və qarşımızdakı partnoyr da bizim sahib ola biləcəyimiz ən ideal insandır. Budur günlərin bir günü o milyonlarla insandan biri gəlib sənin yanında dayanır və sən başa düşürsən ki, əslində sənin bədənin indiyə qədər anemiyadan əziyyət çəkib. Sən də sənə lazım olanı düz yaxınlığında görüb ona qarşı biganə qala bilmirsən. Hər şey bu qədər sadədir. "Kimi daha çox istəyirəm" filmi bizə əslində qadın-kişi münasibətlərindən bəhs edən hiperrealistik mənzərəni göstərir. Ciddi mövzulardır, amma əsla mürəkkəb mövzu adlandırmağa haqqımız yoxdur. Nə istəyiriksə onu da etməliyik, amma içimizdə yaranacaq çoxlu münaqişələrə hazır olmalı və onların öhdəsindən gəlib qələbə qazanmağı istəməliyik. Cəmiyyəti də unutmaq lazım deyil. Ümid edirəm belə birinci şəxsin cəmində danışmağım qıcıqlandırıcı deyil.
Xoşbəxtlik nədir? Annanı yalnızca Domenikonun yanında xoşbəxt gördüm. Deməli, həyatın məntiqi belədir. Biz heç də hamının yanında xoşbəxt ola bilmərik. Əsl xoşbəxtlik həmişə istəyəcəyimiz insanı tapmaq, təmənnasız sevə biləcəyimiz şəxsin yanında olmaq və ən əsası buna görə özümüzə nifrət etməməyimizdir.
Comments
Post a Comment