Lev Tolstoy - Etiraf
RUS: Лев Николаевич Толстой - Исповедь
ENG: Leo Tolstoy - A Confession
Bu əsərin baş qəhrəmanı Tolstoyun özüdür. Dünya şöhrətli əsərlər müəllifi bu dəfə öz həyatı haqqında yazır. Keçirdiyi həyat yolunu yanlışları ilə, doğruları ilə oxuculara etiraf edir. Həyatın həqiqi mənasının axtarışında olan Tolstoyun keçdiyi gərgin, sıxıntılarla dolu həyat yolunu insan həyəcansız oxuya bilmir. Kitabı oxuduqca, bədiiliklə yanaşı aparılan elmi-fəlsəfi təhlilləri gördükcə insan Tolstoy zəkasına, onun hərtərəfli elminə heyran qalır. Etiraf (Tolstoy)
Beş il bundan əvvəl məndə çox qəribə şeylər başladı: əvvəlcə, məni bir neçə dəqiqəliyinə çaşqınlıq tuturdu sanki, həyat dayanır, necə yaşamalı olduğumu, nə edəcəyimi bilmir, özümü itirib ümidsizliyə qapılırdım... Belə anlarda həyat durarkən, həmişə eyni suallar peyda olurdu: Nə üçün? Yaxşı, bəs sonra?...Başa düşdüm ki, bu, təsadüfi çaşqınlıq deyil... Həyatım dayanmışdı... Görürdüm ki, qarşıda ölümdən başqa heç nə yoxdur. Zirvəyə qalxdıqdan sonra bu zirvədə dayanıb ən axmaq, ən səfeh adam kimi, aydın başa düşürəm ki, həyatda heç nə yoxdur, olmayıb, olmayacaq da...Bəs bu qədər çalışıb–əlləşmək niyə? Necə olur ki, insan bunu görmədən yaşayır? - heyrət ediləsidir... Bax, bu, əsl dəhşət idi... Sakitcə ölümü gözləyə bilmirdim... Mümkün qədər tez boynuma kəndir keçirib, yaxud özümü güllə ilə vurub ondan xilas olmağa çalışırdım...
Seçim qarşısında olmaq, "hansını seçim?" deyə düşünmək, öz həyat yolunu tapmaq, insan övladının bəlkə də lənəti, ya da bir ömür onun ən sadiq müəllimidir. Ən pisi, seçimləri edərkən nəyə güvəməyi seçə bilməməkdir: başqa insanlara, ya özünə? İdeyalara, ya materiyaya? Elmlərə, ya mistikaya? İnsan min illərdir bu tələdə ora-bura vurnuxur. Hərə də bir cürə özünə təsəlli və ya rahatlıq tapır. Kimsə peşəkar olur, kimsə sərxoş, ya da narkomaniyanın min-bir üsulundan birini seçir, kimsə yazıb-yaradır, kimsə özünü ağrıtmaqla məşğul olur (mazoxizm). Cəmiyyətlər üstünlük illüziyasını yaradıb ortaya atsalar da, əslində hamı eyni aqibəti yaşayır. Nəfərlərin gəldiyi nəticələr şəbəkələrin gəldiyi nəticələrlə eynilik təşkil edir. Həmişə belə olur. Əgər kitab sənin içindəki suallarla rezonans yaradırsa, səninlə dərdləşirsə, sənə seçimləri daha da aydın görməyə kömək edirsə, bax onda o kitabın yeri səndə fəxri pillələrin birində olur. "Etiraf" haqqında demək istədiklərim isə bunlarla bitmir...
Kitabın adı ilə onun mahiyyəti arasında yaranan ideal uyğunluq heyranedicidir. Adətən analoji mövzularda yazılan əsərlər ideoloji penetrasiya formatında, ya da məcburi anaxronik məğzə malik olur. Mövzu çərçivəsində yazıb-yaradan orta və kiçik kalibrli filosoflar və yazıçıların əslində spekulyasiya etdiyini başa düşdüm, çünki məsələ ancaq Tolstoy kimi dahilərin və "həqiqi həqiqət"in axtarışçılarının işidir. Məhz onun qələminin izləri zamanın sınağından çıxmaq iqtidarında olub bizlərə də azdan-çoxdan kömək edə bilər. Bəli, azdan-çoxdan, çünki əlbəttə ki, işin çox böyük hissəsi bizim öz üzərimizdədir. Əgər cücəyə yumurtadan çıxmağa hansısa yad qüvvə kömək etsə, onda cücə bir ömür zəif və aciz bir canlı kimi formalaşacaq. Bizim məsələdə də əslində vəziyyət belədir və əsərin "Etiraf" olaraq adlandırılması elə-belə deyil. Diqqətlə düşünəndə başa düşürsən ki, belə intim mövzularda insan ancaq müəyyən şeyləri bölüşə və ya indiki halda etiraf edə bilər. Daha zor gücünə hansısa ideyaları və yanaşmaları qəbul etdirib bütpərəstliyə sövq etmək kainat qarşısında əsl günahdır.
