Tibetin ölülər kitabı

ENG: The Tibetan Book of the Dead

Filip Dikin təkrarolunmaz "Ubik" əsərini oxuyanda "Tibetin ölülər kitabı" haqqında bir səhnə əbədi olaraq yaddaşıma həkk olunmuşdu. Hər bir dinin ölümə - o biri dünyaya olan müəyyən bir yanaşması var. Tibet isə dünyanın ruhi mərkəzlərindən biri kimi olduqca maraqlı yerdir və buddizmin bu baxımdan ölümə və insan şüuruna olan yanaşması da şəkk-şübhəsiz özünəməxsus olmalıdır deyə düşündüm. Kitabı oxumağımı stimullaşdıran da məhz bu motivlər oldu.

Kitabın axirət haqqında əsas fəlsəfəsi hər şeyin bizdə başlayıb, hər şeyin bizdə də bitməsinə əsaslanır. Praktiki olaraq hər bir hadisənin izahı bununla əlaqələndirilir. Ölüm nə isə qeyri-adi bir şey kimi deyil, şüura olan səyahət və ruhi möhkəmlənmə kimi təsvir olunur. Bu maraqlı yanaşmadır, çünki tanış olduğumuz səmavi dinlər adətən insanları cənnət və cəhənnəm kimi şablonlara öyrəşdirir. Mükafat və cəza kimi vasitələr dominantlıq təşkil edir. Şübhəsiz ki, hansının daha dəqiq və düzgün olması barəsində nə isə söyləmək çox çətindir. "Tibetin ölülər kitabı"nda da kifayət qədər xurafat var. Orada yer alan çox detallı təsvirlər, adlar və addəyişmələr həmin dinin izləyicilərinin vaxtilə tövhəsi xarakterini daşıyan şəxsi təxəyyül və təsəvvürləri ola bilər. 

Ümumilikdə isə kitabın çox simvolik və bədii təhkiyəsi var. Hər şey bir-biri ilə sıx şəkildə əlaqələndirilmiş metaforalardan və işarələrdən ibarətdir. Digər səmavi dinlərin kitablarından fərqli olaraq bu kitabda peyğəmbərlərə fokuslanmış dini macəra və əhvalatlar yoxdur. Təhkiyənin özü belə bir fərdin ruhi yolunu özündə ehtiva edən formatdan ibarətdir. Müəyyən müddətlər, periodlar, mərhələlər təsvir olunub. Kitabın qeyd etdyinə görə insanlar öldükdən sonra pillə-pillə həmin mərhələləri keçməlidir və təbii ki, buddizmin əsas fəlsəfəsi yenidən doğulmamağa nail olmaqdır (çox xırdalıqlara getməyəcəm, əks təqdirdə kitabın hamısını gərək tərcümə edim). 

Hər bir halda düşünmək üçün, "mən axtarışı" və ya müəyyən ruhi təlim kimi bu kitabın kimlərəsə əhəmiyyəti ola bilər. Nəzərə almaq lazımdır ki, heç də hamı hər şeyi eyni dildə anlamır. Kimə hansı din rahatdırsa, qoy özü öz müstəqil seçimi ilə onu da izləsin. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi