Düşünmək üçün 10 möhtəşəm qısa animasiya/film
Son zamanlar qısa animasiya və filmlərə kifayət qədər marağım yaranıb. Belə ki, bədii ədəbiyyatda olan hekayələr kimi qısa animasiya və fimlər də minimal cəhdlərlə mümkün olan maksimal informasiya ötürülməsini təmin edir. Nəticədə siz çox vaxt sərf etmirsiniz, amma güclü ismarıclar çərçivəsində düşünürsünüz. İzlədiyim və məndə zəngin təəssürat oyadan bəzi qısa animasiya və filmləri diqqətinizə çatdırıram.
1. "The Albatross" - by Joel Best, Alex Jeremy, and Alex Karonis - Çox estetik vizual qrafika və özünəməxsus yanaşma ilə sizi alkoqolizm və digər bənzəri asılılıqlara fəlsəfi yanaşmağa dəvət edəcək. Animasiyada həyatın gözəllikləri və qaranlıq tərəfləri bir "qayığa" sığışdırılıb. İnsanın öz-özü ilə hesablaşması və ən pis anlarda öz mənliyini itirməməsi gözəl təsvir olunub. Bizlər bəzən öz acizliyimizi və zəifliklərimizi kənardan görəndə hansı vəziyyətdə olduğumuzu başa düşürük. Uzunluğu qısa, lakin mənası dərin olan "The Albatross"u mütləq izləyin.
2. "R'ha" by - Kaleb Lechowski - Bu qısa animasiya möhtəşəm xüsusi effektlərin fonunda kosmik bir canlının mübarizliyini və iradəsini təsvir edir. Süni intellekt canlı varlıqlarla müharibəyə başlayıb. Bu amansız müharibədə yalnızca məğlublar var. Animasiyanın sonluğu xüsusi diqqətə layiqdir. Yaxşı düşünülmüş ssenari və maraqlı proqnozlar olduqca təhrikedicidir. Qısa vaxt ərzində müəyyən maraqlı kosmik macəra izləmək istəyənlər peşman olmayacaqlarına əmin ola bilərlər.
3. "Elefante" - by Pablo Larcuen - Bu qısa film fərdin yadlaşması və eqoizmin qurbanına çevrilməsini əks etdirən olduqca gözəl və müəyyən mükafatlara layiq bilinən filmdir. Hadisələrin qısa zaman aralığında çatdırılması və maraqlı transformasiyanı əhatə etməsi düşündürücülük gücünü artırır. İnsanın ailəsinə və sevdiklərinə yadlaşması, onlardan uzaqlaşması heç də mümkün olmayan bir şey deyil. Nəticədə bəzən biz filə, kərgədana və ya timsaha çevrilirik.
4. "The Origin of Creatures" by Floris Kaayk - Olduqca möhtəşəm qısa animasiya olan "Məxluqların mənşəyi" mənim üçün başgicəlləndirici ideyası ilə əsl mental qıdıq rolunu oynadı. Əsərdə postapokaliptik dünyanın təsvir oldunduğu açıq və aşkardır. Qəribə mutasiyaların nəticəsində insanın bədən üzvləri ayrı-ayrılıqda dünyaya gəlir. Animasiya beyinsizliyin, bədənsizliyin və ya təşkilatsızlığın fəsadlarına vurğu edir. Darvinin "Növlərin mənşəyi" ilə yaradılan alluziya lap yerinə düşüb. Absurd fantastika olsa da, mühüm məsələlər haqqında düşünməyə dəvət təklifini geri çevirməyin.
5. "Black Holes" - by Noodles Studio - Olduqca möhtəşəm vizual dinamikalı "Qara dəliklər" əsl müasir incəsənət yaradıcıllığıdır. Məzəli, heyrətləndirici və özünəməxsus estetika ilə bu qısa animasiya məşhur "2001: Kosmik odisseya" (2001: A Space Odyssey) ilə əlaqələndirilən və filmə maraqlı tənqid xarakterini daşıyır. Bir neçə dəfə izlədiyim qısa animasiya çox maraqlı və keyfiyyətli iş nümunəsi kimi çox diqqətəlayiqdir.
6. "The Looking Planet" - by Eric Law Anderson - Kosmosla əlaqədar növbəti möhtəşəmlik tərənnümü "Nəzarətçi planet" adlanan maraqlı qısa animasiyadır. Yerin və Ayın tarixi ilə əlaqədar maraqlı alternativ tarix təqdim edən animasiya, Lufo adlı yadplanetli kainat inşaatçısının hekayəsi vasitəsi ilə bizlərə daha fərqli yaradılış variantlarını təqdim edir. Bir qədər infantil xarakteri olsa da, animasiya həm düşündürücüdür, həm də əyləncəlidir.
7. One-Minute Time Machine - Zamanda səyahət. İnsan övladının ən böyük ehtirası. Əlbəttə ki, bu məsələ bir kişinin qadınla olan romantik münasibətləri ilə qarışanda ortaya çox daha maraqlı bir şey çıxara bilər. 1 dəqiqəlik zaman maşını icad edən yoldaşın çarəsiz qadın tovlamaq cəhdlərini və zamanda səyahətin fəsadlarını əyləncəli üslubda izləmək istəsəniz, aşağıdakı videonu sizin üçün axtarıb tapdığımı unutmayın.
8. "Wire Cutters" - by Jack Anderson - Bu qısa animasiyada robotların dili ilə acgözlüyün təsviri maraqlı alınıb. Doğrudur, gərək bu qısa animasiyanı başa düşmək üçün Ayzek Azimovun robotların da bir gün emosiya qazana biləcəyi ehtimalını qəbul edək, çünki acgözlük hələ ki, ancaq insanlara və digər canlılara məxsus keyfiyyətdir. Bu animasiyanın ən əsas nəticələrindən də biri odur ki, gələcəyin dünyasında bəlkə də bu keyfiyyəti özümüzdən əlavə öz yaratdıqlarımıza da irsən ötürə biləcəyik. Növbəti düşüncə dozanız kifayət qədər müalicəvi olacaq.
9. "POILUS Short Film" by ISART DIGITAL - Müharibə və onun fəsadlarını alleqorik dil ilə və musiqinin köməyi ilə çatdırdığına görə bu qısa animasiyaya xüsusi minnətdar olmalıyıq. Animasiya öz atmosferinə qərq edə bilir. Bu səbəbdən də yaxşı təəssüratlar və düşüncə yemi baxımından yekun müsbət saldo ilə olacaq.
10. "Memorize" Written & Directed by Eric Ramberg and Jimmy Eriksson - Futuristik qısa film bizə gələcəyin dünyasında baş verən cinayət hadisələri ilə mübarizə aparmaq üçün tətbiq edilən müasir üsullardan və əbədi mübarizə olan sistemlə mübarizədən bəhs edir. Xüsusi effektlərdə bir qədər çatışmazlıqlar olsa da, çox güman film həvəskar heyət və alətlərlə çəkilib və minimal büdcəsi olub. Bu səbəbdən də filmin möhtəşəmliyi heyranlıq doğurur. Gələcək dünya ilə əlaqədar izləmək və ya oxumaq heç vaxt çox deyil.
Comments
Post a Comment