Lev Nikoloyeviç Tolstoy |
Ömrünün 50-ci illərində Tolstoyun belə ekzistensialist əzablar çəkməyi, bəzən nihilizmə yönəlməyi və bəzən də intihara meyilliliyi, aramsız və amansız cavab axtarışları onu inanc, tanrı və sadə insanlara yaxınlaşdırır. Bu yaxınlaşmanın özündə belə əbədi skeptizm və sabit tənqid var. Tolstoy "Biz niyə buradayıq?" və ya "Həyatımızın mənası nədir?" suallarını verərək həqiqətə yaxınlaşır. Eyni suallar verib məhvə və ya heçliyə yaxınlaşanlar da olub. Bu məsələ ilə əlaqədar Tolstoy özü əsərində ideal qruplaşdırma təqdim edib. Mütaliədən qazandıqlarımı cəmləyəndə bir daha başa düşürəm ki, insanın məna və "mən" axtarışı əbədi prosesdir. Bu yolda mümkün olan ən ideal təcrübə isə Tolstoyun "Etiraf"ında öz əksini tapıb.
Yazımı aşağıda kitabdan seçdiyim bəzi hissələr çərçivəsində davam etmək istərdim.
Xatırladım ki, mən yalnız Tanrıya inandığım zaman yaşamışam. Əvvəllər də belə olub, indi də, dedim: Tanrını yada salan kimi yaşamağa başlayıram, onu unutduqda, inanmadıqda isə ölürəm. - Yeri gələndə məndə də vəziyyət eyni ilə belədir. Teoloji məsələlərdən çox ciddi əziyyət çəkib ağır travmalar alan birisi kimi bu sözlərin nə məna verdiyini mümkün olan ən yüksək səviyyədə anlayıram. Buna baxmayaraq, bu sözlər Lev Nikoloyeviç üçün keçərlidir. Əgər bunu şəxsən özümə də aid edəsi olsam, bunu bütün varlığımla qəbul etsəm və başqa insanların arasına çıxıb eynən təkrarlasam, elə onun özünün də müdafiə etdiyi tezisi - hər kəs həyatın mənasına gərək özü cavab tapsın - ilə təzada girmiş olum. Mən yaxşı başa düşürəm ki, bu yol çoxlu təzadlar və dalğalanmalarla zəngindir. Onu da yaxşı başa düşürəm ki, hər nə olursa olsun, biz gərək heç vaxt öz azadlığımızı itirməyək və öz həqiqi mənliyimizi axtarıb tapıb, yalnızca onun vasitəsi ilə hansısa qərarı verək. Əsas başa düşüdüyüm ondan ibarətdir ki, gez-tez müəyyən bir qərara gəlməli olacağıq və bu qərar bizi zülmətdən nura çıxaracaq fənər olacaq.
Başa düşdüm ki, həyatı, onun mənasını bilmək istəyirəmsə, bir parazit kimi ömür sürmək yox, əsl həyatı yaşamaq, onunla qaynayıb – qarışmış həqiqi insanlığın bu həyata verdiyi mənanı qəbul etmək, onu təcrübədən keçirmək lazımdır. - Bu cümlələrdə isə insanın məna axtarışı sosial təbəqə və ictimai quruluşla əlaqələndirilir. Tolstoy öz məna axtarışını sadə kəndlilərin və adi insanların arasına çıxardıqdan sonra çox ciddi nailiyyətlər əldə etdiyini qeyd edir. Bu məqam mənə Erik Hofferi xatırlatdı. Tolstoy ömrünün böyük hissəni sərf etdiyi elm, ədəbiyyat, fəlsəfə və incəsənət kimi sahələrin dahi nümayəndələrinə skeptik yanaşır, onların əslində hər şeyi mürəkkəbləşdirdiyini və sualları sadəcə başqa formaya saldığını qeyd edir.
