Viktor Pelevin - Çapayev və Pustota | Виктор Пелевин - Чапаев и Пустота

Təqdimat: 1996-cı ildə
yazılmış «Çapayev və Pustota» romanı haqqında müəllifin özü deyir: «Bu əsər dünyada, hadisələrin tamamilə
boşluqda baş verdiyi ilk ədəbiyyat nümunəsidir».
Əslində isə hadisələr 1919-cu ildə, Çapayevin diviziyasında baş verir. Əsərin
prataqonisti Pyotr Pustota, bu diviziyada komissar olaraq xidmət edir və eyni
zamanda bu günkü günlərdə və Pelevinin virtual fəzasında mövcudiyyətini sürdürərək,
«Kavabata», «Şvaşneqr» və «Sadəcə Mariya» ilə görüşür. Tənqidçilərin fikrinə
görə, «Çapayev və Pustota» rus ədəbiyyatında ilk den-buddist romandır. Roamn 2001-ci ildə, ingiliscə tərcümədə - «The
Clay Machine-Gun» (Глиняный пулемет), Dublin ədəbiyyat mükafatının finalına
çıxmışdır.
Mənim iradəmlə qürub edən günəşə
doğru yarışa çıxmış atların üzünə və insanların sifətinə - ucsuz-bucaqsız canlı
axıntıya baxa-baxa tez-tez düşünürəm: bəs bu axıntıda mən hardayam? – Çingiz
Xan

Biz nə görürüksə, Petya, o bizim
şüurumuzdadır. Ona görə də şüurun hardasa olduğunu söyləmək mümkün deyil. Biz
ona görə heç yerdəyik ki, bizim harda olduğumuzla əlaqədar deyə biləcəyimiz
başqa yer yoxdur. Bax ona görə də biz heç yerdəyik.
Təəssüratlarım: Bu dünya
realmıdır? Yoxsa bu sadəcə uşaqlıqdan etibarən bizə öyrədilən vizualizasiyadır?
Bax bu sualların cavabını verməyə çalışan bir kitabla qarşı-qarşıyayam. Əvvəlcə
Vikipediyada Çapayev şəxsiyyətini az-çox araşdırdım ki, bəs kitabda şura hökümətinin
qurulmasından bəhs ediləcək. Halbuki tam fərqli mənzərə ilə qarşılaşdım.
Kitabın süjeti ilə əlaqədar məlumat verdim. Qaldı ki, təəssüratlarıma, onu deyə
bilərəm ki, Pelevinin digər kitabları kimi bu kitabından da öyrəndiyim şeylər
çox oldu. Əlbəttə ki, sözün fəlsəfi mənasında.

İndiki ana aid olmayan şeylərlə
başınızı yormayın. Haqqında danışdığınız o gələcəyə hər şeydən əvvəl gedib
çatmaq lazımdır. Ola bilər ki, elə bir gələcəyə düşəsiz ki, orda heç bir
Furmanov olmasın. Ola da ilər ki, elə bir gələcəyə düşəsiz ki, orda siz
olmayasız.
Boşluq: Romanda boşluq
anlayışı çox vurğulanır. Elə mən də normal reaksiya olaraq bu anlayış haqqında
çox düşündüm. Məsələn, elə evlənməyin özü boşluğun doldurulmasıdır. Yaxud da,
biz Yer planetində yaşayırıq və bizə ən yaxın Ay var. Ayla yer arasında isə
boşluq. Biz su içirik. Su iki hidrogen bir oksigen atomlarının birləşməsindən əmələ
gəlir. Bəs o atomların arasında nə var? Elektronlar filan, amma bəs onların
arasında nə var? Boşluq? Ola bilər. İnsanların arasında necə boşluq var? Bax
budur sevgilinizlə yol gedirsiz. Aranızda müəyyən məsafə, başqa sözlə, boşluq
var. Notebookda yazı yazırıq və probeldən istifadə edirik. Probel boşluqdur. Boşluq
bizdən kənardadır yoxsa biz özümüz boşluğun içindəyik? Yada boşluq bizim
içimizdədir? Ən yaxşısı qoy sizə boşluq anlayışını yaxşıca izah edim. Diqqətlə
oxuyun: ----------------. Anladız?
İnsan
bəzi şeylərə görə bu qatara bənzəyir. O da hardan gəldiyi naməlum olan, qorxulu
və qara vaqonları özüylə bərabər daşımağa məhkumdur. Bütün bu təsadüfi ümid, şərh
və qorxulardan ibarət qəzaya da həyat adını veririk. Bu taledən can qurtarmağın
heç bir yolu yoxdur.

İnsanda gözəl ola biləcək hər bir
şey heç, kimə aid deyil. Ona görə ki, reallıqda heç o insanın özünə də aid
deyil.
Nəticə: Roman
Riçard Baxın İllüziyalar əsərini, Matrix filmini xatırladır. Bəlkə də
sadaladıqlarımdan da irəlidədir. Kiməsə görə roman reallıqdan bezən birisinin
sayıqlaması, kiməsə görə düşünmək üçün digər bir kitab, kiməsə görə beyin
masajı, kiməsə görə də maraqlı sitatlar kimi yadda qala bilər və hər birisi də
öz-özlüyündə haqlıdır. Mən isə vaxtımı gözəl keçirdim. Bu Pelevindir. Başqa cür ola da bilməzdi.
Kitabdan
sitatlar:
- Biz Yaponiyada dünyada ən yaxşı televizorlarını istehsal edirik. Buna baxmayaraq, biz başa düşürük ki, bu sadəcə ruhi kanalizasiyaya açılan balaca bir pəncərədir.
- Bütün bu dünya, Allah-taalanın öz-özünə danışdığı lətifədir. Yaddaşımız iddia eliyir ki, dünən mövcud olub, amma kim təminat verə bilər ki, bizim yaddaşımız, səhərin ilk şüaları ilə yaranmayıb.
- Qorxu həmişə sənin qorduğun şeyləri udur. Əgər sən heç nədən qorxmursansa, o zaman görünməz olursan. Ən yaxşı maskerovka biganəlikdir.
- Bilirsiz, Pyotr, kütlə ilə danışanda, danışdığınızı başa düşməyinizin heç bir mənası yoxdur. Vacib olan odur ki, onu başqaları başa düşsünlər. Sadəcə gözləniləni əks etdirməyi bacarmaq lazımdır. Bəziləri kütlənin danışdığı dili öyrənərək buna nail olurlar, mənsə birbaşa fəaliyyət göstərməyin tərəfdarıyam.
- Onu deməliyəm ki, mən ölməkdən qəti surətdə qorxmurdum; mənim vəziyyətimdə ölmək, mənasız teatr tamaşasından çıxmaq kimi məntiqli və təbii idi.) Mən şeirlər yazmıram və sevmirəm onları. Ümumiyyətlə, səmada ulduzlar olandan sonra sözlər nəyə lazım?
- Belə götürəndə Rusiya da gündoğan ölkədi. Ona görə ki, günəş onun üzərində axıra qədər çıxıb qurtara bilməyib.
- Şəfqətlə qalanmış tonqalın qarşısında oturub, haradansa köməyin gələcəyini gözləmək, bəyəm insan üçün normal bir şey deyil?
- Azadlıq birdir – insan, şüurun quraşdırdığı hər şeydən azad olduqda azadlıq olur. Bu azadlığın adı «bilmirəm»dir.
Comments
Post a Comment