İyan Benks - Arıeşşəyi fabriki

ENG: Iain Banks - The Wasp Factory
RUS: Иэн Бэнкс - Осиная фабрика

Əsas obraz Frenk sadist şəxsiyyətə malik 16 yaşlı cavan oğlandır. Bəzən o, öz emosiyalarını qəddar rituallar çərçivəsində məhdudlaşdıran sosiopat, bəzənsə də ətrafında baş verənlərə qarşı həssas olan adi bir uşaqdır. Roman hər nə qədər yetkinlər üçün nəzərdə tutulsa da, əslində bir uşağın daxili və xarici dünyası arasında heç cürə qura bilmədiyi əlaqədən söhbət gedir. 

"Arıeşşəyi fabriki" çox qəribə əsərdir. Onun bir başqa xüsusiyyəti də ondan ibarətdir ki, hamı üçün deyil. Bəzən yazıçılar belə də edirlər. Heç də hamı üçün olmayan şeylər yazırlar. Şotlandiyalı İyan Benks də bu qəbildən qələminə əziyyət verib bir əsər yazıb. Bundan əlavə, romanı başa düşməyin qızıl qaydası ondan ibarətdir ki, siz gərək Frenkə qarşı simpatiya və empatiya bəsləyəsiniz. Bunun üçün də gərək analoji uşaqlıq dövrünüz olsun.
İyan Benks

Niyə görəsə hadisələrin Şotlandiyanın ada kəndlərinin birindən baş verməsi mənə təsadüfi məkan seçimi kimi görünmədi. Aydın məsələdir ki, yazıçı özü Şotlandiyalıdır və ona həmin coğrafi məkan çərçivəsində yazmaq daha rahatdır, lakin ərazinin ada olması çox maraqlıdır. Ada dörd tərəfdən su ilə əhatələnən quru parçasıdır. Ada yalnızlıq, özgəlik, yadlıq simvolu kimi çox maraqlı simvolika kimi istifadə olunub. Süjetdə də tez-tez Frenk adaya gəlmək, adana getmək kimi məqamları müəyyən abstrakt kommunikasiya oxşatmaları kimi istifadə edir. Bu məqam Frenkin ruhi vəziyyətini və dünyaya olan yanaşmasını ideal simvolizə edir. Bundan əlavə Frenkin yalnızlığını, digər tərəfdən də azadlığını onun atası təmin edir. Atası anarxist hippidir və dövlət anlayışına o qədər nifrət bəsləyir ki, hətta övladını dövlət qeydiyyatından belə keçirməyib. Dövlət üçün Frenk gözərünməzdir. 

Qotik dəhşət janrı ilə ailə-məişət üslubunda nə isə bir qədər də Edqar Allan Po atmosferini andıran roman oxumaq əslində mənim üçün kifayət qədər maraqlı təcrübə oldu. Psixopat və ya sosiopatlarla bədii görüş həmişə bir udum təzə hava xarakterini daşıyan özünəməxsus macəradır. Bundan əlavə, niyə görəsə əsəri tez-tez "Çovdarlıqda uçurumdan qoruyan" əsəri ilə müqayisə edirdim. Buna əsas səbəb nə süjetdir, nə də başqa bir şey. Əsas səbəb kimi başa düşdüyüm qədəri ilə əsərin əsas obrazının təhkiyəsi üzərindən qurulması və eyni dinamika ilə inkişaf etməsindədir. Sanki, hər iki əsərin eyni vibrasiyası var. Bir medaloyonun iki üzü kimi bir-birilərini tamamlaya bilərlər. Hər nə qədər təzadlı səslənlə də, təbii ki, fərqlər çoxdur, amma bir o qədər də oxşarlıqlar çoxdur.

Pedofiliyanın əsas məğz olduğu "Lolita"dan fərqli olaraq "Arıeşşəyi fabriki"ndə cinsiyyət məsələsi kitabın sonlarında oxucuya əyan olur. Bu bədii yumruq zərbəsi sonda çox şeyi dəyişir. Kiçik bir hissə, nöqtə, vergül və oxucu indiyə qədər oxuduqlarına daha fərqli səpkidən yanaşmağa başlayır. İlk səhifələrdən başlayaraq irəlilədikcə tez-tez öz-özümə suallar verirdim ki, görəsən əsərin məqsədi nədir, motivləri nədir, nəyi göstərməyə çalışır. Müəyyən yerlərdə müəyyən şeyləri başa düşmək olurdusa da, çox vaxt bütün mənzərəni başa düşmək çətin oldurdu. Lakin əsərin sonu hər şeyə nöqtəni qoymağı bacarır. Bir daha başa düşdüm ki, əsərin sonluğu çox mühüm əhəmiyyət kəsb edən bir şeydir.

Bədii gücü olduqca yüksək olan, maraqlı sonluqla bitən və maraqlı psixologizmlə "Arıeşşəyi fabriki" mənim üçün yaddaqalan kitablar arasına daxil oldu. Formalaşmış oxuculara məsləhət görə biləcəyim bir əsər olmasına baxmayaraq, bədii ədəbiyyata yeni başlayan və müəyyən tabuları olan oxucular üçün isə deməzdim ki, rahatlıqla məsləhət görə biləcəyim romandır. Hər bir halda əmin olmaq lazımdır ki, kitab yaxşı psixoloji məşq etdirmək qabiliyyətinə malikdir. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi