Bernar Verber - Siklopun qəhqəhəsi
RUS: Бернар Вербер - Смех Циклопа

Bernar Verberdən oxuduğum bu dəfəki kitabı əməlli-başlı dedektiv əsəri imiş. Səmimi olsam, öncədən bunu bilsəydim, bəlkə də romanı mütaliə etməzdim. Dedektiv romanlara qarşı birmənalı deyiləm. Doğrudur, vaxtilə "Ölümün kimyası" və Con Verdonun "Ağlında bir rəqəm tut" kitabları mənə kifayət qədər təsir göstərmişdi və janra qarşı güclü həvəs yaratmışdı. Çingiz Abdullayevin əsərləri də siyasi dedektiv janrı baxımından dünyagörüşümü artırmışdı, amma yenə də bu janr mənə lazım olanları vermədiyinə görə (mənəvi qida və ehtiyaclar baxımından) və süjetin müəyyənliliyi sayəsində meylimi çəkməyən janrlar sırasında öz fəxri yerini tutmuş sayılır. Yenidən qayıtsaq Bernar Verberin "Siklopun qəhqəhəsi" romanına, onun sıravi dedektivlərdən fərqinin nə olduğunu vurğulamadan, təhlilin digər hissələrini inşaetmə prosesinə əlavə etməyin də bir mənası olmaz.

Deməzdim ki, Bernar Verberə uzun fasilədən sonra yenidən müraciət etmişəm. Bu baxımdan da hər hansı boşluq və ya keçid dövrünün təsiri məndə "Siklopun qəhqəsəsi"ni dəyərləndirməkdə obyektivliyi pozmur. Buna baxmayaraq, mən mental dissonanslar və tərəddüdlərlə qarşılaşdığımı da qeyd etməliyəm. Çünki, oxucu motivləri çox yaxşı başa düşür və təəssüflər olsun ki, hətta qatilin kim olduğu haqqında kristal təmizliyi dərəcəsində təsəvvürə sahiblənir. Bu məqam təbii ki, dedektiv janrının mahiyyətinə ziddir. Halbuki, Bütün bunlara rəğmən Verberin romanları həmişə oxuculara əsrarəngiz bilik aləmlərinə müxtəlif yeni künc-bucaqlardan giriş bileti təqdim edir. Ona görə də, heç vaxt Verberdən kitab oxumağıma peşman olmaram. Kiçik məyusluq, bir o qədər də ciddi şey deyil.

Aristofan, Terensiy, Plavt, Pable, Molyer, Bomarşe və Lafonten kimi şəxsiyyətlərin adını oxuduqca zəngin roman əsasları ilə qarşılaşırdım. Təqdim olunan məlumatların təhlili bizi bəşəriyyətin mədəniyyəti və tarixi ilə maraqlı dialoqa dəvət edir. Bir növ köhnə çərçivələrin və sərhədlərin genişləndirilməsi və ya yenidən qurulması üçün Verberin əsərləri, indiki halda "Siklopun qəhqəhəsi" böyük şansdır. Tematik dilemmaların olması və mərkəzi mistika təhrikedici süjetə səbəb olub. Sadəcə total müəyyənlik səhvi təcrübəli oxucuda konkret məyusluq verteksləri formalaşdırır. Romanın sonuna qədər bundan can qurtarmaq mümkün olmasa da, Verberdən 4 kitab oxumuş birisi kimi mən müəyyən şeylərə güzəştə gedə bilərdim. Yenə də tələbkar oxucu mövqeyimlə, təhlil obyektim arasında müəyyən balans qurmağa çalışdım. Əslində isə, əsər müasir yaradıcı yazıçılığın bütün tələblərinə artıqlaması ilə cavab verir. Təhlilimin kənaraqaçmalarının əsas səbəbi şəxsi intuisiyaya əsaslanır. Sanki, bir oxucudu kimi yazıçının nəyisə gizlətdiyini, nəyisə yarıda qoyduğunu və ya nəyəsə cəsarətinin çatmadığını hiss edirəm. Bu hissiyatın haradan, niyə görə və hansı məqsəd üçün gəldiyini söyləmək çox çətindir.
Mən digər oxucuların təəssüratlarını da bəzi sosial şəbəkələrin və kitab müzakirəsi saytları və forumlarının yardımı ilə oxumağa çalışdım. Maraqlı nəticələrlə qarşılaşdım. Bəzi oxucular romanı Keolyo və Den Braun üslubunun uğursuz qarışığı, heç də cəlbedici olmayan obraz yığını olan əsər, absurd süjetli macəra, darıxdırıcı alternativ tarix nümunəsi və banal mövzulu roman kimi qiymətləndiriblər. Bernar Verber həvəskarı kimi mən bu fikirlərin çoxusu ilə razılaşmasam da, niyə görə əsərin ürəyimcə olmadığını da qeyd etməyə yuxarıda az da olsa cəhd etmişəm. Odur ki, özümə görə faydalandığım məqamlar və darıxdığım yerləri ilə "Siklopun qəhqəhəsi"ni kifayət qədər yaxşı və yaddaqalan kitab kimi daima xatırlayacam.
Nəticədə, çox istərdim ki, Bernar Verberin kitablarını Azərbaycan oxucuları da öz doğma dilimizdə mükəmməl tərcümədə mütaliə etmək şansı əldə etsinlər. Təəssüflər olsun ki, ya məlumatsızlıq, ya da həvəssizlik səbəbindən Bernar Verber azərbaycanlı oxucuları üçün sadəcə yad fransız bir yazıçı statsundadır. Ölkəmizin rusdilli əhalisi isə bu yazıçının əsərlərini dada bilirlər. Hər bir halda, hansı dildə oxumağınızdan asılı olmayaraq Bernar Verber intellekt üçün ən eqzotik təamdır. Yazıçını tanımaq və romanlarını oxumaq dünyagörüşü üçün hədsiz dərəcədə faydalıdır.
Comments
Post a Comment