Məşğul olduğum 5 hobbi
Başqa insanlarla ünsiyyət qurarkən həmişə onların sevimli məşğuliyyətləri, başqa sözlə hobbiləri haqqında gen-bol məlumat almağa çalışıram. Adətən orta statistik bir vətəndaşın əmək haqqı qazandığı və həyatını qurduğu ixtisas və ya peşə fəaliyyətlərindən fərqli olaraq hobbi ona nə ciddi nəzərə alınacaq qazanc gətirir, nə də onu cəmiyyət içində populyarlaşdırır. Təbii ki, bəzən hobbi əsas məşğuliyyətə və gəlir mənbəyinə çevrilə bilər, lakin çox vaxt insanlar öz şəxsi boş vaxtlarını dəyərləndirmək üçün elə müxtəlif məşğuliyyətlərlə məşğul olurlar ki, o sadəcə zövq və rahatlıq mənbəyi olsun. Odur ki, bu dəfə öz şəxsi hobbilərim haqqında belə bir paylaşım hazırlamaq qərarına gəldim. Aşağıda məşğul olduğum 5 hobbi haqqında qısaca qeydlər etmişəm. Məni bir qədər də yaxından tanımaq istəyənlər üçün maraqlı məlumat ola bilər. Eləcə də, aşağıdakılardan hansısa gələcəkdə sizin də hobbinizə çevrilə bilər və biz hobbi yoldaşı ola bilərik. 😅
1. Bloqerlik
2011-ci ildə qatıldığım tədbirlərin birində gənc mütəxəssisdən şəxsi bloq anlayışını öyrəndim. O vaxtadək əsasən Facebook sosial şəbəkəsində öz fikirlərimi və resenziyalarımı paylaşırdım. Həmin ərəfədə bu işlə məşğul olan insanlar əsasən bloqerliyi ölkədə fərqli səpkidə tanıtdırırdılar. Mən isə kitablara və filmlərə fokuslanacağım şəxsi virtual məkan axtarışında idim. "Blogger" platforması bu baxımdan mənim üçün tərəddüdsüz seçim oldu və 2017-ci il də daxil olmaqla mən eyni platformanın köməyi ilə oxuduğum kitablar və izlədiyim filmlər, bəzən isə digər müstəqil mövzular haqqında öz paylaşımlarımı hazırlayıram. Bu mənin ən sevimli və əsas hobbimdir. Daimi oxucularıma isə xüsusi minnətdarlığımı bildirirəm. 😎
2. Onlayn kurslar
Əslində onlayn kurslarda iştirak etməyi tam olaraq hobbi hesab etmək olmaz, lakin onlayn təhsilin ən əsas xüsusiyyətlərindən biri könüllü və təmənnasız müzakirə və diskusiya forumlarında iştirak etmək və öz fikirlərini bölüşmək olduğunudan, bu fəaliyyətimi də siyahıya daxil etdim. Onlayn kurslar təhsildə əsl inqilabdır. İnkişaf etmiş qərb elminin əlçatan olması baxımından bu olduqca demokratik addımdır. Məncə, müasir insanlar mütləq bu imkandan istifadə etməlidirlər. Vaxtım olduqca forumlarda kursların mövzusuna uyğun olaraq öz təhlillərimi və fikirlərimi paylaşıram ki, kollaborativ mühit yaransın və kraudsorsinq prosesi təmin olunsun. Bu hobbini hərtərəfli faydalı (analitik bacarıqlar, strateji yanaşma və digər bacarıqların formalaşdırılması baxımından) hobbi kimi dəyərləndirirəm. Çalışacam gələcək paylaşımlarımın birində bu mövzuya daha geniş yer ayırım. 😉
3. Google-un xidmətləri üçün yaxşılaşdırmalar təklif etmək
Bildiyiniz kimi Google-un tərcümə, xəritə və digər bir çox pulsuz xidmətləri var. Bu xidmətlər özündə həddindən artıq əlçatan informasiyanı toplayır. Bu baxımdan bütün məlumatların fiziki olaraq yoxlanılması mümkün deyil. "Google" bunun üçün gərək yüz minlərlə əməkdaş saxlasın. Bunu nəzərə alaraq şirkət mühəndisləri insanlara istədikləri an təqdim olunan məlumatlara düzəlişlər etmək şəraiti yaradıblar. Məsələn, "Google Maps"-da yaşadığınız və ya ən azından tanıdığınız yerlər haqqında təqdim edilən məlumatların doğruluğunu yoxlamaq üçün öz rəyinizi qeyd edə bilirsiniz. Göndərdiyiniz rəy ən azından 1 və ya 2 (dəqiq bilmirəm) nəfərin də fikri ilə üst-üstə düşsə, qəbul olunur və öz əksini tapır. "Google Translate" tərcümə xidmətində də eyni qayda ilə sözlər və ya cümlələrin daha düzgün və optimal tərcüməsi üçün yaxşılaşdırmalar təklif etmək mümkündür. Bax mənim də belə informasiya texnologiyaları ilə çağrışan hobbim var. Tez-tez ziyarət etdiyim yerlərə rəy yazır, hansısa sözlərin xarici dildən öz doğma dilimizə tərcümələrini yoxlayıb lazım olanda düzəlişlər təklif edirəm. 😜
4. Səsli kitabların hazırlanması
Əslində bu hobbi şəxsi həyatımda tamamilə yenidir. Bu yaxınlarda müəyyən qədər vaxtımın olduğunu görəndə, qərara aldım ki, bəzi azərbaycan dilində olan kitabların səsli (audio) versiyasını hazırlayım. Bu haqda başqa heç bir yerdə məlumat paylaşmamışam və işlər hələ yeni başlayıb. Studiya şəraiti olmasa da, evdə kifayət qədər keyfiyyətli səsli kitab hazırlaya biləcəyimi düşündüm. Bu baxımdan hansı nəticələrə nail olacağımı zaman göstərəcək. Bu hobbi yeni, lakin yüksək həvəs göstərdiyim bir işdir. İctimai faydası və kitaboxuyanlara tövhəsi baxımından ehtiyac olan bir şeydir. Ümid edirəm yaxın gələcəkdə vaxt sarıdan problemlərim olmaz və qarşıdakı ayların birində ilk işimi yekunlaşdırmağa müvəffəq olaram. 😐
5. Fəlsəfi və bədii yazılar yazmaq
Bloqerlik kimi ictimai yazı-pozu məşğuliyyətindən fərqli olaraq, həm də ictimaiyyətə qapalı, şəxsi maraq və həvəs xatirinə məşğul olduğum hobbi də var. Bu əsasən kiçikhəcmli fəlsəfi esselər yazmaq və ya bəzən bədii hekayələr cızma-qara etməkdən ibarətdir. Bu məsələ ilə əlaqədar əsas qeyd etmək istədiyim məqam ondan ibarətdir ki, bəzən hansısa problemə və ya hadisəyə sadəcə özün üçün fikir bildirmək, onu tənqid etmək və tam fərqli yanaşma ilə yanaşmaq çox maraqlı olur. Yeni şeylər kəşflər etmək və düşünmək üçün bu maraqlı hobbi hesab oluna bilər və hərdən bununla məşğul oluram, amma bunu edərkən elə edirəm ki, heç kim görməsin. 👀
Comments
Post a Comment