Nə qədər müdrik olsaq da, mənim, Şopenhauerin, Süleymanın düşdüyü vəziyyət çox səfeh bir vəziyyətdir: həyatın bədbəxtlik olduğunu bilə–bilə, yaşayırıq. Bu ki açıq–aydın axmaqlıqdır. Axı, əgər həyat mənasızdırsa və mən mənalı, məntiqli olanı bu qədər sevirəmsə, onda həyatı məhv etməliyəm. Onda onu inkar etməyə heç kim olmayacaq. - Bu da Tolstoyun başa düşdükləri ilə əlaqədar qeyd etdiyi məqamlardan birisidir. Düşündürücüdür. Müəyyən mərhələlərdə məna axtarışı destruktiv çalarlarsız ötüşmür.
Yox, inanc insan həyatının mənasını bildirməsi və onun nəticəsi kimi insanın özünü öldürməkdən vaz keçib yaşamasıdır. İnanc həyat qüvvəsidir. Əgər insan yaşayırsa, deməli, o nəyəsə inanır. Əgər nəyinsə uğrunda yaşamalı olduğuna inanmasaydı, yaşamazdı. Əgər insan sonu olanın müvəqqəti, xəyali olduğunu görmürsə, anlamırsa, həmin sonu olana inanır. Əgər insan sonu olanın müvəqqəti, xəyali olduğunu anlayırsa, sonsuz olana inanmalıdır. İnancsız yaşamaq mümkün deyil. - Çoxlarımız düşünə bilərik ki, bu kifayət qədər cəsarətli sözlərdir, hətta yeri gələndə Lev Tolstoyun özü üçün belə, amma yenə də çox az şeylərdən biridir ki, əminliklə nə isə demək baxımından şans yüksəkdir. "Etiraf" Tolstoyun sırf inancla əlaqədar böhranıdır. Üstəlik, məncə, inanc təkcə insana deyil, həm də digər canlılara da aiddir. O cümlədən, ümid, stereotip və s.
Ədəbi fəaliyyətin yuxarı pillələrində mənə aydın idi ki, nə öyrətdiyini bilmədən öyrətmək olmaz, çünki hər kəsin müxtəlif şeyləri öyrətdiyini, aralarındakı mübahisələrlə yalnız öz cəhalətlərini gizlətdiklərini görürdüm. - İnanmaq çətindir ki, bu sözlərin yazılışından 100 ildən də çox vaxt keçib. Məgər indi də vəziyyət belə deyilmi? Bütü günü axmaq terminologiya, boş intelektuallıq və əzbərçiliklə "düşüncə adamları" başımızı piyləməklə məşğul olmurlarmı? Ona görə də Tolstoy kitabın sonlarında qısa və konkret olaraq insan cəmiyyətində azadlığın və dolayısı ilə də həqiqətin harada olduğuna işarələr verir.
Dediyim kimi, Tanrı axtarışı mühakimə deyil, hiss idi, çünki düşüncələrimdən yox, tam əksinə, qəlbimdən axıb gəlirdi. Bu, qəriblikdə yaşayan qorxu, kimsəsizlik, yalqızlıq və kimlərinsə köməyinə ümid hissi idi. - Əgər ilahi qüdrət varsa, məncə də biz onu özümüzə uyğunlaşdıra bilmərik, onu sadəcə hiss edə bilərik. Fəlsəfə, din və digər qurub-quraşdırdıqlarımızın yol verdiyi xəta budur. Hər cərəyan öz eqoizmini yükləyərək özünə reytinq toplamaqla məşğuldur, halbuki, əslində hər şey bizim özümüzdə başlayıb, elə özümüzdə də bitən qəribə cığırdır. Bunu bir daha görməyimə kömək etdiyinə görə Lev Tolstoya təzim edirəm.
Bu əsərlə tanışlığıma çox şad oldum. Xüsusilə də "Parlaq imzalar" nəşriyyatı çox gözəl iş görüb. Nəşr işi sadəcə vərəqləri bir-birinə tikib ortaya üz qabığı rəngbərəng nə isə əşya qoymaq deyil. Bu əsl incəsənətdir ki, "Parlaq imzalar" da bunun öhdəsindən yüksək səviyyədə gəlib. Mütaliəmin belə zövqverici olmasına vəsilə olan nəşriyyata bir daha öz təşəkkürümü bildirməyi özümə borc bilirəm.
Comments
Post a Comment